çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Xan Lənkəran" klubu I Divizionda oynayacaq? - AFFA və PFL-dən AÇIQLAMA

28.07.2018 16:04 Oxundu 3340

Azərbaycanda yeni yaradılmış "Xan Lənkəran" Peşəkar Futbol Klubu I Divizionun oyunlarına buraxılmaya bilər. Cempion.az saytı xəbər verir ki, bu barədə sosial şəbəkədə klub rəsmiləri məlumat veriblər.

"Heç bir tapşırıqsız toplam 400 min manat civarında reklam və sponsorluq müqavilələri bağlanılır, dünən yaranan komandanın başına ölkənin sayılıb-seçilən məşqçisi gətirilir, yüksək dəstədə oynamış yerli futbolçuları heyətinə qoşur, oyunlarımızı keçirəcəyimiz yer dəqiqləşməmiş stadiondakı reklam bannerlərinin yarısı satılır və məlum olur ki, "Xan Lənkəran" birinci dəstəyə buraxılmaya bilər. Bununla bağlı Rövnəq Adbullayevə müraciət olunacaq, 2 mindən artıq imza toplanıb. Nəticə necə olur-olsun, bütün məsuliyyət AFFA-da kabinetdə oturanların üzərindədir",-deyə məlumatda bildirilib.

Cempion.az saytı məsələ ilə bağlı həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), həm də Peşəkar Futbol Liqasından (PFL) rəsmi mövqe öyrənib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla deyib ki, yeni klub növbəti mövsüm üçün I Diviziona buraxılmayacaq: "İyulun 24-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib və qəbul olunmuş qərara əsasən, növbəti mövsüm I Divizionda yalnız ötən mövsüm I Divizionda iştirak etmiş 4 və ya 6-ı mübarizə aparacaq. Bu qərar həm də onu göstərir ki, yeni klub növbəti mövsüm üçün I diviziona buraxılmayacaq. İcraiyyə Komitəsinin qərarıdır və belə bir qərar qəbul etməkdə tam səlahiyyəti var.

Firuz Abdulla İcraiyyə Komitəsinin belə bir qərar qəbul etməsinin səbəbini belə izah edib: "Çünki ötən 2 mövsüm ərzində I Divizionda danışılmış oyunlarla bağlı UEFA-dan AFFA-ya xeyli materiallar daxil olub. AFFA-nın müvafiq komissiyasında da araşdırmalar aparılır, hüquq-mühafizə orqanları da araşdırır. İndiyə qədər 15-ə yaxın futbolçu, klub nümayəndəsi, üstəlik, hakimlər cəzalandırılıb. Onların arasında futbol fəaliyyətinə ömürlük qadağa qoyulan şəxslər də var. Bütün bunlar o nəticəyə gətirib çıxardı ki, I Divizionda şəffaflığın təmin olunması üçün belə bir qərar qəbul olundu".

"Rövnəq müəllimə müraciətlə bağlı 2000-ə yaxın imza toplanıb. Bu müraciətlə İcraiyyə Komitəsinin qərarının dəyişmə ehtimalı varmı?" sualımıza AFFA rəsmisinin cavabı belə oldu: "Təklikdə hər hansı bir vəzifəli şəxs İcraiyyə Komitəsinin hər hansı bir qərarını dəyişə bilməz - AFFA-nın nizamnaməsinə görə belədir. İcraiyyə Komitəsinin qərarını futbol sahəsində çalışan hər hansı bir vəzifəli şəxs dəyişə bilməz. Toplanan imzalarla bağlı müraciət hələki AFFA-ya daxil olmayıb. Əvvəl "Xan Lənkəran" klubunun AFFA-ya 2 məktubu daxil olub və müvafiq qaydada 2 dəfə cavablandırılıb.

