çərşənbə axşamı, 19 mart 2024

DİGƏR NÖVLƏR

Dünya çempionatının başlamasına 2 həftə qaldı

21.05.2018 16:58 Oxundu 2408



İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Velosiped Federasiyasından Cempion.az-a verilən məlumata görə, çempionatda 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2000-ə yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challange) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və Elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.

Mötəbər yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyinin rəhbər vəzifəli şəxsləri də Bakıya gələcək. Yarışları canlı olaraq izləmək istəyən BMX həvəskarları biletləri iticket.az saytı vasitəsilə elektron qaydada və ya Veloparkdakı kassadan ala bilərlər.

İyunun 9-da çempionatın keçici bayrağı 2019-cu ildə bu yarışa ev sahibliyi edəcək Belçikanın nümayəndələrinə təqdim olunacaq. Yarışın əsas təşkilatçılarından olan Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən sifariş olunmuş və Bakı Media Mərkəzi tərəfindən hazırlanmış təqdimat çarxı da artıq sosial şəbəkələrdə yerləşdirilib və böyük marağa səbəb olub.

Hazırda çempionatın keçiriləcəyi Veloparkda son tamamlama işləri aparılır. Dünya çempionatının keçirildiyi günlər (5-9 iyun) Velopark ərazisindəki istirahət və əyləncə zonasında bir sıra maraqlı tədbirlər və konsert proqramı da təşkil olunacaq. Həmin zonalara giriş pulsuzdur. Veloparka 125 və 205 nömrəli avtobuslarla, həmçinin Azneft Meydanından hərəkət edəcək xüsusi avtobuslarla getmək olar.