cümə, 19 aprel 2024

MÜSAHİBƏ

"Qarabağ"a hörmətim böyükdü, ancaq... - Pedro Enrike

09.05.2018 14:22 Oxundu 3613

"Qarabağ"da icarə əsasında çıxış edən Pedro Enrike Yunanıstanın media qurumlarından - "Metrosport"a müsahibə verib.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu Ağdam klubunda qalıb-qalmayacağı ilə bağlı yekun qərara gəlmədiyini bildirib:

- PAOK azarkeşlərinə nəsə demək istəyərdin?

- İmkanım olsa, Yunanıstan kubokunun finalını izləmək istəyərdim. “Qarabağ”la hələ daha bir neçə matça çıxmalıyam, sonra isə ailəmlə birlikdə tətil üçün Braziliyaya getməyi planlaşdırıram. Həm PAOK-u, həm də azarkeşlərini çox sevirəm. Onların qəlbimdəki yeri başqadı. Tətildən sonra geri dönüb-dönməyəcəyimi dəqiq biləcəm. PAOK-la müqaviləm var, odu ki, yenidən PAOK üçün oynamaq şansı əldə etmək gözəl olardı.

- “Qarabağ”la ölkə çempionu oldunuz. Bu haqda düşüncələrin...

- Çox xoşbəxtəm. Bu, mənim üçün çox önəmli idi. Çempionlar Liqasında oynamaq və təbii ki, titul qazanmaq üçün “Qarabağ”a keçmişdim. Komandam və komanda yoldaşlarım adına da çox sevinirəm. “Qarabağ” növbəti mövsümdə də Avropada – Çempionlar Liqası olsun və ya Avropa Liqası, uğurlu çıxış etməyi hədəfləyir.

- “Qarabağ”ı seçməklə, düzgün addım atmısan?

- Məsələ səhv-düz məsələsi deyil. Bacarıqlarıma, oynadığım futbola yaxşı bələdəm. PAOK-da qalsaydım da, ən yaxşı oyunumu ortaya qoyardım. PAOK Avropa Liqası ilə erkən vidalaşdı və “transfer pəncərəsi”nin son həftəsində “Qarabağ”dan təklif aldım. PAOK-da mənim vəziyyətimdə olan çoxlu oyunçu var idi. Hamısı üçün çətin idi. Nəticədə, “Qarabağ”a keçmək qərarına gəldim.

- Gələcəyinlə bağlı nə deyə bilərsən? PAOK-la “Qarabağ” arasında danışıqlar gedirmi?

- Bu, mənim işim deyil. Məsələ “Qarabağ”la PAOK arasındadı. Tətildən sonra Salonikiyə gedəcəm və PAOK-la birlikdə gələcəyimə dair nələr edə biləcəyimizi müzakirə edəcəyik. “Qarabağ”a hörmətim böyükdü, ancaq PAOK-la müqaviləm var.