cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Milliyə ilk dəfə dəvət alan Bəxtiyar Həsənalızadə: "Rəşad Sadıqovla Ruslan Abışovun yerini doldurmaq çətin olacaq"

27.08.2018 16:26 Oxundu 2906

“Qarışıq hisslər keçirirəm. Milliyə ilk dəfə dəvət aldığım üçün həyəcanlıyam. Digər tərəfdən, bu şərəfə layiq görüldüyümə görə fərəhlənirəm”.

Bunu Azərbaycan millisinə ilk dəfə çağırılan “Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə deyib.

26 yaşlı mərkəz müdafiəçisi bildirib ki, yığmaya dəvət almaq əsas hədəfi olub. O, etimadı doğrultmağa çalışacağını söyləyib: “Çoxdankı arzum axır ki gerçəkləşdi. Əsas iş bundan sonra başlayır. Böyük məsuliyyət daşıyıram. Çağırıblarsa, etimadı doğrultmaq borcumuzdur. Bunun üçün əlimdən gələni edəcəyəm”.

Rəşad Sadıqovun yığma karyerasını başa vurması, “Neftçi”nin futbolçusu Ruslan Abışovun isə zədəli olması Millətlər Liqası ərəfəsində Azərbaycan yığmasının işini çətinə salıb. Həsənalızadənin fikrincə, bu oyunçuları lazımı şəkildə əvəzləmək çətin olacaq: “Hər ikisi sözlərini demiş futbolçulardır. Onların yerini doldurmaq çətin olacaq. Bu məsuliyyət indi milliyə dəvət alan müdafiəçilərin üzərinə düşür. Bizə güvənirlərsə, qarşılığını verməliyik. Mövqeyimdə başqa futbolçular da var. Bu da bizim inkişafımız üçün rəqabət mühitidir”.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də Bakıda Kosovo, sentyabrın 10-da isə səfərdə Maltaya qarşı keçirəcək. (Report)