çərşənbə, 17 aprel 2024

DİGƏR NÖVLƏR

BMX üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib

05.06.2018 18:07 Oxundu 2778


Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının birinci gününə yekun vurulub. Federasiyadan Cempion.az-a verilən məlumata görə, ilk yarış günündə yeniyetmə (Challenge), həvəskar və veteranlar arasında 14 kateqoriyada qaliblər müəyyənləşib.

12 və daha aşağı yaşlı idmançıların yarışında argentinalı Federiko Ariel Kapello birinci olub. 13-14 yaşlı velosipedçilərin mübarizəsində Ekvador idmançısı Pedro Xose Benalkazar Querrero fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çempionatda 15-16 yaşlı idmançılar arasında fransalı Joris Bequin birinci yeri tutub. Həvəskarlar arasında 17-24 yaş kateqoriyasında Braziliya velosipedçisi Felippe Qonsalves bütün rəqiblərini qabaqlayaraq çempion olub.

Həvəskarların 25-29 yaş kateqoriyasında Hollandiya idmançısı Robin Van Der Kolk fərqlənib. 16 və daha aşağı yaşlı qızların yarışında ABŞ idmançısı Makkenziya Qeyhart birinci olub. 17-29 yaşlı həvəskar velosipedçilərin yarışında ilk pillədə hollandiyalı Suele Ruitenqa yer alıb. 30-34 yaşlı kişi veteranların yarışında Fransa təmsilçisi Çarli Qaillard bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. 35-39 yaş kateqoriyasında kişilərin mübarizəsində boliviyalı Cid Martinez fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilər arasında 40-44 yaş kateqoriyasında mübarizədə Fransa idmançısı Kristof Tardivet birinci yeri tutub. Həmçinin 45-49 yaş kateqoriyasında holland Riçard Van Zomeren fərqlənib. Bakı mundialında kişilərin 50 və daha yuxarı yaş kateqoriyasında yeni zelandiyalı Paul Luttrell birinci pillədə qərarlaşıb. Qadınların mübarizəsində 30-39 yaş kateqoriyasında Çili təmsilçisi Karla Ortiz uğurlu çıxışı ilə yadda qalıb. Qadınlar arasında 40 və daha yuxarı yaş kateqoriyasında Hollandiya velosipedçisi Rebekka Neus-Viçman bütün rəqiblərini qabaqlayıb.

İyunun 6-sı, saat 09:30-da start veriləcək 2-ci yarış günündə yeniyetmə, həvəskar və veteranlar arasında daha bir neçə kateqoriyada qaliblər müəyyənləşəcək. Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə sabah qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.