çərşənbə, 19 dekabr 2018

Menu

çərşənbə, 19 dekabr 2018

BIZIM FUTBOL

Kosovolu futbolçu: "Azərbaycanla görüşə istirahət üçün çıxacağımıza inanıram"

13.11.2018 12:43

UEFA Millətlər Liqasının qrup mərhələsində son iki oyununu Malta və Azərbaycan millilərinə qarşı keçirəcək Kosovo yığması təlim-məşq toplanışına start verib.

“Report”un Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 12-də komandanın paytaxt Priştinadakı “Fadil Vokkri” stadionunda baş tutan ilk məşqində 12 futbolçu iştirak edib. Hazırlıq prosesinə ötən bazar klublarında meydana çıxan oyunçular qatılmayıblar.

Məşqdən sonra Kosovo millisinin 3 futbolçusu qarşıdakı görüşlərlə bağlı fikirlərini bölüşüb. İlk dəfə yığmaya cəlb olunan Mirlind Kryeziu komanda üçün faydalı olacağına inandığını söyləyib. İsveçrənin “Sürix” komandasının formasını geyinən 21 yaşlı müdafiəçi qrupdan çıxacaqlarına inandığını deyib: “Bu oyunçularla qürur duyuram. Kosovo yığmasında ilk məşqimdir, özümü yaxşı hiss edirəm. İsveçrə çempionatında birgə oynadığım bəzi futbolçuları tanıyıram. Müdafiə xəttində komandaya kömək edə biləcəyimi düşünürəm. Debüt? Buna ümid edirəm, amma qərarı baş məşqçi verəcək. Maltada qələbə qazanacağımıza, ardınca evdə qrupdan çıxmağı bayram edəcəyimizə ümid bəsləyirəm”.

Türkiyənin “Rizespor” klubunun formasını geyinən Vedat Muriki də qrupdan çıxmağa kökləndiklərini ifadə edib. 24 yaşlı hücumçu Maltada qələbə qazanmaqla, böyük ölçüdə tapşırığın öhdəsindən gəlmək istədiklərini vurğulayıb: “Qrupdan çıxacağımızı gözləyirik və buna optimist yanaşırıq. Hazırda komandanın bir hissəsi məşq etdi, bir gün əvvəl oyun keçirənlər yoxdur. Yaxın günlərdə toplanışı başa vuracağıq. Yaxşı hazırlaşaraq, Maltada pley-off mərhələsinə vəsiqə qazana biləcəyimizə, vətənə qayıtdıqdan sonra isə Azərbaycanla görüşə istirahət üçün çıxacağımıza inanıram. Yaxşı və pis oynamasından asılı olmayaraq, hücumçunun əlinə qol vurmaq üçün fürsət düşür. Malta ilə son matçımızda bir neçə imkanım olub. Amma millidə qolu kimin vurmasının önəmi yoxdur. Əsas məsələ qalib gəlmək və komanda şəklində irəliləməkdir”.

Donis Avdiyay isə məqsədlərinin qarşıdakı iki oyunda qələbə qazanmaqdan ibarət olduğunu bildirib. Hollandiyanın “Villem II” klubunda çıxış edən 22 yaşlı hücumçu ilk böyük uğurlarını bayram etmək istədiklərini deyib: “Komanda şəklində ilk dəfədir nəyəsə nail oluruq. Hər iki oyunda qalib gəlmək üçün bacarıq və keyfiyyətlərimiz var. Ancaq indi bütün komandalar futbolu necə oynamaq lazım olduğunu bilir. Hər kollektivin öz variantları var. Ona görə də qarşıdakı oyunlarda qalib gəlmək üçün maksimum güc sərf etməliyik. Bundan sonra ilk uğurumuzu bayram edə bilərik. Yaxşı formadayam. Komandama kömək etsəm, xoşbəxt olacağam. Bu, futboldur, hər kəs öz bacarığını tam şəkildə orataya qoymalıdır”.

Qeyd edək ki, 8 xalla 3-cü qrupun lideri olan Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq, 3 gün sonra isə Azərbaycanı qəbul edəcək. Şənbə günü Bakı Olimpiya Stadionunda Farer adaları ilə qarşılaşacaq Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 6 xalla 2-ci sıradadır. Farer adalarının 4, Maltanın isə 2 xalı var.

Oxundu: 142

© 2018 - NSPSOLUTIONS