cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Avro-2016-nın iştirakçıları

25.05.2016 11:29 Oxundu 3501

Futbol üzrə Avropa çempionatında iştirak edəcək komandalardan biri olan Belçikada son illərdə futbol sürətlə inkişaf etməkdədir. Hər halda Belçika yığmasının Avropa çempionatının qrup mərhələsində göstərdiyi gözəl oyun bunu bir daha təsdiq etməkdədir. Ümumiyyətlə, Belçika Avropanın ən yaşlı futbol ölkələrindən biri sayılır. Belçikada XXIX əsrin 80-ci illərindən başlayaraq futbol sürətli inkişaf dövrü yaşamağa başlayıb. XX əsrin əvvəllərindən isə Belçika yığması bütün beynəlxalq turnirlərdə çıxış etməyə başlayıb. Təsadüfi deyil ki, Belçika yığması 1900-cü ildə keçirilən Olimpiya oyunlarının bürünc medalını qazanıb. 1920-ci ildə isə Olimpiya oyunlarının qızıl medalını qazanaraq öz tarixində ən böyük uğura imza atıb. 2008-ci ildə Belçika yığması Olimpiya oyunlarında 4-cü yeri tutub.

Komanda 1930-cu ildən dünya çempionatında iştirak edir. Lakin belçikalılar dünya çempionatlarında uğur qazana bilməyiblər, yalnız 1986-cı ildə 4-cü yeri tutublar. Avropa çempionatlarında ən böyük uğuru 1972-ci ildə 3-cü yeri tutması olub. Bu il keçiriləcək Avropa çempionatının seçmə yarışlarında Belçika “B” qrupunda çıxış edib: 23 xal toplayaraq birinci yeri tutaraq Fransaya birbaşa vəsiqə qazanıb. Belçikalılar qrup mərhələsi çərçivəsində keçirdikləri 10 oyundan 7-də qalib gəlmiş, ikisində xalları yarıya bölmüş, yalnız biirndə məğlub olmuşlar. Belçikada futbolun sürətli inkişafı özünü FİFA və UEFA reytinqlərində də göstərməkdədir. 2016-cı il aprel ayının 7-nə olan FİFA reytinqinə Belçika yığması 2-ci yerdə qərarlaşıb. 2015-ci ilin noyabr ayının 13-nə olan UEFA reytinqinə görə isə komanda 5-ci yerdədir. Təbii ki, FİFA reytinqində Belçikanın 2-ci yeri tutması təsadüfi deyil.

Sablonun rolu

Son 6 ildə Belçikada futbol özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu inkişafda məşqçi Mişel Sablonun böyük xidmətləri var. Belçika yığmasını böhrandan çıxarmaq məqsədi ilə gənclərlə işi önə çıxaran Sablon bu məqsədlə “Ayaks” və “Barselona” komandalarının uşaq məktəblərinin işini diqqətlə öyrənərək onların əsasında iş üzrə xüsusi plan hazırladı. Eyni zamanda istər gənclər və uşaqlarla, istərsə də yığma komanda ilə oyunlarda yalnız 4-3-3 sxeminin effekt verəcəyini düşünən məşqçinin təklifi ilə ölkənin bütün yaş qrupları üzrə yığma komandaları bu taktikadan istifadə etməyə başladılar. Eyni zamanda Sablonun planı əsasında ölkədə futbolun inkişafına nail olmaq məqsədi ilə 14-18 yaşlılar üçün xüsusi futbol məktəbləri açıldı. Bu məkətblərdə həm qızlar, həm də oğlanlar futbolun sirlərinə yiyələnməyə başladılar. Nəticədə qısa müddətdə Belçika futbolunda Aksel Vitsel, Stiven Defur, Tibo Kurtua, Kevin De Breyne, Naser Şadli, Mussa Dembele kimi ulduz futolçular yetişdi. Ölkə futbolunun gələcəyinin məhz uşaq futbol məktəblərinin fəaliyyətindən asılı olduğunu başa düşən Belçikanın klub komandaları dərhal uşaq məktəblərinin inkişaf etdirilməsinə kifayət qədər böyük həcmdə sərmayə qoymağa başladılar. Məsələn, Lyejin “Standart” futbol klubu uşaq məktəbinin inkişaf etdirilməsinə 18 milyon avro xərclədi. Nəticədə klubun uşaq futbol məktəbində Fellayni, Vitsel və Defur kimi futbol ulduzları yetişdi. Belçikanın “Qenk” komandası isə uşaq futbol məktəbinin inkişaf etdirilməsinə 3 milyon avro qoydu. Nəticədə “Qenk”in uşaq məktəbində dünya şöhrətli Tübo Kurtua kimi qapıçı yetişdi. Futbola marağın artması uşaqların bu oyunla kütləvi şəkildə məşğul olmasına gətirib çıxardı. Demək olar hər gün onlarla gənc futbolçu klub komandalarının qapsını döyərək uşaq futbol məktəbində oxumaq istədiyini bildirir. Onlardan ən istedadlısını müəyyən edən xüsusi münsiflər qrupu ümid etdikləri gənci məktəbə götürürlər. Məsələyə münasibət bildirən “Anderlext” komandasının uşaq-gənclər futbol məktəbinin direktoru Jan Kindermans deyir: “Bizə hər gün 6-yaşdan 21-yaşadək olan 220 nəfər müraciət edir. Onlardan ancaq ən yaxşılarını seçərək komandaya qəbul edirik”.

