çərşənbə axşamı, 11 dekabr 2018

Menu

çərşənbə axşamı, 11 dekabr 2018

MÜSAHIBƏ

“...dünyanın ən axırıncı insanı olaram” - Samir Abasov

07.05.2018 11:25

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun apasport.az saytına müsahibəsi

- “Sumqayıt”dan yeni 2 illik müqavilə təklifi almısınız. Münasibətləri nə vaxt rəsmiləşdirəcəksiniz?

- Bəli, klub rəhbərliyi ilə bu barədə söhbətimiz oldu, onlar daha iki il qalmağımızı istədilər. Bütün diqqətimizi qarşıdakı çempionat oyunlarına yönəltdiyimizdən, bir qədər gözləmələrini xahiş etdim. Amma qalmaq niyyətindəyik. Komandamızın cari mövsümdəki nəticəsindən də çox şey asılı olacaq.

- Yəni avrokuboka gedib-getməməyinizin qərarınıza təsiri olacaqmı?

- Ola da bilər, olmaya da. İndi bütün fikrimiz oyunlardadı. Düşdüyümüz durumu özünüz də görürsünüz. Klubun strategiyası, inkişaf metodu barədə danışmaq üçün günlər lazımdı. Belə vəziyyətdə buna vaxt itirmək istəmirəm. Sadəcə, rəhbərliklə ilkin razılığa gəlmişik. Demişəm ki, iki oyundan sonra klubumla yeni müqavilə bağlamağa hazıram və çox güman ki, bu baş verəcək.

- Bilirik ki, Samir Abasov maaş söhbəti edən adam deyil. Əsas tələbləriniz nələrdi?

- Əgər rəhbərliyə “yeni müqavilə üçün filan qədər maaş istəyirəm”, demişəmsə, dünyanın ən axırıncı insanı olaram. İki ildən çoxdu bu klubdayam. Televiziyalarda gecə-gündüz mənim maaşım müzakirə olunanda bunu vecimə almırdım. Cavan futbolçulara necə deyirlərsə ki, pul haqda düşünmə, mən də ancaq yaxşı işləmək barədə fikirləşirəm. Sadəcə, rəhbərliyin gələcəklə bağlı hədəfləri, planları önəmlidi. Sən də bilməlisən ki, bunun öhdəsindən gələ biləcəksən, ya yox. Çünki burda şəhərin adı gedir. Bunları da müzakirə etmək üçün günlər lazımdı. Buna isə hələ vaxtım yoxdu. İndi yalnız məşqləri, növbəti oyunu düşünürəm. Komandama da demişəm ki, mənimlə bağlı heç bir problem olmayacaq, qalmaq istəyirəm.

- Yəqin ki, əcnəbi futbolçu ilə bağlı tələbləriniz də olub...

- Bu da uzun-uzadı danışılası məsələdi. Bəli, əcnəbilərin alınması barədə də söhbətimiz olub. Mən də, klubum da avrokuboklara vəsiqə qazanacağımız təqdirdə, əcnəbi transferlərinin tərəfdarıyıq. Yəni Avropa Liqasına adlasaq, klubda çox şey dəyişə bilər. İndi dəqiq bir söz deyə bilmirəm. Bütün bunlara mayın 20-dən sonra aydınlıq gələcək.

- Avropa Liqasına vəsiqədən söz düşmüşkən, sizi “Qəbələ” və “Zirə” ilə görüşlər gözləyir. Bunun öhdəsindən gəlmək çətin olmayacaq?

- Yadınıza gəlirsə, ötən mövsüm də bir qığılcım var idi, 4-cü yerə şans yaranmışdı. Son turlarda “Zirə”, “Qarabağ” və “Qəbələ” ilə qarşılaşırdıq. Rəqiblərimizin “Kəpəz”, “Səbail”lə oyunu qalıbsa, biz yenə “Qəbələ” və “Zirə” ilə üz-üzə gələcəyik. Hələ heç nə itirməmişik. Bu vaxta kimi adlarını çəkdiyim klublarla oynamışıq. Sadəcə, reallıq odu ki, təzyiqdən çıxmaqda çətinlik çəkirik. Oyun baxımından heç bir problemimiz yoxdu, kifayət qədər qol imkanları əldə edirik. Elə “Səbail”lə matçda 20-ci dəqiqədə artıq 3:0 hesabı ilə öndə olmalı idik. Yekunda isə uduzduq. Digər tərəfdən, hər mövqedə bir futbolçunun olması ciddi problem yaradır. Bunu da başa düşmək olar. Çünki mövsümə başlayanda, avrokubokla bağlı hədəf olmayıb. Beşincilik ən yaxşı yer sayılırdı. Məsələn, bir hücumçun, bir cinah müdafiəçin var. Onların da oyunu alınmayanda, vəziyyəti dəyişmək çətinləşir. Futbolçuları da başa düşmək olar. İlboyu yorğunluq, digər tərəfdən, ömür boyu görmədikləri təzyiqlər belə sonluğa gətirib çıxarır. Məsuliyyəti boynumuzdan atmaq istəmirəm. Amma oyunçular da özlərini cilovlayıb, qarşıdakı matçlardan üzüağ çıxmalıdılar. Biz isə buna sadəcə, vasitəçi, kömək ola bilərik. İnşallah, bunu da edəcəm. Bir daha təkrar edirəm, “Səbail”lə, “Kəpəz”lə görüşlərdə nə qədər qol şanslarımız oldu. Bundan yararlana bilməyəndə də özümüzü təşvişə salırıq.

- Sizinlə müqayisədə “Neftçi”nin təqvimi daha rahatdı. Ancaq şəxsi oyunlarda bu komandadan üstünsünüz. Demək olarmı ki, hər şey öz əlinizdədi?

- Doğrudu, hər şey öz əlimizdədi. “Qəbələ” və “Zirə” ilə matçlarda maksimum nəticə göstərsək, “Neftçi”nin və digərlərinin nə etmələrinin bir önəmi qalmır. Sadəcə, indi elə vəziyyətdi ki, özünün xal itirməyin bir stress gətirir, rəqibin xal alması başqa bir həyəcandı. Bütün bunlar təzyiq yaradır. Bunu futbolçular üçün deyirəm. Özüm futbolçu olanda belə hallarla çox üzləşmişəm. Son turda çempion olmağımız da yadıma gəlir. Mənim üçün adi hal ola bilər. Futbolçuların fiziki cəhətdən yorulduqlarını da deyə bilmərəm. “Kəpəz”lə Gəncədəki görüşün 86-cı dəqiqəsində qol vurduq. “Səbail”lə matçın sonlarında fərqi azaltdıq və kifayət qədər qol şansı qaçırdıq. Yorulan komanda bunu edə bilməz. Sadəcə, uşaqların beyni çox dolub, yüklənib. Bu yükü də beyinlərindən özləri azad etməlidilər. Onlara bunda kömək olmaq üçün əlimizdən gələni edəcəyik.

Oxundu: 1028

© 2018 - NSPSOLUTIONS