cümə, 29 mart 2024

BİZİM FUTBOL

Nikolay Levnikov: “Hakimlər nadir hallarda səhvlərini etiraf edirlər”

25.05.2016 11:19 Oxundu 3436

Finalda Portuqaliya ilə İspaniya qarşılaşdılar. Piriney yarımadasını təmsil edən iki ölkənin yığmaları arasındakı həlledici qarşılaşma “8-ci kilometr” qəsəbə stadionunda keçirildi. Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqləndilər. İkinci hissədə isə qapılara qol vurulmadı. Belə olan halda qalibi müəyyənləşdirmək üçün birbaşa penalti zərbələrindən istifadə olundu. Komandalar ilk 4 zərbəni dəqiq yerinə yetirdilər. Portuqaliyadan Fernandes 5-ci qolu vursa da, İspaniya millisinin kapitanı Morlanesin zərbəsi dirəyə tuş gəldi. Beləliklə, Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatının qalibi Portuqaliya millisi oldu.

Oyunlara hakim-inspektor kimi dəvət olunanlar arasında rusiyalı mütəxəssis, beynəlxalq dərəcəli hakim-inspektor Nikolay Levnikov da vardı. Final matçından (final matçının hakim-inspektoru da o oldu) sonra onunla görüşüb Bakıda keçirilən Avropa çempionatı ilə bağlı suallarımızı cavablandırmasını ondan xahiş etdik. N. Levnikovun mehriban rəftarından istifadə edərək həmsöhbətimizə onun özü ilə bağlı suallar da ünvanladıq.

- Nikolay Vladislavoviç, bu günlərdə 60 yaşınız tamam oldu. Suallara keçməmişdən öncə sizi “Çempion” qəzetinin kollektivi adından təbrik edir, sizə daha mənalı ömür və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

- Çox sağ olun. Diqqətinizə görə minnətdaram.

- Bakıda keçirilmiş yubileyinizlə bağlı nə deyə bilərsiniz?

- Yubileyimin Bakıda - azərbaycanlı dostlarımın əhatəsində qeyd etməyim, görünür, taleyin qisməti imiş. Üzərində futbol elementlərini əks etdirən və 60 yazılmış, əgər belə demək mümkünsə, futbol tortunu yaxın dostlarım Rüstəm Rəhimov, Asim Xudiyev və digər həmkarlarımla birgə kəsdik. Yeri gəlmişkən onu da deyim ki, AFFA rəhbərliyi də məni unutmadı və hədiyyə ilə bahəm öz təbriklərini çatdırdı. Bu diqqətə görə AFFA rəsmilərinə öz təşəkkürümü bildirirəm. Hə, bir də həmin gün, yəni mayın 15-də mənə digər rəsmi qurumlardan da təbriklər gəldi. Xülasə, həmin gün gözəl bir gün yaşadım. Bu mənada Bakı yubileyimin daha yaddaqalan olacağına şübhə etmirəm.

- Siz Bakıya tez-tez gəlirsiniz?

- Bilirsinizmi, Bakı mənə doğma, əziz şəhərdir. Buranın insanları çox qonaqpərvər, istiqanlıdırlar. Buna söz ola bilməz. Səhv etmirəmsə, bu mənim Bakıya onuncu gəlişimdir. Bu dəfəki səfərim 17 yaslı futbolçular arasında Bakida keçirilən Avropa çempionatı ilə bağlıdır. Onu da deyim ki, bu yarışa UEFA-tərəfindən hakim-ispektor kimi göndərilmişəm. Yeri gəlmişkən, Avropa çempionatının oyunlarına təyinat almış hakim və hakim-inspektorlar üçün seminar da keçirdim.

- O biri səfərləriniz də yəqin ki futbolla bağlı olub?

