çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Neftçi"nin kapitanı: "Yolumuza Tərlan Əhmədovla davam etmək istərdik"

21.05.2018 10:59 Oxundu 1597

"Mövsümün əvvəllərində çətin günlər keçirdik. Amma nəticə olaraq, bizim üçün hər şey yaxşı qurtardı. Baş məşqçimiz, rəhbərlik və futbolçular vəziyyətdən çıxmaq üçün birləşdilər. Nəhayət, üçüncü yeri tutduq".

Bunu "Neftçi" komandasının futbolçusu Ruslan Abışov Gəncədə "Kəpəz"i 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib. Flaqmanın kapitanı bildirib ki, hazırkı vəziyyətdə bürünc medal da yaxşı nəticədir: "Baxmayaraq ki, iddialı komandalar arasında olmaq istəmişik. Amma çətin vəziyyətdə bu da bizim üçün yaxşı nəticədir".

Avropa Liqasında "Neftçi" və ölkə adına layiqincə çıxış etməyə çalışacaqları deyən Abışov hazırkı baş məşqçi Tərlan Əhmədovla yola davam etmək istədiklərini vurğulayıb: "Sözsüz ki, uğurlu nəticələr Tərlan Əhmədovun təyinatından sonra gəlməyə başladı. Bu, göz qabağındadır. Futbolçu olaraq, baş məşqçimizə dəstəyik. Əlbəttə, komanda güclənməlidir. Yəqin ki, rəhbərlik və baş məşqçimiz bu yöndə müəyyən müzakirələr aparacaq. Avroliqada layiqincə çıxış etmək üçün komandada səviyyəli yerli və əcnəbi futbolçular cəlb edilsəydi, daha yaxşı olardı. Hazırkı baş məşqçimizlə yola davam etmək istərdik".

Qeyd edək ki, Tərlan Əhmədovun "Neftçi" ilə müqaviləsi mayın 31-də başa çatacaq. Klub 47 yaşlı mütəxəssisə hələlik yeni müqavilə təklif etməyib. Report