cümə, 19 aprel 2024

MÜSAHİBƏ

"Baku Fire"nin baş məşqçisi: "Premyer liqada olan problem, futzalda da var"

30.05.2018 12:42 Oxundu 3917

Futzal üzrə Azərbaycan çempionatının birinci liqasında çıxış edən "Baku Fire" klubunun baş məşqçisi Teymur Eyvazovun Cempion.az-a müsahibəsi:

- Futbol barədə məlumatlı olmayan, onu sevməyən adam azdır demək olar. Ümumiyyətlə, bilmək istərdik, futzalla böyük futbolun bilmədiyimiz hansı fərqləri var?

- Birinci növbədə böyük futbolla futzalın fərqi meydançanın ölçüsündən bəlli olur. Ondan sonra meydana çıxan oyunçuların sayı da futzalda azdır. Futzalın içində olan adam kimi bunun dərinliklərinə dalsaq saatlarla futbolla futzalın fərqindən danışmaq olar. Ümumiyyətlə fərqli cəhətlərindən biri də odur ki, futzal daha çox dözümlülük, cəldlik, texnika, sürət tələb edən çox dinamik idman növüdür. Bir məşqçi kimi isə onu deyə bilərəm ki, futzal məşqçisi matça daha çox müdaxilə edir nəinki böyük futbolda. Məsələn, futbolda məşqçinin 3 əvəzetmə imkanı varsa, futzalda belə bir limit yoxdur. Hardasa məşqçi də komandanın bir üzvü kimidir futzalda. Dərinliyə getsək futzal oynamaq böyük futboldan daha çətindi. Çünki, futzalda vaxt səni sıxır. Sən tez qərar verməlisən, nəinki futbolda. Bundan başqa futzalda oyunçunun fiziki durumu yüksək səviyyədə olmalıdır. Bir oyunçu var gücü ilə meydançada 4 dəqiqədən çox oynaya bilməz.

- Futzalda məşqçi də oynaya bilərmi?

- Dünya təcrübəsində komanda ilə oyuna çıxan məşqçilər var, amma ümumiyyətlə isə məşqçinin işi texniki zonada futbolçuları idarə etməkdir.

- "Baku Fire" barədə oxucularımız üçün qısa məlumat verərdiniz?

- Bizim komandamız 2003-cü ildə yaranıb. Artıq 15 ilin kollektividir. 15 il futzalda çox böyük rəqəmdir. Azərbaycan futzalında 15 illik komanda sayı çox azdır. Komandamız bu 15 il ərzində müxtəlif yarışlarda iştirak edib. Müxtəlif yaş qruparında qalib, mükafatçılar sırasında olmuşuq. Yüksək liqada da bir il çıxış etmişik. Bu il komandamız 2 liqada təmsil olundu, həm ikinci liqada, həm də birinci dəstədə. "Baku Fire" elə il olub ki, 5 çempionatda iştirak edib. Bizim futzala yanaşmamız belədir. Biz bunu qarşımıza məqsəd qoymuşuq ki, nə qədər futzal yarışları varsa iştirak edək.

Bundan əlavə "Baku Fire" klubunun ən böyük məqsədlərindən biri ölkə futboluna yeni istedadlar qazandırmaqdır. Elə buna görə, uşaq məktəbi klubun əsas fəaliyyət istiqamətlərindən biridir. Göstərici kimi 2012-2013 mövsümündə U-15 Liqasında 2-ci yer, 2013-2014 və 2014-2015-də isə U-17 liqasında ardıcıl 2 dəfə 1-ci yerin sahibi olmağı misal çəkmək olar. Ümumiyyətlə klubun məqsədi futzal çempionatının bütün liqalarında çıxış etmək və hər birində nəaliyyət qazanmaqdır.

- Müsahibələrinizin birində "Gələn mövsüm 99% güclülər dəstəsində mübarizə aparacağıq" demisiniz, belə əminliyin səbəbi nədir?

- Düzdür, elə bir söz demişəm, amma ona biraz düzəliş etmək istəyirəm. Bizim ümumiyyətlə yanaşmamız belədir ki, biz hər mərhələni pillə-pillə qalxmışıq. İlk olaraq biz həvəskarlar liqasının, sonra ikinci liqanın qalibi olaraq birinci dəstəyə qalxmışıq. Mən orda demişəm ki, birinci dəstənin qalibi olduğumuz halda, 99% yüksək liqada iştirak edəcəyik. Strategiyamız budur ki, pillə-pillə qalxaq.

- Komanda oyunçuları güclülər dəstəsində oynamağa fiziki və psixoloji baxımdan hazırdırlarmı?

- Bizim komanda da struktur elədir ki, dövrə başa çatdıqdan sonra səhəri gün biz artıq növbəti mövsüm hazırlığına start veririk. Bizim çox güclü heyətimiz var. Təkcə futbolçu heyəti yox ümumiyyətlə komanda heyətimiz çox peşəkardır.

- Hazırda Birinci Liqada 14 komanda var, Yüksək Liqada isə 7 komanda mübarizə aparır. Fikrinizcə komanda sayı çempionatın keyfiyyətinə necə təsir edir?

- Azərbaycan premyer liqasında olan problem təəssüf ki, futzal çempionatımızda da var. 7 komandalı yüksək liqa fikrimcə yaxşı deyil, komanda sayı çox azdır. Belə olanda güclü komandaların sayı da az olur. Autsayderlər olur ki, mövsüm ərzində bir qələbələri belə olmur. Amma birinci dəstə üçün 14-16 komanda yaxşıdır, qənaətbəxş saymaq olar.

- "Baku Fire"nin hansı problemləri var və bu problemləri necə həll etməyə çalışırsız?