- Mən ilk dəfə bura gələndə hakimliyə yeni başlamışdım. Onda ümumittifaq gənclik turniri çərçivəsində keçirilmiş ”Neftçi” - “Torpedo” (Moskva) matçını da idarə etdim. Həmin final qarşılaşmasında “Neftçi” qalib oldu. Onu da deyim ki, bu oyuna görə “Torpedo” məndən razı qalmadı. Daha sonra bir neçə oyunla bağlı, həmçinin FİFA xətti ilə Bakıya gəldim. Mən dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun 90 illik yubiley tədbirinin də iştirakçısı olmuşam.

- Bakı haqqında nə deyə bilərsiniz, bu şəhər çox dəyişib?

- Əlbəttə. Özü də Sovet dövrü ilə müqayisədə çox inkişaf edib. Bu inkişafı, bu gözəlliyi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Xoşbəxt təsadüf

- Hakim olmağınızda kimlərin rolu daha çoxdur?

- Mən futbolçu olmuşam. Lakin futbolçu kimi bir o qədər də tanınmamışam. Sovet İttifaqının futbol üzrə II Divizonunda Sankt- Peterburqun “Dinamo” komandasının heyətində çıxış etmişəm. Futbola meyil etməyim də səbəbsiz olmayıb. Atam Vladislav Levnikov uşaq futbolu üzrə məşqçi olub. Yeri gəlmişkən, o, bir çox futbolçuların yetişməsinə öz töhfəsini verib. Onu da deyim ki, Minskdə uşaq futbolunun inkişafı atamın adı ilə bağlıdır. O ki qaldı hakimliyə gəlişimə... Leninqradın həvəskarlardan ibarət “Svetlana” komandasında çıxış edərkən bu komandanın rəhbəri, ümumittifaq dərəcəli hakim Konstantin Smirnov mənə hakimlik etməyi təklif etdi. Mən də onun tövsiyəsi ilə hakimliyə başladım və bu, məndə alındı. Mən buna xoşbəxt təsadüf də deyərdim.

- Bu sahədə yetişməyinizdə sizə daha kimlər yardımçı olublar?

- Beynəlxalq dərəcəli hakim Anatoli İvanoviç İvanovun rolu çox olub. O, bir müəllim kimi həmişə əlimdən tutub. Bu səviyyəyə çatmağıma görə ona çox minnətdaram. Odur ki, indi də onu böyük məhəbbətlə xatırlayıram. Yeri gəlmişkən, o, dünya şöhrətli hakim, həmyerliniz Tofiq Bəhramovun dostu olub.

- İdarə etdiyiniz ilk matçınız yadınızdadırmı?

- Mən idarə etdiyim bütün oyunlarımı xatırlayıram. Hakim kimi debütüm uşaq futbolunda olub. Yüksək liqada isə ilk dəfə baş hakim kimi “Dinamo” (Moskva) - “Şaxtyor” (Donetsk) matçında meydana çıxımışam. Onda çox həyəcanlı olmuşam. Belə oyunları idarə etmək çox böyük məsuliyyət tələb edir axı. O zaman həmin komandalarda güclü oyunçular vardı. Onlar biləndə ki, oyunu gənc hakim idarə edəcək, məni təxribata çəkmək istədilər, amma işimin öhdəsindən layiqincə gələ bildim. Və bu oyunda əvəzsiz təcrübə əldə etdim.

- Sizcə, hər futbol həvəskarı yaxşı hakim ola bilərmi?

- Bilirsinizmi, insanlar digər idman növləri ilə müqayisədə futbolu daha çox sevirlər. Elə bu sevgi də onlardan bəzilərini hakimliyə gətirə bilər. Mən bu sözləri həm də Sankt-Peterburqda fəaliyyət göstərən İdman Hakimləri Akademiyasına rəhbərlik edən şəxs kimi öz təcrübəmə əsasən deyirəm. Amma kimliyindən, hansı peşənin sahibi olmasından asılı olmayaraq, bu işə könül verən şəxs bəzi keyfiyyətləri özündə cəmləşdirməlidir.

- Məsələn, bu sahədə hansı keyfiyyətlər daha önəmlidir?

