çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

"Atletiko"nun müdafiəçisi: "Qarabağ"la oyunlardakı heç-heçələr bizə Avroliqaya keçid bahasına başa gəldi"

19.05.2018 10:30 Oxundu 1590

"Çempionlar Liqasından kənarda qalmağımız hamımız üçün həqiqətən də böyük sürpriz idi".

Bunu Avropa Liqasının qalibi olan İspaniya "Atletiko"sunun futbolçusu Stefan Saviç deyib. 27 yaşlı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" komandası ilə oyunlarda etdikləri heç-heçələri xatırladıb: "Həmin dövrdə biz pis vəziyyətdə idik. "Qarabağ"ı hər iki görüşdə yenə bilməmişdik. Bundan sonra Avropa Liqasında oynamaq kədərli görünürdü. Lakin sonda hamımız topalanaraq, finala yüksəldikdə, bunun nə olduğunu gördük. Çempionlar Liqasının 1/8 final və ya 1/4 final mərhələlərində oynamaqdansa, Avroliqanın qalibi olmaq bəlkə də daha yaxşıdır".

Monteneqrolu oyunçunun fikrincə, "Atletiko" qrupdan çıxmağa layiq olub: "Bu, İngiltərənin "Çelsi" və xüsusən, İtaliyanın "Roma" komandası ilə hər iki oyunda özünü büruzə verdi. Hər iki komandadan üstün idik. Lakin "Qarabağ"la görüşlər bizə Avroliqaya keçid bahasına başa gəldi. Fikrimcə, gələn mövsüm biz Avropa futbolunun ən yüksək zirvəsinə qayıdacaq və klub muzeyini doldurmaqda davam edəcəyik".

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasında C qrupunu 7 xalla 3-cü pillədə başa vurub. "Qarabağ"la Bakıda 0:0, Madriddə 1:1 hesablı heç-heçə edən İspaniya klubu mübarizəni Avropa Liqasında davam etdirməli olub. Avroliqanın finalınadək yüksələn Madrid təmsilçisi həlledici görüşdə Fransa "Marsel"inə 3:0 hesabı ilə qalib gələrək, üçüncü dəfə yarışın qalibi olub.

Stefan Saviç "Qarabağ"la Bakı Olimpiya Stadionundakı görüşdə meydana çıxmayıb. "Metropolitano" stadionundakı oyunda isə o, 88-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.