cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Bu klubda şəhid övladlarına məşqlər pulsuzdur

08.10.2018 10:47 Oxundu 1975

Şəhid adı hər şeydən ucada dayanır. Amma etiraf edək ki, şəhidlərimizə, onların övladlarına, ailə üzvlərinə hər zaman sayğılı davranılmır, bəzi hallarda onların ürəyini incidən, müqəddəs ruhları narahat edən hərəkətlərə də yol verilir.

Amma budəfəki yazımızda şəhidlərə qiymət verilməsi barədə nümunəvi bir addımdan bəhs edəcəyik. Bir neçə aydır ki, Xətai rayonunda fəaliyyətə başlayan “Birlik” İdman Klubunun girişindəki lövhə bu yazının ərsəyə gəlməsinə səbəb oldu. Uşaq futboluna töhfə verməyi qarşısına məqsəd qoyan bu klubun rəhbərliyi bu ünvanda şəhid övladları üçün xüsusi güzəştlərin tətbiqinə göstəriş verib.

Həmsöhbətimiz klubun prezidenti Şakir Eyyubov əslən Borçalıdandır. Ş.Eyyubov 1979-87-ci illərdə idmanın güləş növü üzrə məşğul olub, SSRİ idman ustasıdır. Əvvəlcə bu barədə danışmaq istəmədi, ancaq onun bu nümunəvi addımının əslində tirajlanmasının faydalı olacağını, digərləri üçün də nümunəyə çevriləcəyini deyəndən sonra söhbətə razılaşdı: “Vallah, mən burada qeyri-adi bir şey görmürəm. Şəhidə, şəhid ailəsinə, övladlarına hörmət bizim hər birimizin daxilindən gəlməlidir. Namusu, şərəfi, qeyrəti, vicdanı olan, özünü azərbaycanlı adlandıran hər kəs torpaqlarımız, müstəqilliyimiz, azadlığımız uğrunda qurban gedən övladlarımızın ruhu qarşısında özünü borclu saymalı, onların ruhunu müqəddəs hesab etməlidir. Unutmamalıyıq ki, o oğullar torpaq uğrunda şəhid olub. Deməli, söhbət bütün Azərbaycan ərazilərindən gedir. İndi biz bu torpağın üstündə dörd dəmiri bir-birinə bərləşdirmişik və onun çatısı altında uşaqlardan məşqə görə müəyyən qədər vəsait alırıq. Özü də standart qiymət yoxdur, kimin nəyə gücü çatırsa, ödəyir. Bu, şəxsən mənim fikrim, qərarımdır. Elə ailə var, iki uşaq gəlir, hərəsinə 15 manat aylıq ödəyir. Yaxud 20-30 manat ödəyənlər də var. Amma konkret olaraq qərar vermişik ki, bu torpağı bizə bəxş edən, onun uğrunda döyüşən, canını əsirgəməyən şəhidlərimizin, həmçinin hal-hazırda torpaqlarımızın müdafiəsində dayanan əsgər və zabitlərimizin övladlarından pul alınmasın. Onlardan pul almağa bizim əlimiz qalxmaz, ona gücümüz yetməz.

Klub rəhbəri dedi ki, bu addımını təbii saymır: “Bu, sadəcə bizim azərbaycanlı olaraq namus və şərəf borcumuzdur”. Ş.Eyyubov bir daha şəhid övladlarına səsləndi, onları kluba üzv olmağa çağırdı. “Hətta mən demişəm şəhid övladlarının övladları burda çay, su içsələr, onlardan pul götürülməsin. Onlar qaydalar çərçivəsində nə etsələr, qəbulumuzdur. Biz şəhid balalarından ötrü hər şeyə hazırıq, təki onların üzü gülsün, ürəyi açılsın”-deyə, o, əlavə etdi.

Klub rəhbəri dedi ki, hazırda iki şəhid övladı məşqlərə gəlir: “Mən o uşaqlardan birini tanıyaraq şəxsən dəvət etmişəm. Digəri isə özü gəlib. Hətta öyrəndim ki, o uşaq bir ayın pulunu ödəyib. Ancaq şəhid ailəsindən olduğunu öyrənəndən sonra onun ödədiyi 30 manatı geri qaytardıq. İndi biz elanımızı vurmuşuq, siz də işıqlandıracaqsınız. Kim gəlsə, qapımız üzünə açıqdır. Giriş hissədə yazılıb ki, bizim klubda şəhid övladlarına məşqlər pulsuzdur.”