- Hər şeydən əvvəl, hakimdə məsuliyyət hissi olmalıdır. O, həlledici anlarda cəsarət, qətiyyət göstərməyi bacarmalıdır. Qəbul etdiyi hər bir qərarın ədalətliliyinə əmin olmalıdır. İkincisi də, bugünkü hakimlərin hamısı idmançıdırlar. Əgər sən idman həyatı yaşayırsansa, idmançı kimi düşünə bilirsənsə, hakim ola bilərsən...

- İndiyədək hansısa matçdan imtina etmisiniz?

- Yox, belə şey olmayıb. Mən hər təyin olunduğum bütün oyunları idarə etmişəm.

“Hakimin özündən asılıdır”

- Adətən, futbol hakimləri azarkeşlər tərəfindən qınaqlara tuş gəlirlər. Sizin fikrinizcə, hakim kimi belə qınaqlara tuş gəlməyə dəyərmi?

- Bəli, bu bir həqiqət ki, bəzən tənqidlərə tuş gəlirsən, digər tərəfdən, idarə etdiyin oyunlardan böyük məmnunluq alırsan. Oyundan əvvəl, məsələn, çempionlar liqasının komandalarının oyunçuları ilə görüşürsən, onların kapitanları ilə yanbayan dayanırsan... Oyundan sonra bəzi tanınmış oyunçular sənin əməyini öz formalarını hədiyyə etməklə qiymətləndirirsə, bu, məncə, hakimə verilən yüksək dəyərdir (Karyeranı başa vurandan sonra bir zamanlar hakimlik etdiyin oyunların məşqçiləri, oyunçuları ilə görüşməyin, oyunları xatırlamağın alayı bir ləzzəti var). Mənə elə gəlir ki, hakimliliyin pozitivliyi onun neqativliyindən daha çoxdur. Bu sahəni seçənlər başa düşməlidirlər ki, bütün hallarda o, hakimdir, futbolçu deyil və heç vaxt ondan ulduz olmayacaq. Amma çalışmaq lazımdır ki, futbol ictimaiyyəti sənə həmişə hörmətlə yanaşsın. Bax, bu hörmət çox vacibdir. Azarkeşlərin məhəbbətini qazanmaq isə hakimin özündən asılıdır.

- İdarə etdiyiniz oyunlarda həmişə ciddi olursunuz? Ancaq eşitdiyimə görə, hakim İqor Nikolayeviç Zaxarov bir dəfə meydançada qaçan itə sarı kartoçka göstərib... Sizdə buna bənzər hadisələr yaşanmayıb ki?

- Yox, məndə belə olaylar baş verməyib. Mən meydançada da özümü çox ciddi aparıram.

- Sizi evdən daha çox ekranlarda görməyə adət etmiş ailəniz barədə nə deyə bilərsiniz?

- Ailə dayaqdır, arxadır. Hər oyunda ailəmdən mənəvi dəstək alıram. 3 övladım var. Böyük oğlum Kirill Levnikov ardıcılımdır, yəni FİFA hakimidir. Bu mənada o, bizim ailə ənənəmizi şərəflə davam etdirir. Kirill hazırda Rusiya çempionatının oyunlarını idarə edir. Nəvəm Nikitin də futbolla məşğuldur. Hələ ki, onda hər şey yaxşı alınır. Mənə elə gəlir ki, o, yaxşı futbolçu olacaq.

- Həyat yoldaşınız futbol azarkeşi olub?

- Onun futbolla heç bir əlaqəsi olmayıb. Amma həyat yoldaşımın nənəsinin futbolla arası çox yaxşıdır. Hətta o, məni nəvəsi ilə tanışlığa qədər də tanıyırdı.

- Əgər oyundan sonra hakimlərə öz formalarını oyunçularla dəyişməyə icazə versəydilər, hansı futbolçunun “futbolka”sını kolleksiyasınızda görmək istərdiniz?

