cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan – Makedoniya: Kim necə oynadı?

28.03.2018 12:20 Oxundu 2977

Təlim-məşq toplanışı çərçivəsində Antalyada Makedoniya ilə yoldaşlıq görüşü keçirən Azərbaycan millisi qollu bərabərliyə (1:1) imza atıb.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun rəhbərliyi altında 3-cü matçına çıxan komandamız ilk dəfə ümid verən futbol sərgilədi.

Bir neçə gün əvvəl Belarusa qarşı Bakıda sönük çıxış edən millimiz bu dəfə nisbətən güclü rəqiblə daha yüksək tempdə oynadı. Təbii ki, futbolçuların həm bir-birilərinə, həm də yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdikləri aşkar görünürdü. Hiss olunur ki, baş məşqçi “Qarabağ”dakı kimi, yığmada da oyunçulardan topla çox oynamağı tələb edir.

Mövqelər üzrə nəzər yetirdikdə, müdafiə xəttinə xüsusi yer ayırmaq lazımdı. Arxa xətdəki futbolçular heç də etibarlı görünmürdülər. Amma ikinci hissədə öndə tətbiq edilən pressinq rəqibin irəli çıxmasına mane olurdu ki, bu da müdafiəçilərin işini xeyli asanlaşdırdı.

Ümumilikdə, ilk yarıdakı yüksək tempi fasilədən sonra görə bilmədik. Qapılar qarşısında təhlükəli vəziyyətlər də yaranmırdı. Bunda ikinci hissədə tez-tez edilən əvəzləmələrin rolu böyük oldu.

Futbolçuları fərdi şəkildə dəyərləndirdiyimiz zaman qapıçı və yarımmüdafiəçilərimizin matçı daha yaxşı keçirdiklərini söyləmək mümkündü.

Start heyəti

Kamran Ağayev – Əvəzedilməz “1 nömrə” olduğunu bir daha sübut etdi. Çərçivədə etibarlı idi. İlk yarıda iki real qolun qarşısını aldı. Amma ikinci hissədə qapısı qarşısında ciddi təhlükə yaşanmadı.

Ruslan Abışov – Müdafiədən oyun qurmaq, uzun ötürmələr vermək baxımından seçilirdi. Ancaq bir çox hallarda ləng davranması həm digər müdafiəçilərə, həm də qapıçıya başağrısı olurdu. Penalti epizodunda da topa reaksiya göstərməkdə gecikdi və nəticədə rəqib futbolçunu kobudluqla dayandırdı.

Maksim Medvedev – Müdafiənin mərkəzində müəyyən boşluqlar yaranırdı ki, bunda Abışov qədər onun da günahı var idi. Digər tərəfdən, Ruslandan fərqli, arxadan oyun qura bilmirdi. Rahil Məmmədov meydana daxil olduqdan sonra son 15 dəqiqəni doğma sağ cinahda keçirdi.

Tural Axundov – Matçın əvvəlindən sona qədər həyəcanı boğa bilmədi. Artıq 8-ci dəqiqədəki səhvi az qala qolla nəticələnəcəkdi. Yanlış ötürmələri makedoniyalıara təhlükəli əks-hücumlar imkanı verirdi. Komanda yoldaşlarını başa düşə bilmirdi. Bunun fonunda iki epizodda özünü zərbənin qarşısına atmasını da qeyd etmək lazımdı. Amma ümumilikdə meydanın ən zəiflərindən biri, bəlkə də, birincisi idi.

Ürfan Abbasov – Rəqib onun cinahından hücuma çox keçmirdi. Ancaq təkbətək mübarizələrdə o qədər də etibarlı görünmürdü. Ən ciddi nöqsanı komandamız hücuma atılanda irəli çıxmağa gecikməsi idi.

Qara Qarayev – Matça yaxşı qoşulmadı, dağıdıcılıq funksiyasının öhdəsindən gələ bilmirdi. Ancaq ilk hissənin sonlarına yaxın toparlandı. İkinci yarıda isə meydanda daha rahat idi və bu, faydalı iş əmsalını artırdı. Fasilədən sonrakı oyununu yüksək dəyərləndirmək olar.

