çərşənbə axşamı, 23 aprel 2024

DİGƏR NÖVLƏR

Füqan Əliyev Avropa birinciliyinin bürünc medalçısıdır!

25.07.2018 13:16 Oxundu 3504

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində üçüncü yarış günü başa çatıb. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.

Millimizin üzvlərindən 2016-cı ildə Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olmuş Füqan Əliyev, yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 120 kq çəkinin öhdəsindən gəlib və bu hərəkətdə 4-cü yeri tutub.

Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən Əliyev, 151 kq-ı ram edərək bu hərəkətdə Avropa 3-cüsü ola bilib.

Toplam 271 kq (120+151) nəticə göstərən Füqan, yekun sıralamada da Avropa çempionatının bürünc medalını qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.

Təbrik edirik!