- Məndə Zidanın, Del Pyeronun, Kantonanın “futbolka”ları var. Onlar idarə etdiyim oyunlardan sonra formalarını mənə hədiyyə ediblər. Yeri gəlmişkən, indiyədək Olimpiya, dünya çempionatı, avrokubok, eləcə də demək olar ki, dünya miqyasında kifayət qədər tanınmış bütün komandaların (”Real”, “Barselona”, “Mançester Yunayted”, PSJ, “Borussiya” “Bavariya” və sairə) oyunlarını idarə etmişəm.

- Onlardan hansını xatırlamaq istərdiniz?

- Belə oyunlar çoxdur. Superkubokın finalı - PSJ - “Yuventus”, Çempionlar Liqasının yarımfinalı- “Mançestər Yunanted” - “Borussiya” oyunları, bir də Braziliya - Marokko...

- Siz həm də İdman Hakimləri Akademiyasının müəllimisiniz... Akademiyanız ümidləri doğruldurmu?

- Mən həm də həmin Akademiyanın banisiyəm, direktoruyam. Akademiyamız 2007-ci ildən fəaliyyət göstərir, oranı hər il 20-50 nəfər bitirir. Hazırda 250 məzunu var. Onlardan FİFA hakimi olanlar da var.

“Çox dəyişikliyə

ehtiyac yoxdur”

- Əgər futbol qaydaları sizdən asılı olsaydı, hanıs dəyişikliklərə əl atardınız? Ümumiyyətlə, bu oyunun hansı qaydaları ürəyinizcə deyil?

- Müasir futbolun qaydaları yaşından, peşəsindən asılı olmayaraq, hər kəsə bu oyunu oynamağa imkan verir. Bu oyun insan sağlamlığına xidmət edir. Mənə görə çox dəyişikliyə ehtiyac yoxdur. Amma oyundan kənar bəzi epizodlarla bağlı qaydaları nəzərdən keçirmək olar. Məsələn, bir də görürsən, deyirlər ki, bəs rəqib komandanın oyunçusunun başı, yaxud bir ayağı bir qədər irəlidə idi. Bax, bunlar bir qədər problem yaradır.

- Hakimlər hərdən səhvlər buraxırlar. Bu səhvləri aradan qaldırmaq üçün texnikadan istifadə etmək yaxşı olmazmı? Məsələn, vidotəkrarla epizodlara baxmaqla...

- Belə bir fikrə gəlinib ki, bununla bağlı eksperiment aparılsın. Bir də onu deyim ki, futbol dinamik oyundur, bu oyun pauza sevmir. Əgər bu və ya digər epizodla bağlı tez bir zamanda qərar vermək mümkün olarsa, məncə, oyun gedə-gedə vidogörüntüdən istifadə etmək yaxşı olar. Yox, çox vaxt aparırsa, mən bunun əleyhinəyəm. Bilirsinizmi, mübahisəli epizodlarda o qədər fikir müxtəlifliyi olur ki...

- Ən çox nəyə təəssüflənirsiniz?

- Heç nəyə... Həyat elə bir şeydir ki, o həmişə öz axarı ilə gedir.

“Maşın sürməy sevirəm”

- Hansı komandanın azakeşisiniz?

- Mənim işim elədir ki, heç bir komadaya azarkeşlik etmirəm. Prinsipcə isə Rusiyanın millisinə...

- Sevdiyiniz oyunçu kimdir?

- Gənclik illərimdə Yohan Kruif, Frants Bekkenbaur, Mişel Platini. Bu siyahıya oyunlarına hakimlik etdiyim Fyodor Çerenkovu, Zidanı, “Spartak”ın oyunçusu Andrey Tixonovu da əlavə etmək olar.

- Bəs hazırda meydanlarda olanlardan?

- Ronaldo və Messi. Onların hər birinin özünəməxsus oyun tərzləri var. Bu mənada, onların hər ikisi futbol aləminin dahiləridir. Hər iskisi mənim maraq dairəmdədir.

- Bəs rəğbət bəslədiyiniz hakim kimdir?

- Mişel Vatro və Valeri Butenko.

- Maraqla oxuduğunuz kitab?

