çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Emin Mahmudov: "Qəbələ” təhlükəli rəqibdir"

17.10.2018 19:00 Oxundu 2293

"Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. Milli komandanın düşərgəsindən yeni qayıdan kapitan "Qəbələ” ilə keçiriləcək oyun haqda fikirlərini bildirib.

- Milli komandanın düşərgəsindən qayıdandan sonra özünüzü necə hiss edirsiz?

- Bir az diskomfort hiss edirəm, amma bu, "Qəbələ”yə qarşı oynamağıma heç bir problem yaratmamalıdır.

- "Qəbələ” ilə oyuna hazırlıq necə keçir?

- Hər şey yaxşıdır. Bizim üçün hər oyun vacibdir. Bunu hamımız anlayırıq.

- İlk dövrəni zirvədə başa vurduq, amma indi qarşımızda daha çətin hədəf var – liderliyi qoruyub saxlamaq. Buna nə qədər hazırıq?

- Hər oyuna ciddi hazırlaşmaq, hər rəqibi düzgün qiymətləndirmək və məşqçinin tapşırıqlarını yerinə yetirmək lazımdır. Onda hər şey istədiyimiz kimi olacaq. Daha çox çalışmalıyıq, üzərimizdə işləməliyik. Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik.

- Sizcə, "Qəbələ”nin turnir cədvəlindəki mövqeyi onun əsl gücünü əks etdirirmi?

- Əsla. "Qəbələ” çox yaxşı komandadır. Çətin vaxtlar hamıda olur. Təhlükəli rəqibdir. Yaxşı futbolçuları var. Buna baxmayaraq, biz öz oyunumuzu oynayıb, lazım olan nəticəni əldə etməliyik.

- Ötən mövsüm "Qəbələ” ilə 6 dəfə qarşılaşmışdıq. Bu oyunlardan hansı daha çox yadınızda qalıb?

- Bu rəqib üzərində qələbələrimiz olsa da, daha çox 2:3 hesabı ilə məğlub olduğumuz oyunu xatırlayıram. Həmin matçda "Neftçi”nin heyətində ilk qolumu vurmuşdum. Üstəlik, hakim bizi iki penaltidən məhrum etmişdi ki, o epizodlardan birində mənə qarşı qayda pozulmuşdu. Təbii ki, hesabda geridə olmağımıza rəğmən 2:1 hesabı ilə qalib gəldiyimiz oyun da yadımdadır. Ümumiyyətlə, "Qəbələ” ilə hər görüşümüz maraqlı alınır. Ümid edirəm, şənbə gününə planlaşdırılmış oyun da istisna olmayacaq.