cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Bu gün "Bavariya" və "Real Madrid" komandaları qarşılaşacaq

25.04.2018 09:18 Oxundu 2513

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin daha bir ilk oyunu keçiriləcək. Turnirin son qalibi İspaniyanın "Real Madrid” komandası Almaniyada "Bavariya”nın qonağı olacaq.

Bu kollektivlər avrokuboklarda rekord sayda – 25-ci dəfə üz-üzə gələcəklər. Madridlilər ötən mövsüm 1/4 finalda məhz münhenliləri mübarizədən kənarlaşdırıblar.

"Bavariya” Yupp Haynkesin rəhbərliyi altında 3 dəfə ÇL-də çıxış edib və hamısında da finala yüksəlib. "Real Madrid” isə Zinəddin Zidanın baş məşqçiliyində ardıcıl 3-cü dəfə yarışın qalibi olmağı hədəfləyib.

2013-cü ildə "Bavariya” ilə ÇL-i qazanan Haynkes, 1998-ci ildə "Real Madrid”in baş məşqçisi qismində də anoloji uğura imza atıb.

"Bavariya”dan Arturo Vidal ilə Kinqlsi Koman zədə üzündə meydana çıxa bilməyəcəklər. Manuel Noyer, David Alaba və Korenten Tolissonun durumu isə sual altındadır. "Real Madrid”də yalnız Naçonun oynayıb-oynamayacağı dəqiq bilinmir.

Çempionlar Liqası

Yarımfinal, ilk oyun

25 aprel

22:45. "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya)

Baş hakim: Byörn Keypers (Hollandiya)

Qeyd edək ki, digər ilk yarımfinal görüşündə "Liverpul" İngiltərədə İtaliya "Roma"sını darmadağın edib - 5:2.

Report