çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda - “Qarabağ” nə vaxt başlayır?

21.05.2018 15:08 Oxundu 1829

2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa oynayacaq 26 komandanın hamısı bəlli olub.

Son vəsiqəni dünən “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək A seriyasında 4-cü yeri təmin edən “İnter” qazanıb. Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfə qitənin ən ali klub yarışına qatalacaq.

2018/19 mövsümündə ÇL-in qrupunda birbaşa oynayacaq komandalar:

İspaniya: "Barselona"*, "Atletiko", "Real", "Valensiya"

Almaniya: "Bavariya"*, "Şalke-04", "Hoffenhaym", "Borussiya" (Dortmund)

İngiltərə: "Mançester Siti"*, "Mançester Yunayted", "Tottenhem", "Liverpul"

İtaliya: "Yuventus"*, "Napoli", "Roma", "İnter"

Fransa: "Pari Sen-Jermen"*, "Monako", "Lion"

Rusiya: "Lokomotiv"*, SSKA

Portuqaliya: "Portu"

Ukrayna: "Şaxtyor"

Belçika: "Brügge"

Turkiyə: "Qalatasaray"

Çexiya: "Viktoriya"

Adlarının qarşısında ulduz qeyd olunan komandalar püşk zamanı birinci səbətdə yer alacaqlar.

Niyə Çexiya?

2016-cı ildə Çempionlar Liqasının 2018/19, 2019/20 və 2020/21 mövsümü üçün yeni formatı təsdiq edilib. Reytinqdə ən yüksək yer tutan ilk dörd ölkənin ən güclü dörd komandası birbaşa ÇL-in qrupunda oynamaq hüququ əldə edir. Yeni mövsümdən bu hüququ İspaniya, Almaniya, İngiltərə və İtaliya əldə edib.

Yeni qaydalardan sonra Avropa Liqasının qalibi də ÇL-in qrupunda oynaya biləcək. Əvvəllər isə bu komanda pley-off mərhələsində çıxış edirdi.

UEFA-nın saytı yazır ki, AL-in hazırkı qalibi “Atletiko” eyni zamanda İspaniya çempionatında ikinci yeri tutmaqla da ÇL-ə vəsiqəni təmin etdiyindən bu vəsiqələrdən biri reytinqinə görə beşinci olan assosiasiyaya (indiki halda Fransaya) verilir.

ÇL-in bu mövsümkü qalibi də yeni mövsümdən yarışın qrupunda birbaşa oynamaq hüququ qazanacaq. Öz ölkəsinin liqasında tutduğu yerlə artıq ÇL-ə vəsiqəni təmin edən “Real” və “Liverpul”un cari mövsümün finalında da üz-üzə gəldiyini nəzərə alsaq, indiki qalibin vəsiqəsi hazırda reytinqinə görə UEFA-da 11-ci yeri tutan ölkəyə - Çexiyaya (“Viktoriya”) verilir.

“Qarabağ” nə vaxt başlayır?

Qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.

Qrup oyunlarına isə 18/19 sentyabrda start veriləcək.(Qol.az)