- Sonuncu dəfə Mixail Bulqakovun “Master və Marqarita” kitabını oxumuşam. Özü də böyük maraqla. Əsər çox xoşuma gəlib.

- Maraqla izlədiyiniz film hansıdır?

- Rejissor Serco Leonenin çəkdiyi və baş rollarda Robert de Niro ilə Ceyms Vudsun oynadığı “Bir dəfə Amerikada” filmi...

- Teatrla aranız necədir?

- Əvəllər teatra tez-tez gedərdim, indi yox. “Zenit”in azarkeşi Sergey Miqitsko mənim sevimli aktyorlarımdandır. Onu da deyim ki, o, Qaydayın Qoqolun “Müfəttiş” pyesi əsasında çəkilmiş “Peterburqdan anonim adam” filmində Xlestakov rolunu ifa edib. Amma mənim onunla tanışlığım teatrda deyil, teatr komandalarının matçını idarə edərkən olub.

- Xobbiniz nədir?

- Elə bir xobbim yoxdur. Amma maşın sürməyi çox sevirəm. Özü də uzaq məsafələrə... Maşınım “Toyota”dır. Mən onunla ildə 8-9 dəfə Sankt-Peterburqdan anamgilə - Belorusiyaya gedirəm.

- Həyatda ofsayda düşmüsünüz?

- Səhvlərim olub. Onları elə ofsayt saymaq olar. Amma onlar, əgər belə demək mümkünsə, hiss olunmaz ofsaytlar olub.

- Kimlərə isə sarı, qırmızı kart göstərmisiniz?

- Göstərərdim. O adamlara ki, sonradan mənə arxa çeviriblər. Amma hələ ki heç kimə göstərməmişəm.

- Hansı qəhrəmana bənzəmək istəmisiniz?

- Elə bir idealım olmayıb. Amma atama oxşamağa çalışmışam. O mənim üçün hər yerdə, hər işdə örnək olub.

“Uşaq futbolu ilə məşğul olardım”

- Adətən, nədən müdafiə olunursunuz?

- Haqsızlıqlardan...

- Bəs nə vaxt hücuma keçirsiniz?

- Mənə hücuma keçən olanda...

- Nəyi etiraf etmək istərdiniz?

- Bəli, bir hakim kimi mənim də səhvlərim olub. Buna görə çox həyəcanlanmışam. Ciddi səhv edəndə bir ay fikirləşmişəm ki, niyə belə oldu, niyə belə qərar verdim? Bir dəfə Rusiya çempionatı çərçivəsində keçirilmiş Volqoqradın “Rotor”u ilə Moskvanın “Spartak” matçında moskvalıların qapısı tərəfə cərimə zərbəsi təyin edəndə səhv etdiyimi başa düşdüm. Amma gec idi, çünkü artıq qərarımı vermişdim. Və bu səhvim ucbatından “Rotor” qol vurdu. Həmin oyun 3:3 hesabı ilə başa çatmışdı.

Bir sözlə, hakim başa düşməlidir ki, onun səhv etməyə haqqı yoxdur. Çünki belə olanda onun başı çox ağrıyır. Unutmayın ki, hakimlər nadir hallarda öz səhvlərini etiraf edirlər.

- Hakim olmasaydınız kim olardınız?

- Mən Politexnik İnsitutunu bitirmişəm. Bir müddət zavodda laboratoriya müdiri vəzifəsində çalışmışam. Dissertasiya yazmışam. Amma onu deyə bilərəm ki, məni futbol öz ağuşuna çəkirdi. Konkret sualınıza gəldikdə isə, yəqin ki, atamın yolunu davam etdirərdim. Yəni uşaq futbolu ilə məşğul olardım.

“4 xal yaxşı göstəricidir”

- 17 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının təşkilatçılığı barədə nə deyə bilərsiniz?