“Qızıl nəsil”

2010-cu ildə Belçika yığmasına baş məşqçi təyin edilən Mark Vilmots nəinki ölkə daxilində, həm də onlardan kənarda yetişən Belçika əsilli futbolçuları diqqətlə üzləməyə və onlardan ən yaxşılarını yığma komandada oynamağa dəvət etməyə başladı. Nəticədə Belçikadan kənardakı futbol məktəblərində yetişən Yan Vertonqen, Tomas Vermalen və Eden Azar ölkə yığmasının əsas oyunçularına çevrildilər. Qeyd edək ki, Vermalen Hollandiyanın “Ayaks”, Azar isə Fransanın “Lill” komandasının uşaq futbol məktəbində yetişiblər. Tibo Kurtua isə Qenkin yetişdirməsi kimi 16 yaşında ikən əsas heyətdə çıxış etməyə başladı. Kevin de Breyn isə 17 yaşında “Qenk”in əsas heyətinin oyunçusuna çevrildi. Romelu Lukaku isə 18 yaşında “Anderlext”in əsas heyətində möhkəmləndi. Aksel Vitsel, Zakariya Bakkali, Kristian Benteke ulduz futbolçular kimi Belçikanı dünyanın tanınmış futbol klublarında təmsil etməyə başladılar. Amma Belçika futbolunda gözlənilmədən peyda olan ulduz futbolçular da az deyil. Məsələn, Belçika yığmasının oyunçusu Loran Depuatra ikinci liqada oynayan “Ostende” komandasında çıxış edirdi. O, orta səviyyəli futbolçu hesab edilirdi. Hətta onun tezliklə futboldan gedəcəyi də gözlənilirdi. Çünki Depuatra mühəndis idi və futbola təsadüfən gəlmişdi. Hətta azarkeşlərin ümidlərini doğrultmadığına görə, Depuatra karyerasını başa vurmaq istəyirdi. Lakin ötən il “Qenk”ə transfer edilən hücumçu gözlənilmədən gözəl oyunu ilə hamının diqqətini özünə cəlb etdi. Onun vurduğu fantastik qollar Belçikada böyük hay-küyə səbəb oldu. Nəticədə gözəl oyunu ilə Belçika yığmasının baş məşqçisinşin diqqətini cəlb edən Depuatra ölkə yığmasına dəvət edildi.

2014-cüildə keçirilən dünya çempionatında Belçika gözəl oyunu ilə yadda qaldı. Belçikalılar öz qruplarında 3 oyunun 3-nü də udaraq səkkidəbir finala yüksəldilər. Səkkizdəbir finalda ABŞ üzərində qələbə çalan Belçika dörddəbir finalda Argentinaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı. Ancaq Belçikanın gözəl oyunu ona yeni şöhrət gətirdi. Belçika yığması Avropa çempionatının qrup mərhələsinin oyunlarını da olduqca yüksək səviyyədə keçirdi. Belçika yığması E qrupunda növbəti mərhələyə çıxmaq üçün İtaliya, İrlandiya və İsveç komandaları ilə mübarizə aparacaqlar. Belçikalılar ilk oyununu iyunun 13-də Lion şəhərində İtaliya yığmasına qarşı keçirəcək. İyun ayının 18-də Belçika Bordoda İrlandiya, 22-də isə Nitsada İsveçlə görüşəcək. Bu komandanın növbəti mərhələyə çıxmaq imkanı verəcək 2 vəsiqədən birini qazanacağı ehtimal edilir. Tanınmış ekspertlər Belçikanın Avropa çempinatınında ilk 3 yerdən biirni tuta biləcəyini istisna etmirlər.

Əziz Mustafa