cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Rauf Əliyev: "Qriqorçukun gedişinin gözlənilməz olduğunu deməzdim" - MÜSAHİBƏ

06.06.2018 16:55 Oxundu 3250

“Qəbələ” komandasının futbolçusu Rauf Əliyevin müsahibəsi

- “Qəbələ”yə martda transfer olunsanız da, rəsmi debütünüz avrokuboklara təsadüf edəcək. Hazırda fərdi məşqlərinizi davam etdirirsiniz?

- Bəli, komanda istirahətdə olsa da, fərdi şəkildə məşq edirəm. Çünki ötən ilin sonunda Albaniyanın “Kukesi” klubundan ayrılandan bəri oyunlarda iştirak etmirəm. Qaydalara görə bir mövsümdə ikidən artıq komandada çıxış etməyə icazə verilməməsi mənə problem yaratdı. Bu səbəbdən, istirahət vaxtı da boş dayanmıram.

- Oyun praktikasından əziyyət çəkməyiniz aydın məsələdir. Bəs, fiziki durumunuz necədir?

- Normal saymaq olar. Qarşıdan təlim-məşq toplanışı gəlir. Ondan sonra lap yaxşı olacaq. Oyun praktikasını da yoxlama matçlarında əldə edəcəyəm. Avropa Liqasının təsnifat mərhələsinin görüşlərinə qədər hazır olacağımı düşünürəm.

- “Qəbələ”yə keçdiyiniz vaxt baş məşqçi Roman Qriqorçuk idi. Ukraynalı mütəxəssisin mövsümün yekununda psotunu tərk etməsi sizin üçün gözlənilməz olmadı?

- Baş məşqçi dəyişikliyi futbolda olan işdir. Qriqorçukun gedişinin gözlənilməz olduğunu söyləməzdim. Adətən, iddialı klublar titul qazana bilməyəndə bu cür ayrılıqlar baş verir. Təəssüf ki, onun rəhbərliyi altında çıxış etmək mənə nəsib olmadı.

- Baş məşqçi postuna Sənan Qurbanovun gətirilməsini yerli futbolçular üçün müsbət hal saymaq olar?

- Bunu zaman göstərər. Lakin Qurbanovun yerli futbolçulara bələd olmasını bizim üçün üstünlük hesab edə bilərik. Ümumiyyətlə, yeni mövsümdə “Qəbələ”də yerli futbolçulara üstünlük veriləcəyi, klubun icarədə olan futbolçularını geri qaytaracağı deyilir.

- Mövsüm başa çatandan sonra komandanın aparıcı futbolçularından Filip Ozobiç “Qarabağ”a keçdi. Baqali Dabonun klubunu dəyişmə ehtimalı var. Bu ayrılıqlar klubun iddiasını azaltmayacaq?

- Hər ikisi yaxşı futbolçudur. Ancaq “Qəbələ” yalnız onlardan ibarət deyil. İcarədə olanlar qayıdacaq, yeni transferlər həyata keçiriləcək. “Qəbələ”nin zəifləyəcəyini düşünmürəm. Əskinə, bəlkə də daha yaxşı olacaq.

- Dabonun klubdan mümkünü gedişini sizin üçün müsbət hal saymaq olar? Hər ikiniz mərkəz hücumçusu mövqeyində çıxış edirsiniz...

- Dabo özümün də bəyəndiyim hücumçudur. Burada olduğu müddətdə komandaya çox xeyir verib. Onun qalmasını, gücümüzə güc qatmasını istəyirəm. Amma karyerasını harada davam etdirəcəyini bilmirik.

- Sonuncu mövsümdə Azərbaycan Premyer Liqasının bombardiri olmaq üçün Daboya 13 qol kifayət etdi. Əvvəlki mövsümdə isə sizinlə Filip Ozobiç 11 qolla bombardir olmuşdunuz. Son illər hücumçuların məhsuldarlığının çox aşağı düşməsini nə ilə əlaqələndirərdiniz?

- Təkcə hücumçuların deyil, çempionatda məhsuldarlıq aşağı düşüb. Bunu isə həm oyun sayının azlığı, həm də 4 dövrəli sistemlə əlaqələndirmək olar. İki komanda mövsüm ərzində öz aralarında 4 matç keçirəndə, bir-birilərini əllərinin içi kimi tanıyırlar.

- Hücumçu problemi təkcə klublarda deyil, yığmada da müşahidə olunmaqdadır. Azərbaycan millisinin Qazaxıstana 0:3 hesabı ilə uduzduğu matçda da bunu gördük...

- Millidə olmadığım üçün kənardan şərh verməyim düzgün çıxmaz.

- “Qəbələ”dəki çıxışınızın millinin qapılarını yenidən üzünüzə açacağına inanırsınız?

- Əlbəttə, formaya düşəcəyim təqdirdə, yığmaya dəvət alacağımı bilirəm. Bunun üçün çalışacağam. Hər şey özümdən asılıdır. Baş məşqçi Qurban Qurbanov olduğu üçün milliyə dönüşüm daha real görünür.

- “Qəbələ” iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Qarşıdakı avrokubok mövsümündə eyni uğuru təkrarlamaq nə dərəcədə realdır və ümumiyyətlə, qarşınıza hansı hədəflər qoyulub?

- Komanda istirahətdə olduğu üçün hələ iclasımız keçirilməyib, nəyin necə olacağı deyilməyib. Lakin onu söyləyə bilərəm ki, “Qəbələ” hər zaman yüksək hədəflər uğrunda mübarizə aparıb. Bu dəfə də istisna olmayacaq. Klub bunu iki dəfə bacarıbsa, demək, təsadüfi uğur deyil. Bunu bir daha isbatlaya bilərik. Həmin şəraitdir, dəyişən yalnız baş məşqçidir. Yenə də ən azı qrupa düşəcəyimizə inanıram. Report