İcraiyyə Komitəsində müxtəlif qərarlar olub və dövrün, zamanın tələbinə uyğun dəyişikliklər edilib. Məsələn, legioner limiti ilə bağlı belə bir dəyişiklik edilib. Amma I Divizionun startı, püşkatması demək olar ki, növbəti həftə müəyyənləşdiriləcək. Düzdür, bununla Peşəkar Futbol Liqası məşğul olur, amma nəzərə alsaq ki, artıq avqust ayının astanasındayıq və mövsümün başlanması adətən bu aylarda olur - inanmıram ki, İcraiyyə Komitəsi yenidən məhz bu məsələyə görə, toplansın və fərqli qərar çıxarsın.

Çünki İcraiyyə Komitəsi AFFA-nın nizamnaməsinə görə, ildə 4 dəfədən az olmayaraq toplanmalıdır, yəni hər gün iclas keçirən Komitə deyil. Xarici işlər naziri orada təmsil olunur, Təhsil nazirinin müavini orada təmsil olunur və onlar yalnız qlobal məsələlərlə bağlı toplanırlar. Bu qısa müddət ərzində yenidən bu məsələ ilə bağlı toplanması gündəmdə deyil".

"Xan Lənkəran" klubunun rəsmiləri I Divizionda iştirak üçün bütün şərtləri yerinə yetirdiklərini bildiriblər. Lakin Firuz Abdulla bir daha vurğulayıb ki, komandanın I Diviziona buraxılmamasının şərtlərlə hər hansı əlaqəsi yoxdur: "İstənilən klub iddia edə bilər ki, tələb olunan bütün sənədləri toplayıb, sənədlər təqdim olunandan sonra AFFA-da da baxılmalıdır. Ancaq indiki vəziyyətdə sənədlərə baxılıb-baxılmaması əhəmiyyət kəsb eləmir, çünki İcraiyyə Komitəsinin konkret qərarı var.

PFL-nin Mıtbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə deyib ki, "Xan Lənkəran" klubuna hər hansı maneçilikdən söhbət gedə bilməz: "Hazırda komanda sayı azdır, əksinə, çalışırlar ki, sayı çox olsun. Hansı maneçilikdən söhbət gedə bilər? Hətta biz bu dəqiqə I Divizionun püşkünü ata bilmirik, çünki komandaların sayını bilmirik. Bu ildən İcraiyyə Komitəsinin qərarı var. Bildiyiniz kimi, ötən mövsüm I Divizionda həddindən çox danışılmış oyunlar, yəni bukmeker kontorlarına qoyulan oyunlar oldu. Bununla əlaqədar UEFA-nın əməkdaşlıq etdiyi müvafiq şirkətlər var, onlar bildiriblər ki, filan oyuna həddindən artıq pul qoyuluşu olub. Bu da o deməkdir ki, yəni oyunda hesab bilinəndir. Bununla bağlı AFFA-ya UEFA xəbərdarlıq edir. Əgər bu halda tədbir görülməsə, çox ciddi sanksiyalar ola bilər. İcraiyyə Komitəsinin də qərarına əsasən, bu mövsüm əvəzedicilərlə I Divizion yarışları birləşdirilib. 8 əvəzedici komanda, 4 və yaxud 6 I Divizion komandası olacaq. Yəni yeni gələn komanda buraxılmır. Biz onlara demirik ki, hansısa şərtləri yerinə yetirməmisiniz. Düzdür, onlar gələndə ilkin olaraq deyilir ki, şərtlər budur, filan sənədləri təqdim etməlisiniz, ən vacib olan da bank təminatıdır - komandanın hər hansı maliyyə çatışmazlığı olmayacağını təsdiqləmək üçün.

Mövsümün ortasında bəzi komandaların maliyyəsi olmayıb, dağılıb və çempionatı yarımçıq tərk edib. Bu da çempionatın keçirilməsinə çox ciddi təsir edib. Amma istənilən halda "Xan Lənkəran"a heç bunu da deməmişik, çünki artıq İcraiyyə Komitəsinin qərarı var. Ən üst qurum İcraiyyə Komitəsidir, yəni PFL-nin hər hansı bir müdaxilə etməyə haqqı yoxdur, biz çempionatı keçirən bir qurumuq. 10 komanda olsa 10 komanda üçün çempionat keçirəcəyik, 20 komanda olsa 20 komanda üçün".

Nicat