cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qəbələ" klubunun futbolçularına qarşı 100 min manatlıq dələduzluq edilib

22.05.2018 17:00 Oxundu 1528

Azərbaycan millisinin və "Qəbələ" klubunun futbolçuları - Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

Həmin futbolçular Yasamal Rayon Polis İdarəsinə yazılı müraciət edərək, hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq etdiyini bildiriblər.

Futbolçular müraciətlərində qeyd ediblər ki, A.Məhərrəmov onların etibarlarından sui-istifadə edərək, C.Hüseynovdan 40 min, E.Məmmədovdan isə 60 min manat pul alıb.

Bildirdiklərinə görə, iş adamı verdiyi vədə əməl etməyib və ümumilikdə 100 min manat pulu geri qaytarmayıb.

Lakin A.Məhərrəmov həmin pulları futbolçulardan biznes qurmaq adı ilə faizə aldığını deyib.

Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

A.Məhərrəmovun vəkili Ceyhun Yusifov "Report"a faktı təsdiqləyib, lakin əlavə məlumat vermək istəmədiyini söyləyib.

Qeyd edək ki, A.Məhərrəmov dələduzluqda ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, C.Hüseynov 2015-ci ildə "Ann.tv"nin əməkdaşı Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyülərək öldürülməsi ilə bağlı cinayət işi üzrə həbs edilib.

O, Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 il 2 aya endirib. Həmin müddət bitdiyindən, o, azadlığa buraxılıb. Report