çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Deputatların yerinə niyə veteranlar oynayıb?

13.03.2018 11:34 Oxundu 2388

Deputat Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinin final oyununda veteran futbolçulardan yararlanmaq məsələsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. O, qeyd edib ki, oyun zamanı əsasən iki veteran futbolçudan istifadə olunub: “Onlar da müqavilə ilə Milli Məclisdə işləyirlər. Belə ki, müqavilə yolu ilə texniki işçi kimi parlamentdə işə götürüldüyündən həmin şəxslər Milli Məclisin kontingentinə daxil edilirlər. Mən oyun zamanı peşəkar futbolçu kimi Hüseyn Məhəmmədov və Musa Qurbanovu görmüşəm. Qalanları isə tanımıram. Açığı desəm, aparat işçilərini elə də yaxından tanımıram, ancaq parlamentdə texniki işçi kimi işlədiklərini görmüşəm. Əvvəlcədən də qarşı tərəfə məsələ bildirilərək siyahı təqdim olunmuşdu. Ukrayna tərəfində oynayanların da hamısı deputat deyildi. İçində keçmiş deputatlar və oyunçular da var idi. Belə oyunçular parlamentin aparatında müqavilə ilə işləyirlərsə, problem yaranmır.

Keçən dəfə Türkiyədə oynayanda da eyni heyət idi. Türkiyənin özü də siyahı barədə əvvəlcədən bizə bildirmişdi. Onların da hamısı deputatlar deyildi”.

F. Mustafa vurğulayıb ki, oyunların maraqlı olması üçün belə addım atılır: “Nəzərə alsaq ki, bu oyunlar xüsusi həlledici əhəmiyyət daşımır. Deputatlar peşəkar futbolçu deyillər. Böyük meydançada futbol oynamaq da elə asan məsələ deyil. Milli Məclisdə 7-8 deputat var ki, onlar futbol oynaya bilirlər. Bu heyətlə mini futbol oynamaq mümkündür. Ancaq böyük meydança olanda problem yaradır. 90 dəqiqə meydanda oynamağa hamının gücü çatmır. Buna görə də, müəyyən müddətdən sonra oyunçuların əvəzlənməsi məsələsi nəzərdə tutulur.

Ancaq prinsipcə mən konkret olaraq meydanda deputatların oynaması barədə razılığa gəlinməli olduğunu düşünürəm. O zaman bu formata mini futbol uyğun gəlir. Türkiyə parlametində 500 üzv var. Onlardan 11 nəfər üzvü meydana çıxartmaq mümkündür. Bizdə 125 nəfərin içindən qadın və yaşlıları çıxanda 7-8 nəfər futbol oynayan qalır. Ona görə də 7-8 nəfərlə mini futbol turnirlərini keçirmək doğru seçim olardı.

Final oyununda Ukraynadan gələn 3-4 nəfər aparat işçisi var idi ki, onlar peşəkar futbolçu idilər. Onların yaşı da 25-27 arası idi. Bizdə isə əsasən futbolçu yaşı 40-45 yaş arası idi. Onların sürəti ilə 40 yaşındakının sürəti eyni deyil”.Qafqazinfo