cümə, 29 mart 2024

BİZİM FUTBOL

AVRO-2020: Millimizin rəqibləri məlum oldu

02.12.2018 16:08 Oxundu 2098

İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatma nəticəsində futbol üzrə Azərbaycan milli komandası "E" qrupunda yer alıb. Azərbaycan yığması AVRO-2020-nin final mərhələsinə düşmək üçün Xorvatiya, Slovakiya, Uels və Macarıstan komandaları ilə mübarizə aparacaq.

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.

Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avroliqa-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev təmsil edib.

AVRO-2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 - 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.(report)