- Mənim müşahidələrimə görə Azərbaycan bu yarışa çox gözəl hazırlaşmışdı, yəni təşkilatçılıq yüksək səviyyədə idi. Bu hazırlıq, təşkilatçılıq hər bir işdə özünü aydın göstərirdi. Bu mənada komandaların hansısa problemlə üzləşdiyini düşünmürəm. Bu işdə zəhməti olan hər kəsə təşəkkür edirik.

- Hakimlərin işindən razı qaldınızmı?

- Ciddi nöqsanlara yol verilmədi.

- Belə yaş qrupu ilə digər yarışlar arasında hansı fərqlər var?

- U-17-nin oyunlarını idarə edənlər yalnız hakim deyillər: onlar həm tərbiyəçi, həm də müəllimdirlər. Bu gənclərə daha diqqətlə yanaşmaq lazımdır. Onu da deyim ki, bu yarışda bəzi komandaların (Portuqaliya, Almaniya, Belçika, İspaniya) oyunçuları öz yüksək səviyyələri ilə məni heyran etdilər. Mənə elə gəlir ki, onların soraqları tezliklə ölkələrinin əsas milli komandalarından gələcək.

- Azərbaycanın U-17-si barədə nə deyə bilərsiniz?

- Uşaqların oyuna xoşuma gəldi. Hətta onların Belçikadan 3 xal almaq imkanları da vardı, amma... Portuqaliya, Belçika, Şotlandiya kimi komandalarla eyni qrupa düşmüş Azərbaycan gənclərinin 4 xal toplaması onların doğru yolda olduqlarından xəbər verir. Bu məncə, yaxşı göstəricidir.

“Keçmişsiz gələcək olmaz”

- Azərbaycan futbolu, çempionatı, eləcə də hakimlərimiz barədə nə deyə bilərsiniz?

- Bəri başdan deyim ki, Azərbaycanın yaxşı futbolçuları olub. Anatoli Banişevksi, Kazbek Tuayev, Vitali Şevçenko o zamankı ittifaq daxilində daha çox tanınırdılar. Yeri gəlmişkən, mənim Nazim Süleymanovla, İsgəndər Cavadovla da tanışlığım var. Hakimlərə gəldikdə isə sizin dünya miqyasında öz sözünü demiş Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi hakimləriniz olub. Yəni mükəmməl hakimlik məktəbiniz var. Bəli, bu gün Azərbaycanda da Əliyar Ağayev kimi perspektivli hakim yetişməkdədir. Mənə elə gəlir ki, onun gələcəyi daha parlaq olacaq. Ömər Paşayev də yaxşı hakimdir. Bununla demək istəyirəm ki, Azərbaycan futbolunun keçmişi olub. Gənclər kimlərdən nümunə götürəcəklərin yaxşı bilirlər. Çünki keçmişsiz gələcək olmaz.

Sizin millini də izləyirəm. Milliyə bir müddət Foqts rəhbərlik etdi, indi Prosineçki. Mənə elə gəlir ki, sizdə da yaxşı məşqçilər var.

Çempionat barədə isə konkret nəsə demək mənə çətindir. Çünki onları izləmək imkanım daxilində deyil.

- Sizi həmişə Rüstəm Rəhimovla bir yerdə görürlər. Bu dostluğunuz necə yaranıb?

- Mən gənc hakim kimi fəaliyyətə başlayanda Rüstəm müəllim korifey hakimlərimizdən sayılırdı. Onun idarə etdiyi oyunları da maraqla izləyərdim. Sonradan tale elə gətirdi ki, mən onun idarə etdiyi bir oyunda “Jalgiris”- “Spartak” oyununda yan hakim də oldum. Məhz o zaman onunla daha çox təmasda oldum və onun hakimlik bacarığına, həm də insani keyfiyyətlərinə, sözün həqiqi mənasında, vuruldum. Sonradan onunla müxtəlif yarışlarda - “Qranatkin” turnirində, “Birlik” kuboku yarışlarında görüşdüm. Hər dəfə görüşəndə də idarə etdiyimiz oyunlardan söz açırıq. Yeri gəlmişkən deyim ki, onun yaxşı yaddaşı var.

Qvami Məhəbbətoğlu