cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan kubokunun qalibinə müjdə: II mərhələdən başlayacaq

30.05.2018 14:26 Oxundu 1808

2017/18 mövsümünün başa çatması 2019-cu ildə Çempionlar Liqası və Avropa Liqasının start xəttinə çıxacaq komandaların ölkələr üzrə bölgüsünə aydınlıq gətirib.

2013/14-2017/18 mövsümlərini əhatə edən UEFA reytinqinin yekun sıralaması gələn il start götürəcək qitə miqyaslı turnirlər üçün əhəmiyyət kəsb edir.

Azərbaycan mövsümü 23-cü pillədə başa vurub ki, bu da ölkəmizə güzəşt qazandırıb. Belə ki, Avropa Liqasındakı bir komandamız I təsnifat mərhələsindən azad olacaq.

Hazırda mövcud olan qaydalara əsasən, reytinqdə 18-24-cü yerləri tutan ölkələrin 1 komandası yarışa II təsnifat mərhələsindən başlayır. 23-cü olan Azərbaycan da bu siyahıdadı. Əgər UEFA hər hansı yenilik etməsə, bu ölkələrdə kubokun qalibləri Avropa Liqasında bir mərhələ gec başlayacaq. Həmin ölkələrdə çempionatı 2-3-cü yerlərdə başa vuranlar isə I təsnifatda oynayacaq.

Bu, Azərbaycan kubokunun qalibi üçün yenilik deyil. Yarışın qalibinin əvvəllər də ilk raunddan azad olmasına şahidlik etmişik. Başa çatan 2017/18 mövsümündə də “Qəbələ” ilk raunddan azad idi. Lakin qarşıdakı 2018/19 mövsümündə hər üç komandamız – kubokun qalibi “Keşlə” və çempionatın mükafatçıları “Qəbələ”ylə “Neftçi” I təsnifat mərhələsində oynayacaq. Qarşıdakı 2018/19 mövsümündə Azərbaycan kubokunu qazanacaq komanda isə UEFA reytinqinin gətirdiyi üstünlükdən Avropa Liqasının 2019/20 mövsümündə yararlanacaq. Apasport