cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“The Best” müsabiqəsində Azərbaycanlılar kimə səs verib?

25.09.2018 13:59 Oxundu 2924

Məlum olduğu kimi "The Best" müsabiqəsinin laureatları FİFA üzvü olan ölkələrin milli komandalarının baş məşqçisi, kapitanı və həmin ölkənin media mümayəndələrinin səsverməsi ilə müəyyənləşir. Laureatları açıqlanandan sonra Azərbaycan nümayəndələrinin kimə səs verməsi maraq doğururdu.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Qurbanov ən yaxşı futbolçu seçimində fransalı Antuan Qrizmann ("Atletiko" İspaniya), xorvatiyalı Luka Modriç ("Real Madrid", İspaniya) və portuqaliyalı Kriştianu Ronaldunu ("Real Madrid" (İspaniya) / "Yuventus" (İtaliya) fərqləndirib.

Qalib xorvatiyalı Luka Modriç olub.

Qurbanov ilin ən yaxşı baş məşqçisi seçimində Didye Deşam (Fransa millisi), Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) və Xosep Qvardiolaya ("Mançester Siti", İngiltərə) səs verib.

Qalib Didye Deşam olub.

Yığmanın kapitanı Kamran Ağayev isə müvafiq olaraq, futboçu seçimində Kriştianu Ronaldu, misirli Məhəmməd Salah ("Liverpul", İngiltərə) və argentinalı Lionel Messiyə ("Barselona", İspaniya) səs verib. Ən yaxşı baş məşqçi seçimində o, Zinəddin Zidan, Yurgen Klopp ("Liverpul", İngiltərə) və Xosep Qvardiolanın adlarını qeyd edib.

Səsvermədə iştirak edən Azərbaycanın kişi idman jurnalisti Rasim Movsümov futbolçulardan Luka Modriç, Kilian Mbappe (PSJ, Fransa) və Məhəmməd Salahı fərqləndirib. Ən yaxşı baş məşqçi nominasiyasında isə Mövsümov ardıcıllıqla Didye Deşam, Zlatko Daliç və Stanislav Çerçesovun (Rusiya millisi) adlarını qeyd edib.

Ən yaxşı qadın futbolçu seçimində Azərbaycan yığmasının kapitanı Sevinc Cəfərzadə Meqan Rapino ("Sietl Reyn", ABŞ), ingiltərəli Lüsi Bronze ("Lion", Fransa) və Amandin Anriyə ("Lion", Fransa), baş məşqçi Vüqar Əsgərli Lüsi Bronze, norveçli Ada Hegerberq ("Lion", Fransa) və Meqan Rapinoya, media işçisi Lalə Dəmirova Lüsi Bronz, Renar Vendi ("Lion", Fransa) və yaponiyalı Kumaqai Sakiyə ("Lion", Fransa) səs verib.

Qalib isə braziliyalı Marta olub.

Ən yaxşı baş məşqçi seçimində Cəfərzadə hollandiyalı Sarina Viqman (Almaniya millisi), Reynal Pedroes ("Lion", Fransa) və Xorxe Vildaya (İspaniya millisi), Əsgərli Sarina Viqman, Reynal Pedroes və Asako Takakuraya (Yaponiya millisi), Dəmirova isə serbiyalı Alen Stayçiç (Avstraliya millisi), Asako Takakura və Vilda Xorxe səs verib.

Qalib isə Reynal Pedroes ("Lion", Fransa) olub.