cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Azərbaycan 2 komanda ilə təmsil olunacaq

18.05.2016 11:00 Oxundu 3720

Azərbaycan avrokubokların 2016/2017 mövsümündə cəmi 2 komanda ilə təmsil olunacaq. Belə ki, Avropa səviyyəsində ölkəmiz adından yalnız çempion “Azərreyl”lə gümüş medalçı “Telekom” çıxış edəcək (Qeyd edək ki, “Telekom” yenə baş məşqçi Zoran Qayiçin rəhbərliyi altında çıxış edəcək. Ancaq “Azərreyl”in baş məşqçi məsələsinə hələ aydınlıq gəlməyib). Qadınlardan ibarət hər 2 Bakı klubu qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında oynayacaq. Burada Azərbaycan üçün 3 yer ayrılsa da, digər komandalarımız yarışda iştirak üçün CEV-ə müraciət etməyib. Super Liqada bürünc medal qazanan “Lokomotiv” gələcək taleyi sual altında olduğu üçün yarışdan imtina etdiyi halda, “dəmiryolçular”ı əvəzləyəcəyi gözlənilən “Azəryol” maliyyə problemləri səbəbindən turnirə sifariş olunmayıb.

Çempionlar Liqasındakı 3-cü yerlə yanaşı, “Çelenc Cup”dakı yeganə təmsilçiliyimiz də əldən çıxıb. İllər hesabına əldə olunan reytinqimiz burada 1 komanda ilə təmsil olunmağa imkan versə də, bundan yararlanan olmayıb.

Nəticədə son 10 mövsümdə ilk dəfə Avropada belə az komanda ilə təmsil olunacağıq. Çünki 2007-ci ildən başlayaraq, qitənin öncülləri sırasında düşən ölkəmiz 5 dəfə 5, 4 dəfə isə 4 klubla avrokuboklara qatılıb. Hətta bəzən bu say əlavə “wild card”la əldə olunub. Bunun üçün müəyyən xərclərə razı olan komandalarımız hazırda öz qazandığı vəsiqəyə yiyələnmək üçün də güc tapmır.

Avropada 2 komanda ilə 2006/2007 mövsümündə təmsil olunmuşuq. Maddi çətinliklər voleybolumuzu həmin - 10 il əvvəlki vəziyyətinə qaytarıb. Komandalarımızın hələlik hansısa transfer etməmələri yaxşı nəticələr gözləməyə də ümid vermir.

Kişi voleybol klublarımız isə ardıcıl 6-cı dəfə avrokuboklardan kənar qalacaqlar.

Qeyd edək ki, avrokuboklardakı ən aşağı göstəricimiz də elə 2-di. 2001/2002 mövsümündə məhz “Azərreyl” və “Azəroil”lə beynəlxalq arenaya ayaq basmışdıq.