çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Artıq çempionluğun taleyi həll olunub” - Ağasəlim Mircavadov

16.03.2018 11:12 Oxundu 2647

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis gündəmdə olan əsas məsələləri dəyərləndirib.

- Topaz Premyer Liqada mövsümün başa çatmasına cəmi 8 tur qalıb. “Qarabağ”ın çempionluğu təmin etdiyini düşünmək olarmı?

- Bəli. Məncə, birinci yerin taleyi həll olunub. İndi 2, 3, 4-cü yerlər uğrunda mübarizə gedir. Maraqlıdır ki, “Qəbələ”, “Neftçi” və “Sumqayıt” həm də kubokda çıxışlarını davam etdirirlər. Ümumiyyətlə, fasilədən sonra oyunların çoxuna baxmışam. Səviyyə aşağı düşüb. Çempion məlumdur, 1-ci yer uğrunda mübarizədə intriqa yoxdur. 5-ci yerdən aşağıdakı klublar isə iddialarını tamamilə itiriblər. Çempionatın səviyyəsini qaldırmaq lazımdır. Yığmamızın uğur qazanmasını istəyiriksə, klubların sayı artırılmalıdır. Bu isə maliyyədən asılı olan məsələdir.

- Siz özünüz AFFA-da çalışırsınız. Yəqin ki, məlumatınız var. Yeni mövsümdən Premyer Liqada çıxış edən klubların sayının artırılması nə dərəcədə realdır?

- Düzdür, o-bu danışır ki, artıracaqlar, sayı 10-12 olacaq. Amma AFFA-da heç kimdən eşitməmişəm. Reallıqdan danışmaq lazımdır. Dünyanın heç bir yeri yoxdur ki, federasiya dövlət səviyyəsində həm yüksək, həm də birinci liqada komanda saxlasın. 10 il bundan qabaq klubların öz prezidentləri, gəlir yerləri, yaxşı oyunçular var idi. Futbol inkişaf edirdi. İndiki vəziyyət mənə də ağır gəlir. Amma bu vəziyyətdən çıxmaq olar. Bəziləri klubları düşünür, mən isə millini. Yığmaya futbolçular klublardan gəlir. Komandalar güclü olmalıdırlar ki, yığmamız da yaxşı oynasın.

- Millidən söz düşmüşkən, Qurban Qurbanov heyəti açıqladı. Kifayət qədər yeni adlar var...

- Millidə yeni futbolçular olmalıdır. Heyəti təkmilləşdirmək üçün bu, vacib amildir. Amma bir iş var ki, həmin yerli futbolçular öz üzərlərində işləməlidirlər. Onlara verilən şansdan maksimum istifadə etməlidirlər. Bizdə futbolçular özləri deyirlər ki, yığmaya hazıram. Bunu sözdə yox, işdə göstərmək lazımdır.

- Sizin üçün hansı futbolçunun çağırılmağı və ya çağırılmamağı gözlənilməz oldu?

- Hələ siyahıya tam baxmamışam. Amma kimi çağırıbsa, inanıb çağırıb. Yığmada rotasiya mütləq olmalıdır. Məşqçilər heyəti oyunlara baxıb seçim edirlər. Dəvət olunan futbolçulara inanmaq lazımdır ki, özlərini sübut etsinlər.

- Qarşıda Belarus və Makedoniya milliləri ilə iki yoldaşlıq oyunu var. Həmin qarşılamalardan nə gözləyirsiniz?

- Mən həmişə yoxlama oyunları ilə rəsmi görüşlər arasında fərq qoyuram. Bu cür matçlarda komandanın oyununu təkmilləşdirmək lazımdır. Futbolçular başa düşməlidirlər ki, bu matçlar onlar üçün də vacibdir. Yığmanın üzvü klubunda lider olmalıdır. Onlar məsuliyyəti dərk etməli, hər an hazır olmalıdırlar. Mart oyunları göstərməlidir ki, biz düzgün yoldayıq.

- Qurban Qurbanovun açıqladığı siyahıdan görünür ki, hər iki oyunu futbolçular baxımından sınaq xarakteri daşıyacaq...

- Bəli, oyunçular barəsində düşünsək, sınaq xarakteri daşıyacaq. Millətlər Liqasına hazırlaşırıqsa, bunları etməliyik. Yoxlama oyunları da olsa, nəticə qazanmaq lazımdır. Nəyin üzərində işləməli, hansı oyunu qurmalı olduğumuzu bilməliyik.

- Son vaxtlar millimizin üzvü Ramil Şeydayevin “Qarabağ”da qalıb-qalmaması məsələsi müzakirə olunur. Siz necə düşünürsünüz, Ramil Ağdam klubunda qalmalıdır, yoxsa oynaya biləcəyi başqa komandaya keçməlidir ? Mövsümün sonunda müqavilə ilə məxsus “Trabzonspor”a qayıtmaq variantı da var...

- Hər şey Ramilin özündən asılıdır. Bu yaşda bir uşaq oynamalıdır. Birinci, rəqabət aparmalıdır. Niyə alınıb-alınmadığını deyə bilmərəm. “Qarabağ”da qala da bilər, “Trabzonpor”a qayıtması da mümkündür. Hər bir futbolçu oynamaq istəyər.