cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ”nin yeni baş məşqçisi bəlli oldu

30.05.2018 18:05 Oxundu 1927

“Qəbələ”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Belə ki, Azərbaycan kubokunun finalında “Keşlə”yə məğlub olduqdan sonra istefa verən Roman Qriqorçuku baş məşqçi postunda onun köməkçisi Sənan Qurbanov əvəz edib. 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Futbolçu kimi “Qarabağ” (1998-2000), “Dinamo” (2000-03), “Şəfa” (2003), “Saypa” İran (2004), “MKT-Araz” (2004-05), “Şahdağ” (2005-06), “Qəbələ” (2006-07), AZAL (2007), ABN (2007-08), MOİK (2008), “Muğan” (2009) klublarında çıxış edən hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.

Qurbanov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək “Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda “Qəbələ” 1 qələbə qazanıb, 2 heç-heçə edib.