cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Bura Ronaldonu gətirə bilmirik” - “Qarabağ”ın müdafiəçisi

07.05.2018 11:02 Oxundu 1613

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Neftçi” ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komanda nəyə görə bu oyunda məğlub oldu?

- Bu oyuna yaxşı hazırlaşmışdıq. Biz hər oyunda qalib gəlmək istəyirik. İstəyimiz də çox idi. Amma rəqibin istəyi bizi üstələdi. Öz səhvimizdən qol buraxdıq. Ümumiyyətlə, oyunumuz da alınmırdı. Hiss olunurdu ki, mövsümün sonlarıdı. Sanki bir az arxayınlıq da var idi. Ona görə də bəzi şeylər bizdə alınmadı. “Keşlə” və “Qəbələ” ilə oyunlarımız qalıb. Çalışacağıq ki, daha yaxşı oynayaq. Səhvlərimizi təkrarlamamağa çalışaraq, yaxşı nəticə qazanmağa can atacağıq.

- Səncə, bu hesab müəyyən söz-söhbətlərə gətirib çıxaracaq?

- Hansı söhbətlərə?

- “Neftçi”yə xal daha çox lazım idi...

- Bununla deyil ki. “Zirə” ilə də oynadıq, sona qədər. “Neftçi” ilə görüşdə isə qol imkanlarımızdan istifadə edə bilmədik. Fikrimcə, oyun baxımından yaxşı oynadıq, istək isə “Neftçi”də yaxşı idi.

- Hücumçularınız niyə fərqlənə bilmədi?

- Həm hücumçularımızda, həm də yarımmüdafiəçilirmizdə qol vurmaq şansı var idi. Sadəcə, alınmadı, son nöqtəni qoya bilmədik. Son nöqtəni qoya bilsəydik, “Neftçi”yə 3-4 qol vura bilərdik.

- Coşqun Diniyevin etdiyi səhv haqda nə deyəcəksən?

- Belə səhvlər olur da. “Real”ın oyununda da belə səhv olmuşdu, Kərim Benzema belə qol vurmuşdu. Futboldu da, böyük komandalarda da belə şeylər olur. Əsas odu ki, həmin səhvdən sonra sınmayasan, oyuna davam edə biləsən. Çalışasan ki, səhvi düzəldəsən.

- Fasilədə Coşqun Diniyev həmin epizoddakı səhvi necə izah etdi?

- Coşqun elə bir şey demədi. Futboldu da, olur belə şeylər. Baş məşqçimiz ona pis mənada bir söz demədi, irad bildirmədi. Sadəcə, gördü ki, Coşqun psixoloji cəhətdən düşüb və belədə qərara gəldi ki, meydana buraxmasın. Onun yerinə Qara Qarayevi buraxdı.

- Bəlkə futbolçular yavaş-yavaş Çempionlar Liqasını düşünməyə başlayıb...

- Ola bilər də. Çempionatda qalib gəlmişik. Fikrimiz bu dəqiqə Çempionlar Liqasındadı. Ancaq bu oyunlara da məsuliyyətsiz yanaşa bilmərik. Çünki biz peşəkarıq, sona qədər mübarizə aparmalıyıq, üstəlik performansımız da yüksəlməlidi.

- Riçard Almeyda və Rəşad Sadıqov meydanda yox idi. Doğrudanmı bu iki futbolçu “Qarabağ” üçün böyük əhəmiyyət kəsb edir?

- Bu cür təcrübəli oyunçular meydanda olmayanda bir az çətinliklər olur. Oyunu ələ almaq lazım olur. Amma onlar yox idi. Taktiki dəyişikliklər də oldu. Bəzi epizodlarda oyunçular da bir-birini başa düşmürdü. Onlar olsaydı, daha yaxşı olardı. Hamı istəyərdi ki, onlar meydanda olsun. Onların yerinə meydanda olanların da mübarizə apardıqlarını düşünürəm.

- Çempionlar Liqasında uğurlu çıxış etmək üçün səviyyəli forvardlar lazımdı “Qarabağ”a?

- Əlbəttə ki, Çempionlar Liqasında yaxşı çıxış etmək üçün hər bir komandaya yaxşı futbolçular lazımdı. Amma unutmayaq ki, hər bir klubun öz büdcəsi var. Axı biz bura Kriştiano Ronaldonu gətirə bilmirik. Çünki bahalı futbolçudu. Komandanın istədiyi futbolçular da bura gəlməyə razılıq vermir. Çünki baxırlar ki, çempionatda cəmi 8 komanda var. Görürlər ki, “Qarabağ”dı bir dənə Çempionlar Liqasında oynayan. Ona görə də bura futbolçu gətirmək çətin olur. Komanda istəyərdi ki, buraya büdcəsinə uyğun çox futbolçu gətirsin. Ehtiyacımız var, hər bir mövqeyə. Nəinki hücumda hər bir mövqedə. Çünki bu il bir çox futbolçunun müqaviləsi də başa çatır. Necə olacaq, hansı oyunçular gedəcək, hansılar qalacaq, sual altındadı bu məsələ. Hazırda baş məşqçimiz bu problemi həll edir.