Bazar ertəsi, 22 oktyabr 2018

Menu

Bazar ertəsi, 22 oktyabr 2018

ŞAHMAT

Federasiyadan Şəhriyar Məmmədyarova təkzib: "SƏHV EDİB"

27.08.2018 14:00

ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" turnirində mübarizə aparan Azərbaycan şahmat millisinin üzvü, qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmamasından şikayətlənib.

Cempion.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Ş. Məmmədyarov sosial şəbəkədəki səhifəsində Maqnus Karlsenlə 5 saatlıq dueldən sonra böyük turnirlərdə pula görə çıxış etməsindən gileylənib: "Yorğunluqdan indicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Sabah yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən - Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq".

Məsələ ilə bağlı Yeniavaz.com saytı Azərbaycan Şahmat Federasiyasından münasibət öyrənməyə çalışıb.

Federasiyanın vitse-prezidenti Faiq Həsənov hazırda qəbulda olduğundan telefonlara cavab verməyib.

Federasiyanın nümayəndəsi Yaşar Məmmədov isə Şəhriyar Məmmədyarovun bu açıqlama ilə səhvə yol verdiyini bildirib: "Bayaqdan hamı zəng vurur, o məlumat səhv gedib. Şəhriyar hazırda dünyada 2-ci ən güclü şahmatçıdır. Şəhriyar getdiyi bütün yarışlara onu dəvət edirlər, yol pulunu, otel pulunu da onlar ödəyirlər. Bir də əlavə olaraq sponsorları Şəhriyarın əlavə pulunu verirlər, onunla gedən məşqçinin də pulunu ödəyirlər, hər şeyi təşkil edirlər".

Yaşar müəllim Şəhriyarın bu açıqlamasının səhv olduğunu bildirib: "İnsan səhv edə bilməz? Şəhriyar 2 il bundan əvvəl olimpiadada oynayanda böyük səhv elədi, adi bir gedişi görmədi, uduzdu. Deyirsiniz yəni səhv edə bilməz? Bu mümkün olan bir şey deyil ki, Şəhriyar "bu saat Azərbaycanda 1 nömrəli şahmatçıya sponsorluq eləmirlər" deyə. Ola bilər ki, kimsə onun əvəzindən yazıb, ya müsahibə verib. Mümkün deyil ki, Azərbaycanın bir nömrəli şahmatçısına sponsorluq olunmaya. Bəlkə kimsə girib Şəhriyarın feysbuk səhifəsinə elə bir şey yazıb? İnana bilmirəm ki, Şəhriyar belə bir açıqlama verə. Axşam yəqin onunla əlaqə saxlayacaqlar. Bir səhv edib də, yazıb. Bu məsələ ilə bağlı ən dəqiq açıqlamanı isə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov verəcək".

Oxundu: 321

© 2018 - NSPSOLUTIONS