bazar, 23 sentyabr 2018

Menu

bazar, 23 sentyabr 2018

BIZIM FUTBOL

Rəşad Sadıqov: "İlk növbədə özümü qınayırdım"

31.08.2018 11:02

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov evdə Moldova "Şerif"inə 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının "play-off" mərhələsinin cavab oyunundan sonra brifinq keçirib.

36 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

Bu matça kimi sizin haqqınızda müxtəlif fikirlər söylənilirdi. Sizin fikrinizcə artıq sakitləşmək vaxtı çatıbmı?

- Bu oyundan öncə hər şey tamam fərqli idi. Həqiqətən də təzyiq var idi. Düşünürəm ki, bugünkü oyun yaxşı alındı. "Qarabağ” bu mövsüm ən yaxşı oyununu sərgilədi. Komanda istər topla, istərsə də topsuz yaxşı çıxış etdi. Yaxşı oyunlarımızdan biri də bu idi. 60-cı dəqiqəyə kimi üstün oynadıq. Vurduğumuz 3-cü qoldan sonra rəqib hücum etməyə başladı. Təbii olaraq biz də daha ehtiyatlı oynamağa başladıq və istədiyimiz nəticəni əldə edə bildik.

Standart vəziyyətlərdə irəliyə gedirdiniz. Hiss olunurdu ki, qol vurmaq istəyirsiniz. Qol vuraraq kimlərəsə cavab vermək niyyətiniz var idi?

- Bu gün qol vurub və ya vurmamağım zərrə qədər önəmli deyildi. Vacib olan o idi ki, "Qarabağ” qrup mərhələsinə düşsün.

Qara Qarayev jurnalistlərə açıqlamasında oyun gününə kimi az bilet satılmasının futbolçulara pis təsir etdiyini dedi. Bu bütün komandaya təsir edib?

- Oyundan öncə belə bir kiçik müzakirəmiz olub. Bu gün tribunada hansısa yerdə boşluqların olduğunu hiss etmədik. Azarkeşlərimiz də bizi çox yaxşı dəstəklədilər. İlk dəqiqədən dəstəyi hiss etdik. Mən və komanda yoldaşlarım üzərimizdə olan təzyiqi atdıq və oyuna köklənib yaxşı nəticə əldə edə bildik. Qələbəmizdə azarkeşlərin rolu böyükdür.

Bəzi azarkeşlər və jurnalistlər belə sizin karyeranızı başa vurmağınızı istəyir. Necə düşünürsünüz, onlar bunu nəyə görə tələb edirlər?

- Bu elə bir məsələdir ki, bunun ətrafında çox müzakirə aparmaq və danışmaq olar. Bu gün ancaq pozitiv şeylərdən danışmaq istəyirəm. Mən çox xoşbəxtəm ki, "Qarabağ” 5-ci dəfə avrokubokların qrupunda çıxış edəcək. Bu gün mən "Qarabağ”ın kapitanıyam. Burada ciddi iş gedir. İş olan yerdə səhvlər olacaq. İldən-ilə dərəcə artır. Rəqiblər bizə qarşı fərqli oynayır. Səhvlər olan yerdə isə tənqid olacaq. Mən hər bir şeyi normal qarşılayıram. Biz də çalışırıq ki, tənqidlərdən nəticə çıxardaq. BATE ilə oyunlardakı səhvlər yaşla bağlı olan səhvlər deyil. Onları 20 və 18 yaşımda da eləmişəm. Həmişə mənim öz oyun üslubum olub. Mənim özəlliklərimdən biri topla oynamaqdır. Bu gün həmin oyun üslubundan kənara çəkilsəm, komanda üçün lazımsız fiqura çevriləcəyəm. Bu gün də topla oynadığımız epizodlar oldu. Topu itirə də bilərdim. Onu demək istəyirəm ki, həmin səhvlər yaşla bağlı deyil. Mənim 36 yaşım var. Dərindən analiz olunsa, bəlkə də bu il avrokuboklarda keçirdiyim oyunlar əvvəlki illərdəkindən daha yaxşı alınıb. Sadəcə olaraq bir az şanssızlıqlar oldu. Mənim etdiyim səhvlər qolla nəticələndi. Həmin qollar da "Qarabağ”ın taleyinə təsir etdi. Mən hamının fikrini anlayışla qarşılayıram. İlk növbədə özümü qınayırdım. Düşünürdüm ki, ötürməni başqa yerə versəm olmazdımı? Olan olmuşdu. Bu gün isə qələbə qazanmaq bizim üçün çox vacib idi. Hollandiyanın PSV klubundan 6 qol buraxıb Avropa Liqasına düşməkdənsə, möhtəşəm qələbə qazanıb qrupda oynamaq mənim üçün daha önəmlidir. Avropa Liqasının qrupuna müsbət ab-hava ilə giririk. BATE PSV ilə ilk oyundakı məğlubiyyətdən sonra səfərdə məyus idi.

Avropa Liqasının qrupu azarkeşlər və jurnalistlər üçün adiləşib. Bundan sonra hədəf nədir?

