çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Böyükağa Hacıyevin maraqlı sitatları

16.03.2018 15:10 Oxundu 3097

Yaşasaydı, gələn ay 60 yaşını qeyd edəcəkdi. Ancaq uzun sürən ağır xəstəlikdən sonra bu gün acı xəbəri gəldi.

Böyükağa Hacıyev təkcə Azərbaycan komandasını Avropa Liqasının qrup mərhələsinə daşıyan ilk məşqçi kimi xatırlanmayacaq. Mətbuat üçün daim maraqlı sima olan mərhum mütəxəssis bir çoxları kimi, sıradan, şablon sözlər işlətməzdi. Hər müsahibəsi böyük maraq doğurar, özünəməxsus yeni fikirlər səsləndirərdi.

Bunu nəzərə alıb, onun apasport.az saytına müsahibələri zamanı işlətdiyi maraqlı sitatları diqqətinizə çatdırırıq:

Çempionatın səviyyəsi haqda: “Belə çempionat olmaz, nə rəqabət var, nə maraq. Hamı bilir ki, “Qarabağ” çempion olacaq. Əgər “Qarabağ” istəməsə, qızıl medalı “Qəbələ” qazanacaq. Başqa üçüncü komanda varmı? Varsa, adını çəkin, mən də bilim”.

Məşqçilik haqda: “İranlıların yaxşı bir ifadəsi var: “Tacir malı satanda yox, alanda udur”. Məşqçi də o vaxt uğur qazanır ki, komandasını düzgün komplektləşdirir. Məşqçilər niyə istefadan qorxurlar? O məşqçilər ki, kreslodan ikiəlli yapışıblar ha, onları görəndə əsəbiləşirəm”.

Qurban Qurbanovun həm “Qarabağ”, həm millidə çalışması haqda: “Ya “Qarabağ”ın çempionluğundan əl çəkməlidi, ya da millidən. Bəzən 2 dovşanın arxasınca qaçırsan, ancaq axırda heç birini tuta bilmirsən. Ona görə də fikirləşmək lazımdı”.

Yığma komandalara yeni baş məşqçilərin təyinatı haqda: “Bir şeyi unutmayaq, hamı Qurban deyil, zəifi var, güclüsü var. Ağlınız sovet dövrünə getməsin. Valeri Lobanovski, Konstantin Beskov fərqli mütəxəssislər idilər. Bizdə isə iki oyun uduzan kimi, məşqçiyə “əlvida” deyirlər”.

“Neftçi”nin Tərlan Əhmədovun rəhbərliyi altında ardıcıl 3-cü qələbəsini qazanması haqda:“Bəli, “Neftçi” son 3 oyununda qalib gəlib. Tərlan mənim “şkola”mı keçib (gülür). Vaxtilə “Neftçi”də köməkçim olub”.

Məşqçilərin işsiz qalması haqda: “Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov və Böyükağa Hacıyev kimi mütəxəssislər Məşqçilər Komitəsində yer alıblar. Azərbaycanın qaymaqlarının, demək olar ki, hamısı qıraqdadı. Bunun nə vaxta kimi davam edəcəyini bilmirəm”.

“Neftçi”nin 4-cü yerə şansı haqda: “Neftçi” özünü öldürsə, uzağı 5-ci yeri tuta bilər”.

Son vaxlar az müsahibə verməsi haqda: “Özüm belə istəyirəm, küsdürməyiblər. Bəsdi də, danışdıq. Bu qədər deyirik, “baltalayırıq”, xeyri nədi? Məndən başqa ürəkli danışan kimdi ki? Deyin, əlimi qaldırım. Rəşad Sadıqov? Hə, düzdü, o deyər. Birgə işlədiyim futbolçu və məşqçilərə də ürəkli danışmağı öyrətmişəm. Amma onlar qorxaqdılar, kölgələrindən ürkürlər”.

“Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı məğlubiyyəti haqda: “Bu, məşqçinin zəifliyi idi. Eşitdim ki, həmin vaxt Vəli Qasımov xəstəxanada olub. Allah ona şəfa versin. Ürək ağrısı peşəkar məşqçi xəstəliyidi. Hansı məşqçinin ürəyi ağrımır ki? 0:8 hesabı o deməkdi ki, baş məşqçi yoxdu, hərə öz bildiyini edir. Mən o hesabla uduzsam, özümü stadionda asardım”.

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”nı keçə bilməməsi haqda: “Mənə elə gəlir ki, Qurban axırda əvəzetmələr etdi e, bax, onda oyun əldən getdi. Fikrimcə, “zamen”lərdə uduzduq”. Amma Qurbana heç vaxt günahkar demərəm”.

Avropa Liqasının püşkatmasından sonra “Neftçi” - “Baltsan” cütlüyü haqda: “Ay dədə... Bu da qəribə rəqiblə düşüb. Çox ağır məsələdi (gülür). “Neftçi” Malta klubunu keçməyə məcburdu, hökmən! “Neftçi”nin də bəxti gətirib. Mənim vaxtımda “Neftçi”nin qarşısına “Baltsan” çıxsaydı, darmadağın edərdim”.

Pərdis Fərcad-Azadın almaniyalı model Gina-Liza Lohfinks tərəfindən zorlamada günahlandırılması haqda: “Əgər Pərdis uşaqlığı ilə bu oyunlardan çıxırsa, inanın mənə, ona ağır olacaq. Həyatda belə yaşamaq olmaz. Mənim futbolçum belə bir hərəkət etsə, onu bir gün də komandada saxlamaram”.