Riçard Almeyda – Şübhəsiz ki, komandanın ən yaxşısı idi. Həm müdafiəyə, həm də hücuma lazımi dəstəyi verir, dirijorluq vəzifəsini uğurla yerinə yetirirdi. Hətta rəqib oyunçularının pressinq etdiyi vaxtda da çətin vəziyyətdən çıxa, komandanın hücumunu başlada bilirdi.

Dmitri Nazarov – İlk yarım saatı yarımmüdafiənin mərkəzində boş-boşuna qaçmaqla məşğul idi. Amma fasilə ərəfəsində iki epizodda ustalığını ortaya qoydu. Həmin anlarda komandanın təhlükəli hücumunda baş rolu ifa etməklə, əsl pleymeykerlik bacarığını nümayiş etdirdi. 58-ci dəqiqədə yüz faizlik qol şansını əldən verdi və dərhal əvəzləndi.

Araz Abdullayev – Sağ cinahdan qurulan hər hücumda cərimə meydanına ötürmə verməyi bacarırdı. Amma nədənsə, bir dəfə də olsun mərkəzə doğru hərəkət edib qapıya zərbə vurmağa ehtiyac duymurdu. Sanki sol ayağına “istirahət vermişdi”. Bəzi epizodlarda müdafiəyə kömək etməyə gecikirdi ki, bu da arxasındakı Tural Axundovu çətin vəziyyətə salırdı.

Namiq Ələsgərov – İlk dəqiqələrdə komandamıza penalti qazandırdı. Sol cinahda hərəkətli idi, həm topla, həm də topsuz çox qaçırdı. Topu qəbul etdiyi zaman rəqibə həyəcanlı anlar yaşatmağı bacarırdı. Arazdan fərqli, mərkəzə meyllənməkdən çəkinmirdi, özünü zərbə mövqeyinə çıxara bilirdi. Bir sözlə, millimizin ən yaxşılarından biri idi.

Amil Yunanov – İrəlidə fəallığı ilə diqqət çəkirdi. Pressinqi ilə rəqib müdafiəçilərinin geridə topla rahat oynamalarına imkan vermirdi. Amma onun ifasında rəqibə həyəcan yaşadan, qapıya zərbələr vuran hücumçu görmədik. Bunda Dmitri Nazarov başda olmaqla, Yunanovu topla az təmin edən yarımmüdafiəçilərin də günahı var idi. 58-ci dəqiqədə ideal ötürmə ilə yadda qalsa da, Nazarov bundan yararlana bilmədi.

Meydana sonradan daxil olanlar

Cavid İmamverdiyev – Son 30 dəqiqədə şans qazansa da, heç nə ilə yadda qalmadı.

Ruslan Qurbanov – İmamverdiyevlə eyni vaxtda meydanda daxil olan Qurbanov topu ayağında çox saxlayıb itirməklə məşğul olurdu. Təkbaşına nəsə etmək istəyirdi ki, müdafiəçilər üçün onun qarşısını almaq çətin olmurdu.

Rəhman Hacıyev – Məşqçilər korpusu son 20 dəqiqədə Rəhmana özünü göstərmək imkanı verdi. Ancaq o, Namiq Ələsgərov qədər təhlükəli ola bilmirdi.

Rahil Məmmədov – Meydanda olduğu 15 dəqiqədə bir sarı vərəqə almaqla yadda qaldı. Həyəcanlı görünürdü. Buna görə gənc müdafiəçini qınamaq doğru olmaz.

Rəşad Eyubov – 78-ci dəqiqədə Almeydanı əvəzləyən Eyubov orta sahədə hərəkətliliyi ilə canlanma yaratmağa çalışdı.

Emin Mahmudov – Matça əlavə edilmiş 4 dəqiqədə meydanda oldu ki, bu müddətdə əlahiddə nəsə edə bilməzdi.