Ş.Eyyubov sahibkarların, iş adamlarının şəhid övladlarına qarşı hər zaman diqqətli olmasını istədi: “Mən istərdim ki, belə təşəbbüslərə qoşulanların sayı çox olsun. Bizim başqa ideyalarımız da var. Gələcəkdə biz şəhid qəhrəmanlarımızın adına da ayrıca turnir təşkil etmək niyyətindəyik. İnşallah həmin turnirin də xərcini şirkətimiz özü çəkəcək”.

Həmsöhbətim klubun adının da izahatını verdi, əsas hədəflərindən danışdı: “Bizim əsas niyyətimiz, hədəfimiz gözəl balalalarımızı futbolçu kimi yetişdirmək, onların potensialının üzə çıxması üçün imkanlar yaratmaqdır. Bunlar böyük futbolçu olmasalar da, dünyanın aparıcı liqalarında oynamasalar belə, ən azı pis vərdişlərdən uzaq olarlar. Üstəlik, burada onların psixolojisi düzələr, özlərinə yeni dostlar taparlar. Etiraf edək ki, uşaqlarımızın bir çoxunun psixoloji problemləri var. Amma onların həftədə bir neçə dəfə gəlib burda, bir yerdə olmaları artıq birlik deməkdir. Mən də istəyirəm ki, bütün azərbaycanlılarımız birləşsin. Uşaqlarımızın körpəlikdən, yeniyetmə vaxtından birliyin nə olduğunu bilsələr, təbii ki, bu, ümumi birliyimizə yardım edər. İnşallah, daha böyük nailiyyətlər əldə edəcəyiksə, o halda nə mutlu bizə!”

Ş.Eyyubov bildirdi ki, klubda 80-ə yaxın uşaq məşq edir: “İki məşqçimiz var. Zahid Quliyev ”Xəzər" Lənkəran komandasının keçmiş oyunçusudur, 3 dəfə Azərbaycan çempionu olub. Tarix Qasımov “Bakılı”, “Rəvan”, “Neftçala”, “İmişli” komandalarında oynayıb. Köməkçi məşqçi isə Şahin Məmmədovdur. Əsas məşqçilərin hərəsinin 40-a yaxın uşaq var. 6 yaşdan 13-14 yaşına qədər uşaqlar oynayırlar, məşq edirlər". Klub rəhbəri uşaqlarla bağlı perspektivlərdən də danışdı: “Biz artıq klubun nizamnaməsini almışıq, inşallah AFFA-nın bayrağı altına keçirik. Yəqin ki, federasiyanın bizə yardımı da olacaq. Gələcəkdə bu uşaqların yarışlarda iştirakına, Azərbaycan birinciliyində, ”Sabahın ulduzu" yarışlarında iştirak etməsinə də çalışacağıq. Artıq biz ölkəmizdə keçirilən “Sabahın ulduzu” turnirinə 14 nəfər oyunçu hazırlayırıq. Şükür ki, bizə dövlətimiz tərəfindən də imkan, şərait yaradılır. Maddi dəstək olmasa da, bəzi işlərdə bizə güzəştlər edilib. Odur ki, biz “Sabahın ulduzları”nda çempion olmağı qarşımıza məqsəd qoymuşuq. Biz ora iki komanda hazırlayırıq: 9-12 yaşlılar və 12-14 yaşlı yeniyetmələr komandalarda təmsil olunacaq. Əgər bizim sponsorlarımız olacaqsa, Türkiyədəki klublarla da yarışlar keçirib iki qardaş dövlətin birliyinə töhfəmizi vermək niyyətindəyik. Ən azı yoldaşlıq görüşləri keçirmək istəyirik". Meydanda həvəslə oynayan uşaqları sevinc içərisində seyr edən Şakir bəy uğurlardan da danışdı: “Bir neçə gün bundan əvvəl Azərbaycandakı ”Fənərbaxça" ilə görüşdük, onları 7-0 udduq. Heyətində almanların da olduğu “Dortmund” klubu ilə isə 4-4 bərabərliyə qaldıq. “Abşeron” komandasını isə 3-2 udduq. Əminəm ki, bu uşaqların içərisindən Azərbaycanın fəxr etdiyi futbolçular yetişəcək".

Uşaqlar içərisində məşq edən şəhid balalarını söhbətə çəkib onların yarasını qoparmaq istəmədik. O qədər fərəhlə oynayırdılar ki, kim bilir bəlkə elə şəhid ataları da onları futbolçu görmək istəyirmiş. Onların üzünü güldürən sahibkar sağ olsun...

(Musavat.com)