çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan yığması müstəqilliyini tanımadığımız ölkə ilə necə oynayacaq? - RƏSMİ AÇIQLAMA

29.08.2018 14:18 Oxundu 2264

Sentyabrın 7-də Azərbaycanın futbol üzrə milli komandası UEFA Millətlər Liqasının oyunları çərçivəsində Kosovo yığması ilə oynayacaq. Komandalar Bakı Olimpiya Stadionunda qarşılaşacaqlar.

Azərbaycan Kosovonın müstəqilliyini tanımır. Bəs o zaman Kosovo yığmasının üzvləri Azərbaycana necə buraxılacaq?

Məsələ ilə bağlı Yeniavaz.com saytı Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə əlaqə saxlayıb.

XİN nümayəndəsi məsələni xüsusi olaraq şərh etmək istəməyib.

H. Hacıyev: "Futbol, idman bilavasitə siyasətdən kənardır",-deməklə kifayətlənib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla Yeniavaz.com-a bildirib ki, Kosovo FİFA və UEFA-nın tam hüquqlu üzvüdür: "Biz də hər iki beynəlxalq futbol təşkilatının üzvüyük. Orada qarşımıza qoyulan öhdəliklər var, onlardan biri də hər iki beynəlxalq təşkilatın təşkil elədiyi turnirlərdə iştirak etmək və onların üzvü olan komandalarla qarşılaşmaqdır.

Kosovo milli komandasının Bakıya gəlişi ilə bağlı məsələ bu sahədə ilk təcrübə deyil. Məsələn, Bakıda keçirilən Avropa Oyunlarında da müxtəlif idman növləri üzrə kosovolu idmançılar iştirak ediblər. Onların Azərbaycana gəlişi ilə bağlı hər hansı bir problem olmayıb.

Üstəlik, 21 yaşadək futbolçulardan ibarət Avropa Çempionatının seçmə mərhələsində də Azərbaycan U-21 milli futbol komandası Kosovo ilə eyni qrupda mübarizə aparıb. Həmin oyunlar da qrafik üzrə Bakıda və Kosovoda keçirilib, heç bir problem olmayıb".

Firuz Abdulla deyib ki, sentyabrın 7-də Bakıda keçiriləcək oyunla bağlı Azərbaycanın FİFA və UEFA-ya etirazı doğru olmazdı: "Klublar səviyyəsində oyunlar olanda - tutaq ki, üçüncü tərəfi təmsil edən ölkənin klubunun heyətində Azərbaycana kosovolu futbolçu gələndə ola bilsin onun ölkə ərazisinə daxil olması ilə bağlı hər hansı bir problem yaşasın, amma ümumilikdə milli komanda şəklində gələndə bu məsələlər yoluna qoyulur, məhdudiyyət olmur. Biz Kosovonu müstəqil dövlət kimi tanımırıq, amma idman sahəsində üzərimizə düşən öhtəliklər var. Ona görə də həmin oyunlarla bağlı bizim FİFA və UEFA-ya etirazımız doğru olmaz".

"Kimlərsə paralel apara bilərlər ki, bəs necə olur, Ermənistan yığması ilə bir qrupa düşəndə oynamaqdan imtina edirik? Məsələ ondadır ki, bizim Kosovo ilə faktiki olaraq hər hansı bir münaqişəmiz, müharibə vəziyyətimiz yoxdur. Ona görə də FİFA və UEFA qarşısında məsələ qaldıra bilmərik ki, biz Kosovonın müstəqilliyini tanımırıq deyə, o ölkənin komandası ilə oynamırıq. Həmin futbolçulara viza verilməsi məsələsinə gəlincə, bilirsiniz ki, AFFA dövlət təşkilatı deyil. Belə bir hal olanda biz dərhal dövlətin idman siyasətini müəyyənləşdirən Gənclər və İdman Nazirliyinə müraciət edirik. Bundan əlavə, Xarici İşlər Nazirliyinə də müraciət ünvanlayırıq ki, bu məsələlər tənzimlənsin",-deyə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri vurğulayıb.

Nicat