- Bizim əsas problemimiz odur ki, hər şey ildən-ilə adiləşir. Dərəcə də qalxıb. Rəqiblər də fərqli oyun sərgiləyirlər. "Şerif” ötən mövsüm qrup mərhələsində xallar toplayıb. Biz onu analiz etmirik. Deyirik ki, bu komandanı mütləq keçməliyik. Rəqibləri düzgün analiz etmək lazmdır. BATE son illər daimi olaraq Çempionlar Liqası və Avropa Liqasında çıxış edən komandadır. Rəqibləri qiymətləndirmirik. Qrup mərhələsində də çalışacağıq və əlimizdən gələni edəcəyik. İndidən nəsə demək çox çətindir.

Komanda bu dəfə də "Çelsi” ilə qarşılaşsa, hamı deyəcək ki, bu dəfə məğlub etmək lazımdır?

- Hər şey adiləşməsin. Bu gün Azərbaycan klubunun Avropa Liqasının qrupuna düşməsi uğurdur. Hamı istəyir ki, Çempionlar Liqasında oynayaq, hamı istəyir ki, qrupdan da çıxaq.

Belə söz-söhbətlər var ki, Rəşad Sadıqovun BATE ilə oyundakı səhvləri olmasaydı, o artıq Azərbaycan milli komandasına qayıda bilərdi.

- Mənim milliyə qayıtmamağım bu səhvlərlə bağlı bir şey deyil. Qurban müəllimlə aramızda söhbət də olub. Ruslan Abışov zədələnəndən sonra da danışdıq. Millidə mərkəz müdafiəçisi var. Mən sözümün arxasındayam.

Mərkəz müdafiəçiləri o problemi aradan qaldıra biləcəkmi?

- Düşünürəm ki, alınar. Azarkeşlər də dəstək olacaq. Bir də problem ondadır ki, 3 gündə 2 oyun olacaq. 3 gündə iki oyuna çıxmaq çətin olacaq.

"Qarabağ” "Şerif” səddini keçə bilməsə karyeranızı başa vurmaq barədə düşünürdünüz?

- Oyundan öncə çox şey fikirləşmirdim. Çalışırdım ki, az düşünüm. Çünki oyuna köklənmişdim. Mənim işim meydanda oynamaqdır. "Qarabağ”ın kapitanıyam. Kiminsə fikirlərinə də reaksiya vermirəm. Belə şeylər fikirləşməyə vaxtım yoxdur.

Qrup mərhələsində Belarusun BATE komandası yenidən qarşılaşmaq istərdiniz?

- Xeyr. BATE bizim üçün narahat rəqibdir. İki oyunda da onlara qarşı yaxşı oynadıq. Evdə oyunda ilk 20 dəqiqəni pis başladıq. Hər iki oyunda onlardan üstün idik. Sadəcə olaraq bizim üçün narahat rəqibdir. Biz topla oynamağı sevən komandayıq.Hücuma komanda şəklində çıxırıq. Bizi əks hücumda yaxalamaq asandır. BATE-nin isə ən güclü tərəfi əks hücumlarda oynamaqdır. Şəxsən onlarla qarşılaşmaq istəmərəm.

Türkiyənin "Fənərbağça” və "Beşiktaş” klubarı ilə oynamaq istərdiniz? Həmin klubların Azərbaycanda böyük kütləsi var.

- Kim düşürsə düşsün. Mən Qurban müəllimi təbrik etmək istəyirəm. Rəqib oyundan öncə çox danışırdı ki, analiz etmişik. Birinci matçda bizi yaxşı analiz etmişdilər. Çox şey alınmırdı. Qurban müəllim bizim oyunumuzu dəyişdi. Böyük riskə getdi. Bu dəyişikliklər uğurlu alındı. Komandanın futbolçusu kimi onu ürəkdən təbrik edirəm.

Bu dəyişiklikləri qrup mərhələsində edib rəqibləri təəccübləndirmək olarmı?

- O rəqibə görə dəyişir. Rəqib də deyirdi ki, çox şeylərini bilirik. Qurban müəllim elə məhz ona görə dəyişikləri reallaşdırdı.

Bu il Avropa Liqasını daha çətin adlandırmaq olar? Böyük klublar da turnirdə iştirak edəcək.

- Çətinlik həmişə olur. "Slovan”la eyni qrupa düşəndə hamı qələbə qazanacağımızı gözləyirdi. Hətta mərhələ adlamaq üçün rəqib üzərində qalib gəlmək lazım idi. Amma biz "Slovan”ı məğlub etməyi bacarmadıq.

"Yanq Boyz” və "Göteborq”u da bu hesabla məğlub etmisiz. Amma "Qarabağ”ı bu qədər sevincli görməmişdik. Bu nə ilə bağlı idi?

- Qurban müəllim elə məhz bu oyunların videolarını bizə göstərmişdi. Qismətdən elə oldu ki, yenə 3:0 hesabı ilə udduq. Qurban müəllim həmin oyunlarda da problemlərimizin olduğunu dedi. Çox istəkli çıxmışdıq. "Neftçi” ilə oyunda görünürdü ki, "Şerif”lə mübarizə aparacağıq və təslim olmamışıq. (Report)

Oxundu: 132

© 2018 - NSPSOLUTIONS