şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Maksim Medvedev: "Bu nəticədən çox da məyus deyilik" - MÜSAHİBƏ

06.06.2018 10:04 Oxundu 2667

"Yaxşı ki, bu oyun baş tutdu. Yüksək sürətli oyun göstərən yaxşı rəqiblə qarşılaşdıq. Biz gənc komandayıq, yenicə təcrübə yığırıq. Gələcəkdə belə səviyyəli rəqiblə qarşılaşdıqda necə oynamalı olduğumuzu biləcəyik".

Bunu Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedev səfərdə Qazaxıstan yığmasına 0:3 hesabı ilə uduzduqları oyundan sonra sports.kz-yə müsahibəsində bildirib. Təcrübəli müdafiəçi digər sualları da cavablandırıb...

- Qazaxıstan yığmasının oyununda hansı üslubu qeyd edərdiniz?

- Oyunun sürətini, bəzi oyunçuların düzxətliliyini, fiziki göstəricilərini nəzərə almaq lazımdır. Millətlər Liqasında müxtəlif güclü üsluba və keyfiyyətə malik çoxlu müxtəlif komanda var. Qazaxıstanın oyununda onlara qarşı üzərində işləməli olduğumuz komponentlər var.

- Bəs fərdi olaraq, kimi vurğulayardınız?

- Müdafiə xətti, xüsusən, komandanın kapitanı Dmitri Şomko çox yaxşı oynadı. Mən artıq ona qarşı çıxış etmişəm. Həmin vaxt Antalyada təlim-məşq toplanışında idik. Mən sağ cinah müdafiəçisi mövqeyində yer aldığımdan, məhz bu futbolçu ilə mübarizə aparmalı olurdum. O, hücumlara çox yaxşı qoşulurdu. Bundan başqa İslambek Kuat hücum xətti ilə müdafiə arasında əlaqə yaradırdı. Fərdi olaraq, öz bacarıqlarını göstərən Roman Murtazayev güclüdür. Aleksey Şetkin öz fiziki göstəriciləri ilə seçildi. Əlbəttə, Bauırjan İslamxan çox fəal, yaradıcı planda faydalı idi.

- Nəyə görə 2 dəqiqəyə 2 qol buraxdınız və həmin epizodlarda hansı səhvlərə yol verdiniz?

- Komandanızın ilk 20 dəqiqə ərzində fəal olacağını gözləyirdim. Lakin biz bütün qolları öz səhvlərimizdən sonra buraxdıq. Öz cərimə meydançamız ətrafında künc zərbələri və qayda pozuntularından yayınmaq lazım idi. Heyətimizdə çoxlu gənc oyunçu var idi. Onların gözləri yanır, sürüşmə fəndlərində yerdə qalır, mövqelərini itirirdilər. Biz bu nəticədən çox da məyus deyilik. Öz səhvlərin üzərində öyrənmək lazımdır.

- Belə qənaətə gəlmək olarmı ki, heyətiniz optimaldan uzaqdır?

- Nəzərə almaq lazımdır ki, biz süni örtükdə oynadıq. Komandamızdakı bir çox oyunçu üçün topun çönməsi və qəbulu yenilik idi. Sanki ilk dəfə oynayırdıq. Öz oyunumuzu sərgiləyə bilmədik. Heyətdə eksperiment etdik. Baş məşqçimiz gənclərə şans verdi. Axı qarşıdan Millətlər Liqası gəlir. Üstəlik, Qurban Qurbanov yığmaya yenicə rəhbərlik etməyə başlayıb. Bu səbəbdən, rotasiya etməyə, heyəti öyrənməyə, müxtəlif məzmunlu oyunları sınaqdan çıxarmağa məcburdur.

- Sizcə, Qazaxıstan yığmasının hansı perspektivləri var?

- Macarıstanla oyununuza baxmışdıq. Komandanız çox xoş təsir bağışlamışdı. Yığmanızla rəsmi matçlarda 2011-ci ildə üz-üzə gəlmişdik. O vaxtdan komandanız çox dəyişib, inkişaf edir, daha aqressiv çıxış edir.

- Qazaxıstanı daha əvvəl üz-üzə gəldiyiniz Qırğızıstanla müqayisə edə bilərsiniz?

- Fərq hiss edilir. Qazaxıstan Avropa futbolu sərgiləyir. "Astana"nın avrokuboklardakı uğurlarından xəbərdarıq. Qırğızıstan isə başqa cür - Asiya futbolu nümayiş etdirir. Fikrimcə, Avropa oyun üslubu daha güclüdür. (Report)