Bazar ertəsi, 22 oktyabr 2018

Menu

Bazar ertəsi, 22 oktyabr 2018

ŞAHMAT

Şəhriyar Məmmədyarov: "Mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur"

27.08.2018 11:58

“Maqnus Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonda bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Buradan belə qərara gəldim ki, 40-45 gün sürən turnirlərə son qoyum. Gərək, az oynayıb, özümdə güc saxlayım”. Bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “facebook” səhifəsində yazıb.

Hazırda FIDE reytinqində 3-cü pillədə qərarlaşan 33 yaşlı qrossmeyster sponsorunun olmamasında şikayətlənib. O, qazanc məqsədi ilə çoxlu sayda oyun keçirmək məcburiyyətində qaldığını yazıb: “Əlbəttə, bu qədər ard-arda oynamaq biabırçılıqdır. Bu gün jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım “pul” deməyə. Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün insanların sponsoru var. Amma sabah yenə oyunum var və gərək hazırlaşam. Çox heyf, amma şahmat belə, məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm - bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. Onda isə bu söhbətlər sadəcə, mənasız olacaq”.

Qeyd edək ki, "Sinquefield Cup" turnirində 8 turdan sonra 5 xal toplayan Fabiano Karuana liderdir. Rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Şəhriyar Məmmədyarov, ermənistanlı Levon Aronyan və norveçli Maqnus Karlsen 2 - 5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4,5 xal var. 6-7-ci yerləri hərəyə 4 xalla fransalı Maksim Vaşyö-Laqrav və hindistanlı Vişvanatan Anand tutur. Ardınca 3,5 xalla ABŞ təmsilçisi Uesli So və 3 xalla Hikaru Nakamura qərarlaşıb. Rusiyalı Sergey Karyakin isə 2,5 xalla sonuncudur. Avqustun 27-də başa çatacaq "Sinquefield Cup" turnirinin qalibi 75 min dollar qazanacaq. Ümumi mükafat fondu isə 300 min dollardır. (Report)

Oxundu: 234

© 2018 - NSPSOLUTIONS