cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

DÇ-2018: Xorvatiya yığması - DOSYE

29.05.2018 17:28 Oxundu 2889

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 16 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Xorvatiya haqqındadı.

Xorvatiya

FİFA sıralaması: 18-ci yer

Dünya çempionatlarında iştirak sayı: 4 (1998, 2002, 2006, 2014)

Dünya çempionatlarında oyun sayı: 16 (7 qələbə, 2 heç-heçə, 7 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 21-17

Ən yaxşı nəticə: Üçüncülük (1998)

Dünya çempionatlarında ən çox oyun keçirən xorvatiyalı futbolçu: Dario Şimiç – 11 oyun (1998, 2002, 2006)

Dünya çempionatlarında ən çox qol vuran xorvatiyalı futbolçu: Davor Şuker – 6 qol (1998)

1998 və 2014-cü illərdə pley-off sonunda dünya çempionatına vəsiqə qazanan Xorvatiya üçün gedişat bu dəfə də fərqli olmadı. Hər nə qədər Yunanıstanla oyunlarda təhlükə ilə üzləşməsələr belə, Balkan yarımadası təmsilçiləri son anda Rusiyaya “billet” qazanan yığmalardan biri oldular. Maraqlısı budu ki, Xorvatiya mundialda da təsnifatdakı əsas rəqibi İslandiya ilə eyni qrupda mübarizə aparacaq.

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

2016-cı il, noyabr

Xorvatiya Marçelo Brozoviçin dublu sayəsində İslandiya üzərində 2:0 hesablı qələbə qazanır. Sözügedən matç irqi ayrıseçkiliklə bağlı səsləndirilən şüarlar səbəbindən boş tribunalar önündə oynanılan iki təsnifat matçından ilki idi.

2017-ci il, iyun

İslandiya 90-cı dəqiqədə Maqnussonun vurduğu qolla qələbə qazanaraq, xorvatlarla xal fərqini sıfıra endirir.

2017-ci il, oktyabr

Finlandiya ilə görüşdə qeydə alınan bərabərlikdən sonra baş məşqçi Ante Çaçiç U-21-də bir zamanlar köməkçi-məşqçi kimi çalışan Zlatko Daliçlə əvəzlənir. Daliçin rəhbərliyi altında ilk matçda Ukraynanı məğlub edən Xorvatiya pley-offa vəsiqəni təmin edir.

2017-ci il, noyabr

Doğma meydanda qazanılan 4:1 hesablı qələbə sayəsində Xorvatiya çətinlik çəkmədən pley-offu adlayaraq, dünya çempionatına vəsiqə qazanır.

Dünya çempionatına hazırlıq

Xorvatiya mundiala hazırlıq məqsədilə 3 yoldaşlıq görüşü planlaşdırmışdı. Artıq bu oyunlardan ikisi geridə qalıb. Peruya 0:2 hesabı ilə məğlub olan Daliçin yetirmələri Meksikaya 1:0 qalib gəliblər. Növbədə Seneqalla oyun var.

Dünya çempionatında

Xorvatiya yığması D qrupunda Argentina, İslandiya və Nigeriya ilə birlikdə mübarizə aparacaq. Balkan təmsilçilərinin ilk rəqibi Nigeriya olacaq. Daha sonra xorvatlar qrupun favoriti Argentina ilə münasibətlərinə aydınlıq gətirəcəklər. Nəhayət, Xorvatiya qrup mərhələsindəki sonuncu oyununda İslandiaya ilə qarşılaşacaq.

Ulduz

Luka Modriç: 32 yaş (09.09.1985)

Andrey Şevçenkonun tarixin ən yaxşı yarımmüdafiəçilərindən biri qismində gördüyü Modriç heç şübhəsiz hazırda top orta sahə oyunçularındandı. Çempionlar Liqasının 4 qat qalibi zəngin təcrübəsi ilə də komanda yoldaşları üçün örnəkdi. Modriç 2006-cı ildən bəri formasını geyindiyi Xorvatiya millisində 106 matçda meydana çıxıb, 12 dəfə fərqlənməyə imkan tapıb.

Baş məşqçi

Zlatko Deliç: 51 yaş (26.10.1966)

Deliç 2006-2011-ci illər aralığında Xorvatiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasında Drazen Ladiçin rəhbərliyi altında köməkçi-məşqçi kimi çalışıb. O, karyerasının son dövrünü isə BƏƏ və Səudiyyə Ərəbistanı klublarında keçirib.

Dünya çempionatı

Qrup mərhələsi

D qrupu

16 iyun

23:00. Xorvatiya – Nigeriya

Kalininqrad şəhər stadionu, Kalininqrad

21 iyun

22:00. Argentina – Xorvatiya

Nijni Novqorod şəhər stadionu, Nijni Novqorod

26 iyun

22:00. İslandiya – Xorvatiya

“Rostov Arena”, Rostov

İştirak ərizəsi

Qapıçılar: Daniel Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Gent", Belçika), Dominik Livakoviç ("Dinamo" Zaqreb);

Müdafiəçilər: Vedran Çorluka ("Lokomotiv", Rusiya), Domaqoy Vida ("Beşiktaş", Türkiyə), İvan Striniç ("Sampdoriya", İtaliya), Deyan Lovren ("Liverpul", İngiltərə), Şime Vrsalko ("Atletiko", İspaniya), Yosip Pivariç ("Dinamo" Kiyev, Ukrayna), Tin Yedvay ("Bayer", Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Duje Çaleta-Sar ("Zalsburq", Avstriya);

Yarımmüdafiəçilər: Luka Modriç, Mateo Kovaçiç (hər ikisi - "Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Milan Badel ("Fiorentina", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Filip Bradariç ("Riyeka");

Hücumçular: Mario Mancukiç ("Yuventus", İtaliya), İvan Perişiç ("İnter", İtaliya), Nikola Kaliniç ("Milan", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Marko Pyatsa ("Şalke", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya).