cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Ozan Can Kökçü Azərbaycan millisinə qayıdışının səbəbini açıqlayıb

04.06.2018 10:46 Oxundu 2545

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının hücumçusu Ozan Can Kökçü növbəti mövsümü müqavilə üzrə məxsus olduğu Türkiyənin "Bursaspor" klubunda keçirəcək.

Bu barədə 20 yaşlı oyunçunun özü "Bursa Hakimiyet"ə açıqlamasında bildirib. Gənc forvard ötən mövsümün ikinci hissəsində icarə əsasında çıxış etdiyi Hollandiya "Valveyk"indəki karyerasının xeyli səmərəli alındığını söyləyib: "Mənim “Bursaspor"da hədəflərim var idi. Lakin əvvəlki baş məşqçi və heyətin genişliyi üzündən əsas komandaya düşməyim çətin görünürdü. Bu səbəbdən, məni istəyən bir çox klub arasından şəxsi məşqçilərimin də olduğu Hollandiya çempionatını seçdim və orada təcrübə topladım".

Hazırda Azərbaycanın U-21 millisinin düşərgəsində olan Kökçü "Bursaspor"un yeni baş məşqçisi Samet Aybabanı tərifləyib. Onun fikrincə, Aybaba bəyəndiyi və futbolu sevən mütəxəssis olmaqla yanaşı, gənclərə də böyük önəm verir: "Onunla çalışacağım üçün xoşbəxtəm və yeni mövsümü səbirsizliklə gözləyirəm. Hollandiya çempionatı başa çatdıqdan sonra birbaşa Azərbaycana gəldim. Həm millidə, həm də fərdi qaydada məşqlərimi davam etdirirəm. Növbəti mövsümdə yeni baş məşqçimizlə birgə yüksəlişə nail olaraq, əsl Ozan Canın kim olduğunu xatırladacağam".

Kökçü Türkiyə milli komandasına üstünlük verib-verməyəcəyinə dair suala isə qəti cavab verməyib: "Bu barədə çox danışmaq istəmirəm. Bundan əvvəl Türkiyə yığmasının aşağı yaş qrupları üzrə koordinatoru Tolunay Kafkasla Hollandiyada görüşmüşdük. Daha əvvəl Azərbaycan millisindən bəzi problemlərə görə imtina etməli olmuşdum. Lakin yeni baş məşqçi Rəşad Sadıqovun gəlişi ilə yığmaya yenidən dəvət aldım. Sadıqov çox yaxşı insan və baş məşqçidir. Onun mənə çox şey öyrədəcəyini düşündüm və yenidən milliyə gəlməyə razılaşdım. Bu məsələdə təfərrüatlara varmaq istəmirəm. Əsas millidə oynamağın bir az da qismət məsələsi olduğunu düşünürəm".

20 yaşlı forvard onu bildirib ki, "Bursaspor"da şans veriləcəyi təqdirdə, nələrə qadir olduğunu göstərəcək.

Özan Can Kökçü daha əvvəl Azərbaycanın U-20 yığmasının heyətində yoldaşlıq görüşlərində iştirak edib. Hazırda Kökçü bu gün U-21 yığmasının Qazaxıstanla "Astana Arena"da keçirəcəyi yoldaşlıq görüşü ilə əlaqədar Qazaxıstandadır. Report