“Qarabağ”ın vaxtından əvvəl çempionluğu haqda: “Təvazökarlıqdan uzaq olsun, mən onların belə asan çempion olmasına imkan verməzdim. Mən o vaxt bir kəlmə söz deyib, çəkilirdim qırağa, bütün aləm qarışırdı bir-birinə. İndi o yoxdu. “Qarabağ”ın aşkar dominantlığı o deməkdi ki, Azərbaycanda futbol çöküb”.

Futbol sirləri haqda: “Futbol sirlərimi heç kimə açmıram. Bu mənə aiddi. Sabah işlədərəm, effekt versə də, mənim adımdı, verməsə də”.

“İnter”in keçmiş baş məşqçisi Kaxaber Sxadadze haqda: “Kaxaber Sxadadzenin səviyyəsi bəlkə bizdən yuxarı idi, xəbərimiz yox idi. Sxadadzeni evdə də məğlub edirdim, eşikdə də. Onu müqəddəs varlıq eləmisiz. Bir o qalıb ki, qarşısında baş əyək. Demişdim ki, Sxadadze qapazaltımdı, belə də keçirəm sillələyirəm, elə də keçirəm sillələyirəm. Olsun Mirça Redniki, Mustafa Dənizlisi, Oğuz Çətini. Hansını məğlub etmirdim?. Mənə deyin görüm, Böyükağa Hacıyev milliyətcə kimdi? Azərbaycanlıdı. Və ya Qurban Qurbanov milliyətcə kimdi? O da azərbaycanlı. Bəs hardadı xarici məşqçilər? Bir Kaxa idi, o da getdi. Getməli idi, çünki artıq doymuşdu. Kaxaya Gürcüstan millisində uğurlar arzulayıram. O yazığa burda çox əziyyət verdim”.

Bəhmən Həsənovun özünü onunla müqayisə etməsi haqda: “Böyükağa Hacıyev “Neftçi”yə hər dəfə qayıdanda ən azı 2 titul qazanıb. Mənim qara qaşıma, qara gözümə aşiq olub “Neftçi”yə götürməyiblər ki. O ki qaldı Bəhmən Həsənova, o, mənim uğurlarımın 10 faizini qazansın, sonra özünü Böyükağa Hacıyevlə müqayisə etsin”.

Ölkə xaricində çalışmaq variantı haqda: “İranda işləmək çox ağırdı. Azərbaycandan qat-qat çətindi. Hətta Avropanın əksər ölkələrindən də. Amma igid oğul baxmaz dayısına, harda olsa qılınclayıb keçər”.

“Space” kanalında “Araz Naxçıvan” – “Neftçi” matçı ilə bağlı verdiyi açıqlama zamanı “15 il “Araz Naxçıvan”ın kapitanı olmuşam, bu komandaya qalib gələ bilməzdim” cümləsi haqda: “Mən sözümün ağasıyam. Sadəcə, məni sevməyənlər gözləyirlər ki, “uteçka” buraxım. Amma bilmirlər ki, mən “uteçka” buraxmaram. Mən cinayətkar deyiləm. Nə həyəcanlanmaq? Hüquqşünasdan çəkinəcəm? Mən “İnter”, “Rubin” və “Partizan”ın qarşısına komanda çıxaranda, heç gördünüz ki, həyəcanlanım? Qorxu hissindən azad adamam. Gecə saat 3-də də zəng edib ölümə çağırsanız, yenə gələrəm. 2012-ci ildə Moskvaya əməliyyat olunmağa gedəndə Əzrayılla salamlaşıb, qayıtmışam. Əlbəəl görüşdük, söz verdi ki, 66 yaşıma kimi mənə dəyməyəcək”.

“Neftçi”nin sabiq futbolçularından Vobayın qeyri-etik jesti, Kanalesin isə qol vurduqdan sonra formasını yerə atması haqda: “Əgər mənim vaxtımda belə şey olsaydı, hər ikisinin başında turp əkərdim”.

Sadıq Sadıqovun “Neftçi”dən ayrılması haqda: “Neftçi”yə bir də onun kimi prezident gəlməyəcək. Klubun yeni rəhbəri Çingiz Abdullayevə böyük hörmətim var. O, yaxşı detektiv əsərlər yazan bir insandı. Ancaq Çingiz Abdullayev futbol mütəxəssisi deyil. “Neftçi”də ikinci dəfə Sadıq Sadıqov kimi prezident olmayacaq”.

Millinin oyun tərzini “Qarabağ”a bənzətdikdən sonra Rəşad Sadıqovun narazılığını dilə gətirməsi haqda: “Rəşadın mənim açıqlamama cavabını eşitməmişəm, heç eşitmək fikrim də yoxdu. Kim öz ayranına turş deyib ki?”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun fəaliyyəti haqda: “Ona 1 ana, 4 bacı lazımdı ki, qabağına qoyub ağlasın. Qriqorçukun gətirdiyi futbolçuların heç birini bəyənmirəm. Görünən kəndə nə bələdçi? “Simurq” kubokda bu komandanı “sındırdı”.

Futbolçularımızın stabil formada qala bilməmələri haqda: “Bizim futbolçular tez “şişirlər”, bilirsiz niyə? Çünki bu, mentalitetdən irəli gəlir. Bizdə futbolçu 200-250 minlik müqavilə imzalayan kimi, həmən “inomarka”, bahalı telefon alır, bir də dar cins şalvar. Bununla da futbol qurtardı”.