cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Araz” mübarizəni dayandırdı

07.10.2018 12:12 Oxundu 2416

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən “Araz” klubu mübarizəni dayandırıb. Əsas mərhələdə son oyununu keçirən təmsilçimiz Slovakiyanın “Luçenec” komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın qollarını Nihad İsmayılov və Ramiz Çovdarov vurub.

“Araz” komandasının baş məşqçisi Joze Alesio Da Silva qarşılaşma ilə bağlı affa.az saytına fikrini bildirib: "Bu gün daha yaxşı oynadıq. Heyətlə bağlı problemlərimiz var idi. Üç futzalçımız cəzalı, biri isə zədəli olduğuna görə bizə kömək edə bilmədi. Meydana buraxdığım oyunçuların əksəriyyəti arxada qalan 2 qarşılaşmanı əsasən ehtiyatda keçirmişdilər. Oyunun əvvəlində həyəcanlı olsalar da, bunu tez dəf etdilər. Birinci hissədə daha yaxşı çıxış etdik. Heyətlə bağlı problem ikinci hissədə özünü göstərdi. Oyunu cəmi 6 futzalçı ilə keçirməyimiz yorğunluğa səbəb oldu.

Turnirə gəldikdə, indi kiçik klub anlayışı qalmayıb. İlk gündən qrupun favoritinin “Vytis” olduğunu demişdim. Nəticələr fikrimdə yanılmadığımı göstərdi. Qrup mərhələsini 3 xal qazanmadan başa vurmağımız yaxşı hal deyil. Ancaq hər üç oyunda qələbə qazanmağa yaxın idik. Problemimiz qol epizodlarından düzgün istifadə edə bilməməyimizlə bağlıdı. Uşaqlar mübarizə apardılar. Yekun hamımız üçün üzücüdür”.

Digər oyunda Maltanın “Valletta” klubunu 5:0 hesabı ilə məğlub edən Litvanın “Vytis” komandası elit-raunda vəsiqə qazanıb.