çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Bu gün Avropa Liqasının final matçı keçiriləcək

16.05.2018 09:13 Oxundu 1566

Bu gün Fransanın Lion şəhərində futbol üzrə Avropa Liqasının final matçı keçiriləcək. Qitənin ikinci ən nüfuzlu klub turnirinin qalibi adı uğrunda Fransanın “Marsel” və İspaniyanın “Atletiko” komandaları üz-üzə gələcəklər.

Madridlilər 2010 və 2012-ci illərdə turnirin qalibi olduqları halda, marsellilər 1999 və 2004-cü illərdə həlledici görüşlərdə uduzublar. Ümumiyyətlə, hər iki kollektiv yetərincə avrokubok təcrübəsinə malikdir.

“Marsel” indiyədək 5 dəfə avrokuboklarda finalçı olub və bunlardan 2-də qalib gəlib. Fransa təmsilçisi 1993-cü ildə Çempionlar Liqasında (ÇL) İtaliya “Milan”ını (1:0), 2005-ci ildə isə İntertoto Kubokunda İspaniyanın “Deportivo” komandasını məğlub edib (0:2, 5:1).

“Atletiko” tarixi ərzində ikinci dəfə Lionda final oyununa çıxacaq. 1986-cı ildə Kuboklar Kubokunun həlledici qarşılaşmasında Kiyev “Dinamo”suna uduzan (0:3) ispanlar indiyə qədər 12 dəfə avrokuboklarda finalda iştirak ediblər və bunlardan 6-da qalib gəliblər. Madrid təmsilçisi 1962-ci ildə Kuboklar Kubokunda İtaliyanın “Fiorentina” komandasını (3:0), 2007-ci ildə isə İntertoto Kubokunda Rumıniya “Qloriya”sını (2:2, səfər qolu sayəsində) məğlub edib.

2010 və 2012-ci illərdə Avropa Liqasının qalibi kimi UEFA Superkuboku uğrundan görüşə çıxan “Atletiko” hər iki görüşdə güclü tərəf olub. İspanlar müvafiq olaraq, İtaliya “İnter”i (2:0) ilə İngiltərə təmsilçisi “Çelsi”ni məğlub ediblər (4:1).

“Marsel” və “Atletiko” fərqli yollarla finaladək irəliləyiblər. Marsellilər başlanğıcıdan bu turnirdə mübarizə apardıqları halda, “Atletiko” ÇL-in qrup mərhələsində “Qarabağ”la görüşlərdə xal itirdiyi üçün (0:0, 1:1) 3-cü yerin sahibi kimi mübarizəni Avropa Liqasında davam etdirməli olub.

“Atletiko” La Liqada mövsümün başa çatmasına bir tur qalmış 78 xalla 2-ci pillədə qərarlaşıb və ÇL-ə vəsiqəni təmin edib. “Marsel” isə 37 turdan sonra 74 xalla 4-cü pillədə qərarlaşıb və ÇL-ə vəsiqə verən 3-cü sıradakı “Lion”dan 1 xal geri qalır.(Report)

Final

16 may

22:45. “Marsel” (Fransa) – “Atletiko” (İspaniya)

Baş hakimi: Byörn Keypers (Hollandiya)

Lion. Stad-de-Lion