cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Flaqman” titul, “Qarabağ” “Qızıl dubl” arzusunda

25.05.2016 11:25 Oxundu 3101

Mövsümün son qarşılaşmasında “Qarabağ”la “Neftçi” ölkə kubokunun finalında üz-üzə gələcəklər. Ağdam klubu ardıcıl ikinci dəfə “Qızıl dubl” etməyi hədəfləyirsə, “flaqman”ın çempionatdakı uğursuz çıxışı unutdurmaq üçün kuboku qazanmaqdan başqa çarəsi yoxdur. Bəs görəsən, Azərbaycan Kubokunu qazanmağa kim daha şanslıdır və bizi hansı sürprizlər gözləyir? “Çempion” qəzeti olaraq bunu araşdırmağa çalışdıq.

“Qarabağ” favoritdir

“Qarabağ”, şübhəsiz ki, ölkəmizdə son illərin ən güclü komandasıdır. Hətta ağdamlıların cari mövsümü rəqibsiz keçirdiklərini də əminliklə söyləmək olar. Topaz Premyer Liqasında çempionluğu bir neçə tur öncədən təmin edən Qurban Qurbanovun yetirmələri finalın aşkar favoritidirlər. Bunun da bir çox səbəbləri var. Həm oyun üslubu, həm heyət zənginliyi, eyni zamanda təcrübəli və usta futbolçuların çoxluğu “Qarabağ”ı bir addım önə çəkir.

Vəli Qasımov nə etməlidir?

Getdikcə əvvəlki əzəmətini itirən “Neftçi” bu gün ilk növbədə ağıllı taktiki oyun sayəsində rəqibin güclü hücumunu zərərsizləşdirmək barədə düşünməlidir. Təbii ki, açıq futbol “flaqman” üçün heç də yaxşı nəticələnməz. Baş məşqçi Vəli Qasımov da yəqin ki, bunu yaxşı dərk edir. Paytaxt klubunun bugünkü matça ehtiyatlı və müdafiəyəmeyilli çıxması daha məntiqli olar. Yay fasiləsində heyətində ciddi islahatlar aparan “Neftçi” indi əvvəlki “Neftçi” deyil. Nə Flavinyo kimi lider, nə də Vobay kimi istənilən vaxt oyunu üzərinə götürüb, rəqib müdafiəsini təkbaşına yaran oyunçu var. Üstəlik, cari mövsümü uğurlu keçirən və sürəti ilə diqqət çəkən Aylton Silva da cəza ucbatından meydançaya çıxmayacaq. Rəqiblə müqayisə aparsaq, “Neftçi”nin əksər mövqelərində boşluqlar tapmaq mümkündür.

Almeyda-Kintana cütlüyünə diqqət

“Qarabağ”ın isə heyəti və hər hansı mövqeyi ilə bağlı irad bildirmək doğru olmaz. Ən azı Azərbaycan çərçivəsində bu komandanın istənilən mövqeyində ən güclülər toplaşıb. Artıq uzun illərdir müdafiə xəttini təşkil edən futbolçular əksər vaxtlarda rəqib hücumçular üçün keçilməz olurlar. Təbii ki, ağdamlıların “ürəyi” orta sahəsidir. Riçard Almeyda və Dani Kintana günündə olsalar, onları dayandırmaq, sadəcə, qeyri-mümkünə çevrilər. Cari mövsüm bu cütlük, xüsusən də, ikinci xarüqələr yaradır. Onların bugünkü çıxışları “Neftçi”nin kubok ümidinə böyük təsir edəcək. Son vaxtlar əla təsir bağışlayan Migel Maderanı da unutmaq olmaz. Bu mövsüm tam formaya düşə bilməsə də, Reynaldo da istənilən vaxt rəqib müdafiəsinə başağrısı olacaq səviyyədədir. Bir sözlə, “Qarabağ”ın, demək olar ki, bütün mövqeləri “Neftçi”dən güclüdür.

Finalların komandası revanşı ala biləcəkmi?

“Neftçi”nin heyətində gəncləşdirmə siyasəti aparılsa da, unutmayaq ki, “flaqman” əsl final komandasıdır. Zarafat deyil, “ağ-qaralar” ardıcıl 5-ci dəfədir ki, Azərbaycan Kubokunun finalında iştirak hüququ qazanıblar. Son 4 finalın 2-də penaltilər seriyası hesabına qələbə qazanan bakılılar həm də ötən mövsümdəki məğlubiyyətin revanşını almağa çalışacaqlar. Çünki ötən mövsüm də Qəbələdə məhz “Qarabağ” - “Neftçi” finalı baş tutmuş və birincilər çətinlik çəkmədən qalib gəlmişdilər. İki komandanın çempionatdakı duelinə nəzər yetirsək, bakılıların son iki dövrədə rəqibə boyun əydiklərini görərik. Doğrudur, “flaqman” ilk iki dövrədə rəqibindən 4 xal almağa müvəffəq olub. Ancaq son illər digər komandalar kimi, “Neftçi”nin də “Qarabağ”la bacarmadığını statistikalar üzə çıxarır. Çempionatdakı son 12 qarşılaşmanın cəmi 1-də bakılıların qələbə qazanması buna əyani sübutdur.

3-cü eyni final

Azərbaycanın ən köklü komandaları olan əzəli rəqiblərin kubokda 11-ci dəfə yolları kəsişir. Bundan öncəki 10 dueldə tərəflər 18 dəfə meydançada rəqib olublar. Bunun 6-da “Qarabağ”, 4-də isə “Neftçi” mərhələ adlamağı bacarıb. Ağdamlıların 8 qalibiyyətinə bakılılar 5 qələbə ilə qarşılıq versələr də, hələlik top fərqində üstün olan tərəf “flaqman”dır - 16:15.

Bu, eyni zamanda ölkə kubokunda 3-cü “Qarabağ” - “Neftçi” finalı olacaq. İlk dəfə 1995-96 mövsümünün həlledici qarşılaşmasında üz-üzə gələn tərəflərin duelində paytaxt təmsilçisi rəqib qapısından 3 cavabsız top keçirmişdi. Ötən mövsümün final görüşündə isə “köhlən atlar” 3:1 hesablı qələbə sayəsində kuboku muzeylərinə aparmışdılar.

Hər iki komandaya tanış arena

Mövsümün son matçı uzun müddətdir futbol səsi çıxmayan Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu stadionu hər iki komanda üçün yad saymaq olmaz. Çünki müxtəlif dövrlərdə hər iki klub çempionatda mərkəzi arenadan öz stadionu kimi yararlanıb. Ancaq “Qarabağ”ın Avrokubok matçlarını hələ də burada keçirməsi bu komandanı bir növ ev sahibinə çevirir.

Bu gün tribunalarda anşlaqın olması istisna deyil. Çünki bilet satışı istənilən səviyyədə davam edir. Peşəkar Futbol Liqası çap etdirdiyi 23 min bileti klublar arasında bölüb və satışla da onlar özləri məşğuldurlar.

25 may

20:00 “Qarabağ” - “Neftçi”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu