çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Tanınmışlar DÜNYA ÇEMPİONATINDA hansı komandaya azarkeşlik edəcək?

13.06.2018 16:48 Oxundu 3841

Şimal qonşumuz Rusiyada keçiriləcək bir aylıq turnir sabah Rusiya - Səudiyyə Ərəbistanı oyunu ilə start götürəcək. Söhbət Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatından gedir. 32 komandanın mübarizə aparacağı çempionat 8 qrupdan ibarətdir.

14 iyun - 15 iyul tarixləri arasında baş tutacaq matçlara dünyanın hər yerində olduğu kimi Azərbaycanda da maraq böyükdür.

Futbol üzrə Azərbaycan milli komandası heç vaxt Dünya Çempionatında iştirak etməyib. Yerli azarkeşlər dünya miqyaslı futbol yarışlarında adətən qardaş ölkə - Türkiyənin qələbəsini arzulayıblar. Amma bu dəfə Türkiyə yığması mundialda iştirak etmir. Buna baxmayaraq sabah başlayacaq turniri azərbaycanlı azarkeşlər səbirsizliklə gözləyir.

Yeniavaz.com saytı müxtəlif sahələrdə tanınmış şəxslərdən Dünya Çempionatında hansı komandalara azarkeşlik edəcəyini öyrənib:

Aqil Abbas (millət vəkili): "Mən 1963-cü ildən bəri Braziliya yığmasına azarkeşlik etmişəm. Yenə də bu komandanın matçlarını sevgilə izləyəcəm. Təbii ki, Türkiyə iştirak etsəydi başqa cürə olardı. Amma bu çempionatda istəyirəm Almaniya millisi qalib gəlsin. Ona görə ki, Almaniya demək olar ki, türk komandasıdır. Orda Məsud Özil, İlkay Gündoğan var, bu futbolçulara görə, istəyirəm Almaniya çempion olsun. Özil, İlkay və əvəzedicidə olan başqa türk futbolçular dünya çempionu medalını qazansınlar".

Fazil Mustafa (millət vəkili): "Mən özüm də futbolçu olduğuma görə, sistem komandasına üstünlük verirəm. Almaniya yığmasına azarkeşlik edəcəm. Təbii ki, gözəl komandalar var, əyləncəli, maraqlı futbol sərgiləyirlər. Oyunları imkan olduqca izləyəcəm, baxa bilməsəm də, sonra epozodları izləyəcəm".

Yazıçı Anar: (Azərbaycan Yazıçılar Birliyinin sədri) "Mənim hansısa komandaya marağım yoxdur. Çempionatı izləyəcəm, amma mənim üçün fərqi yoxdur hansı komanda qalib olur olsun. Əgər Türkiyə və Azərbaycan yığmaları iştirak etmirsə digər komandalara marağım yoxdur".

Hacı Şahin (din xadimi): "Mən adətən Almaniya yığmasına azarkeşlik etmişəm. Almaniya güclü komandalardan biridir. Uşaqlığımdan, gəncliyimdən Almaniya azarkeşi olmuşam. İndi gənclikdəki kimi oyunların hamısını izləmək imkanım olmur. Futbola olan yanaşmamız uşaqlğımızdakı kimi deyil, amma hər halda yarımfinal və final oyunlarını izləyirəm, bu dəfə də izləməyə çalışacam".

Bəhram Bağırzadə (aktyor): "Mən həmişəki kimi Azərbaycan yığmasına azarkeşlik edəcəm. Amma çempionluğa namizədim Braziliyadır".

Elza Seyidcahan (Azərbaycanın Əməkdar artisti): "Mən əlbəttə həmişə "Qarabağ"a və Azərbaycan yığmasına azarkeşlik edirəm. Dünya çempionatında isə Ronaldoya görə Portuqaliyaya, Messiyə görə isə Argentinaya azarkeşlik edəcəm".