- Düşünmürəm ki, komandanın baş məşqçisi ümumilikdə bütün problemlər barədə danışa bilər. Məşqçinin işi futbolçularladır. Sponsorluq, maddi və s. məsələlərlə bağlı suallara klub rəhbərliyi daha yaxşı cavab verə bilər. Mən komandamıza dəstək olan sponsorlardan biri Elnur Mahmudzadəyə klub adından təşəkkür edirəm.

O ki, qaldı, məşqçi kimi mənim qarşılaşdığım problem odur ki, cavanlar zala gəlmir. Cavan oyunçuların axını yoxdur. Biz bu barədə çətinlik çəkirik, heyətimizə cavan oyunçular cəlb edə bilmirik. Bunun əsas səbəbini isə onda görürəm ki, futzalın təbliği bizdə çox zəifdir. Keçmiş illərə nəzər salsaq bizdə yüksək liqada tribunada oturmağa yer olmurdu. O vaxt böyük azarkeş, böyük maraq var idi. Buna görə cavan oyunçular klublara gəlirdilər.

Cavan yaş qrupu yəni 16-18 yaşlı oyunçulardan söhbət gedir. Bu yaş qrupunda olan futzalçılar birinci dəstədə çox azdır, yüksək liqada isə demək olar ki, yoxdur. Bunun səbəblərindən biri də futzal barədə məlumatsızlıqdı. Onları futzala məşqə çağıranda buts ilə gəlirlər, onlar hətta futzalda butsla oynanılmadığını bilmirlər. Əslində futzalın təbliğinin zəif olması bizim ən böyük problemlərimizdən biridir.

- Dediniz ki, cavan futbolçular gəlmirlər, bunun maddi səbəbləri varmı? Onları cəlb etmək üçün hansı işlər görürsünüz?

- Bəli, haqlısınız, əsas səbəblərdən biri də gəlir məsələsidir. Yenə də bunu futzalın təbliğinin olmaması ilə əlaqələndirirəm. Futzal düzgün təbliğ olunsa, kütlədə maraq oyanar, sponsorlar da gələr.

- Hamı Azərbaycanda futbol yoxdur deyir və hərə özünə görə əsaslandırır. Siz necə düşünürsüz, Azərbaycanda futbol varmı?

- Bilirsiz, bu elə bir sualdır ki, dəqiq cavabı futbol ekspertləri verə bilər. Amma öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, keçmiş SSRİ yığmasına və müxtəlif yaş qruplarına nəzər salsaq görərik ki, azərbaycanlı xeyli futbolçu çıxış edib. Bu o deməkdir ki, azərbaycanda futbol olub. O ki, qaldı gələcəyə, mən uşaq futbolu ilə də məşğul oluram. Mən uşaqlarda olan potensialı görürəm. Gördüklərim əsasən əminliklə deyə bilərəm ki, azərbaycanda futbol ola bilər.

- Birinci liqada mövsümü ikinci pillədə başa vurdunuz. Komandanın çıxışını necə dəyərləndirirsiniz?

- İlk növbədə onu deyim ki, komandanın ikinci dövrədəki oyunundan daha çox razı qaldım. Birinci dövrədə xal itirdik, amma ikinci dövrədə komanda daha inamlı oynadı, istədiyimiz oyunu oynaya bilirdik. Çox təəssüf ki, çempionatın əvvəlində deyilən reqlamentlə çempionatın sonunda bizi gözləyən sürpriz bizim planlarımızı alt-üst etdi. Çempionat vaxtından tez başa çatdı. Nəticədə də biz ikinci yerlə kifayətləndik.

- “Hell Energy”nin sizi qabaqlamasında əsas nə rol oynadı?

- Birinci dövrədə biz heç-heçə oynamışdıq. Həmin matçda demək olar ki, oyun bizim üstünlüyümüzlə keçdi. Sadəcə olaraq nəticə oyuna görə olmadı. İkinci dövrədə isə yenə bizim üstünlüyümüzlə keçən oyun oldu, sonda matçın bitməsinə 20 saniyə qalmış səhvlərimiz ucbatından qol buraxdıq. Yenə də bizim əsas fikrimiz pley-off idi, əslində təkcə biz yox, digər komandalar da pley-off-u gözləyirdi.

- Əvvəlcə deyilmişdi ki, iki dövrə bitdikdən sonra ilk 8 komanda pley-off sistemi üzrə oynayacaq və sonda çempion bəlli olacaq. Lakin sonradan bundan imtina etdilər. Bunu özünüzə qarşı haqsızlıq saymırsız?

- Bu tək "Baku Fire" qarşı olan haqsızlıq deyil, birinci yerdən başqa digər komandalara qarşı olan haqsızlıq idi. Çox təəssüf ki, "Baku Fire" və başqa bir klubdan başqa buna etiraz edən, haqqını tələb edən klub görmədim. Bu gün bizə qarşı olan haqsızlıq sabah başqalarına da ola bilər.

- Gələn mövsüm yüksək liqada minimum 8 komandanın iştirakı gözlənilir. Bizdə olan məlumata görə, “Baku Fire”nin belə bir məqsədi yoxdu. Həqiqətən də, yüksək liqada oynamaqda maraqlı deyilsiniz?

- Yüksək liqada oynamaq bir məşqçi kimi mənim ən böyük arzularımdan biridir. Çünki, əgər mən bu yolu seçmişəmsə, Azərbaycanda pik nöqtə yüksək liqada çıxış edən kluba baş məşqçi olmaqdır. Bu mənim qarşıma qoyduğum məqsədlərdən biridir. Amma reallıq isə ondan ibarətdir ki, bizim əsas məqsədimiz birinci liqanın qalibi olmaqdır. Bizim öz qarşımıza qoyduğumuz hədəf odur ki, hər uğuru pillə-pillə əldə edək.