cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: "Mənə xaricdən ciddi bir təklif olmayıb"

17.12.2018 17:51 Oxundu 2200

Bu gün "Fairmont otel"də keçirilən "İlin məşqçisi" mükafatının təqdimetmə mərasimindən sonra Qurban Qurbanov jurnalistlər üçün brifinq keçirib.

- Hər birinizə təşəkkür edirəm. 9-cu dəfədir məni seçirsiniz. Hər dəfə bu ada layiq görüləndən sonra özümü narahat hiss eləyirəm, məsuliyyətim daha da artır. Gələn il daha diqqətli olmalıyıq, daha ciddi hazırlaşmalıyıq. Çalışırıq ki, ildən-ilə işimizdə irəliləyiş olsun və futbolumuza daha yaxşı xidmət edək.

- Siz özünüz başa çatan il üçün ən yaxşı baş məşqçi kimi seçərdiniz?
- Bu suala cavab verməyə hazır deyiləm. Çünki bu, daha çox sizlərə aid olan bir sahədi. Mən ilin ən yaxşı futbolçusu sualına cavab verəcəm.

- Reynaldonun artıq "Qarabağ" da olduğunu demək olar?
- Reynaldo artıq Bakıdadı. Sabah həkim müayinəsindən keçəcək. Sonra görüşümüz olacaq. Ondan sonra qəti qərarımızı verəcəyik.

- Reynaldo "Qarabağ"da olarkən, əyləncəyə meyilli idi. İkinci dəfə komandaya qoşulanda bu barədə şərtiniz olacaq?
- Son vaxtlar əyləncəyə meyilli olmuşdu. Formasından uzaq idi, amma mütləq bu barədə danışığımız olacaq. Onunla müqavilə bağlasaq, bu barədə şərt müqavilədə göstəriləcək, əgər şərti pozarsa, ciddi cəzalanacaq. Amma əgər müqavilə bağlasaq.

- Komandadan göndərilənlər ola bilər?
- Hər transfer dövründə belə hallar gözlənilir. Komandanı tərk edən də ola bilər, komandaya gələn də. Ola bilər bizim hansısa futbolçumuzla maraqlansınlar, ola bilər biz özümüz hansısa futbolçunu diqqətdə saxlayaq.

- Con Delarj demişdi ki, komandada qalmaq haqqında düşünmürəm...
- Açığı, bu haqda söhbətim olmayıb, ona görə dəqiq cavab verə bilməyəcəm.

- Futbol ictimaiyyətində belə fikir formalaşıb ki, Qurban Qurbanov millidən ayrılandan sonra bütün diqqətini "Qarabağ"a yönəldəcək və yenə çempionluğa çalışacaq…
- Bizim məqsədimiz hər il daha yaxşı nəticələr əldə etməkdir. Hər şeyi peşəkar səviyyədə etməyə çalışırıq. Hər zaman iştirak etdiyimiz turnirdə ən yaxşı performans göstərməyə çalışmışıq. Avroliqa bitdi, qaldı çempionat və kubok. Hər iki turnirdə uğurlu nəticələr əldə etməyə çalışacağıq.

- Son vaxtlar mətbuatda qardaşınız Musa Qurbanovun "Zirə"in prezidenti olacağı ilə bağlı xəbərlər yayılıb...
- Musa Qurbanov hazırda “Zaqatala”dadı. Mənə belə xəbərlərin yayıldığını dedilər, heç oxumamışam. Hazırda belə fikir yoxdu. Olsa, hamımız görəcəyik.

- Futbolçular ardıcıl ən yaxşı futbolçu seçiləndə, ölkə xaricində oynamaq haqqında düşünürlər. Bəs sizdə xaricdə işləmək haqqında bir fikir varmı? Ümumiyyətlə, sizə belə bir təklif olub?
- Bu sual bir neçə il əvvəl verilmişdi. Mən də azərbaycanlı kimi Azərbaycan futboluna xidmət etmək istədiyimi demişdim. Bu gün buna həqiqətən ehtiyac var. Bu gün futbolumuzda yerli məşqçilərin olmasına ehtiyac var. Mənə xaricdən ciddi bir təklif də olmayıb. Mən hazırda "Qarabağ"ı atıb, “xaricdə işləmək istəyirəm” desəm, bu, doğru olmaz. Bu kluba hörmətsizlik etmək istəmirəm. Hazırda bütün fikrim "Qarabağ"dadı.