cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Avro-2016-nın iştirakçıları Avropa çempionatının surpriz komandası: İrlandiya

25.05.2016 11:32 Oxundu 3333

Əslində İrlandiya yığmasının Avropa çempionatının finalına vəsiqə qazanacağını da çoxları gözləmirdi. İş orasındadır ki, bu milli dəstə heç vaxt Avropanın güclü komandalarından hesab edilməyib. Bu baxımdan irlandların Avropa çempionatının finalına vəsiqə qazanması əksər tanınmış futbol mütəxəssisləri üçün gözlənilməz oldu.

İrlandiya 2016-cı il aprel ayının 7-nə olan FİFA reytinqinə görə 31-ci, 13 noyabr 2015-ci il UEFA reytinqinə görə isə 23-cü yerdə qərarlaşıb. İrlandiya yığması 1934-cü ildən dünya çempionatlarında çıxış etməyə başlayıb. Lakin ciddi uğur əldə edə bilməyib. İrlandların ən böyük uğuru 1990-cı ildə dörddəbir, 1994-cü ildə isə səkkizdəbir finala kimi irəliləmələri olub. Avropa çempionatında 1960-cı ildən çıxış edən irlandlar bu turnirdə də uğura imza ata bilməyiblər. Amma komandanın son uğurunda, təbii ki, baş məşqçi Martin O'nilin böyük xidmətləri var. Martin O'nilin komandası qrup mərhələsində növbəti mərhələyə vəsiqə uğrunda Almaniya, Polşa, Şotlandiya, Gürcüstan və Hibraltarla mübarizə aparmalı oldu. İrlandlar Fransada birbaşa oynamağa imkan verəcək ilk iki yerdən birini tuta bilməsələr də, 3-cü yerdə qərarlaşaraq pley-off mərhələsinə vəsiqə qazandılar. Pley-off matçında Bosniya-Herseqovinanı iki oyunun nətcəsinə görə (2:0, 1:1) mübarizədən kənarlaşdıran Martin O'nilin komandası bununla da uğura imza atmış oldu. Qeyd edək ki, hazırkı İrlandiya komandasında Robbi Kin, Conatan Uolters və Şeymus Koulmen kimi ulduz futbolçular oynayırlar. Onlardan Robbi Kin qrup mərhələsi oyunlarında rəqib qapılarından 5 top keçirib. Təbii ki, bu, uğur hesab edilə bilər. İş orasındadır ki, İrlandiya yığması UEFA çempionatında 41-ci yerdə qərarlaşıb. Bu yerin nə qədər aşağı olduğunu göstərmək üçün deyək ki, Qazaxıstan, Gürcüstan və Albaniya ada təmsilçilərini (İrlandiya yığmasını) özlərindən geridə buraxıblar. Ümumiyyətlə, İrlandiya çempionatı da olduqca kasıb hesab edilir. Belə ki, adıçəkilən ölkənin çempionatında, güclülər dəstəsində 12 komanda çıxış edir. 12 komandanın büdcəsi isə cəmisi 9 milyon avrodur. Ona görə də irland futbolçuların əksəriyyəti İngiltərənin ikinci, üçüncü dəstələrində oynamağa üstünlük verirlər. Onların əksəri yaxşı futbolçu kimi yetişərək Premyer liqa komandalarının heyətində çıxış etmək imkanı qazanıblar.

Əzmkar oyun ruhu

İrland oyunçuların çox da güclü olmayan komandalarda top qovmalarına baxmayaraq, ölkə yığmasının heyətində dünyanın adlı-sanlı komandaları ilə bərabər səviyyədə mübarizə aparmaqdan çəkinmir, bəzən özlərinə xas olmayan güclü oyun nümayiş etdirərək, rəqiblərini çaş-baş salırlar. Hər halda ada təmsilçisinin Avropa çempionatının finalına vəsiqə qazanmasının arxasında da məhz oyunçuların iradə, əzmkarlıq nümayiş etdirmələri önəmli rol oynadı. Martin O'nilin komandası müdafiə futboluna və qəfil əks-hücum taktikasına üstünlük verir. Avropa çempionatının finalına İrlandiyanın vəsiqə qazanmasında da məhz bu amil önəmli rol oynadı. Avropa çempionatının final mərhələsinin qrup oyunlarında növbəti mərhələyə vəsiqə qazanmaq üçün İrlandiya yığması E qrupunda Belçika, İtaliya və İsveçlə mübarizə aparacaq.

İrlandlar ilk oyunlarını iyunun 13-də Parisdəki “Stad de Frans” stadionunda İsveçə qarşı keçirəcəklər. İyunun 18-də Bordoda Belçika, 22-də isə Lilldə İtaliya ilə görüşəcəklər. Qeyd edək ki, püşkatma mərasimindən sonra Martin O'nil: “Bundan da pisi ola bilməzdi. Biz ancaq İsveçlə ilk oyunda 3 xal qazana biləcəyimizə ümid edə bilərik. Bu oyunda qələbə qazana bilsək, onda növbəti mərhələyə çıxmaq üçün azacıq da olsa şansınız olacaq. Məğlub olacağımız təqdirdə isə növbəti mərhələyə çıxmaq imkanlarımız boşa çıxmış olacaq. Ancaq buna görə heç kimi bizi qınamayacaq. Çünki bütün hallarda Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməyimiz böyük uğurdur”, - deyib.

“...onda buna etiraz etməyəcəyəm”

İrlandiya yığmasının əsas ümidlərindən biri hazırda “Sauthempton” komandasında oynayan hücumçu Şeyn Lonqdur. Şeyn Lonq İngiltərə Premyer liqasında “Sauthempton”un heyətində 9 top vura bilib. Lakin o, 4 dəfə zədə alaraq əksər oyunlarda iştirak edə bilməyib. Əgər zədələr olmasaydı, Şeyn Lonq, şübhəsiz ki, rəqib qapılarından daha çox top keçirəcəkdi. İrlandiya yığmasının əsas hücumçularından biri də Conatan Uoltersdir. Premyer liqanın ortabab komandalarından olan “Stok Siti”də çıxış edən Uolters 5 dəfə rəqib torunu silkələyib. Lakin Uolters də zədələr ucbatından əksər oyunları buraxmalı olub. İrlandiya yığmasında oynayan 35 yaşlı Robbi Kin “Los-Anceles Qalaksi”də top qovur. O, qrup mərhələsi oyunlarında rəqib qapılarından 5 top keçirərək komandasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasında önəmli rol oynayıb.

Martin O'nil komandasını 4+2+2+2 taktiki sxemi üzrə meydana çıxarır. Bununla belə, baş məşqçi Bosniya-Herseqovina ilə pley-off oyununda komandasını meydana 4+2+3+1 sxemi üzrə çıxardı və rəqiblərinə 2:0 hesabı ilə qalib gəldi. Təkrar oyunda isə Martin O'nil 4+1+2+1+2 taktikasına üstünlük verdi və nəticədə səfər matçında oyunu 1:1 hesabı ilə başa vurmaqla vəsiqəni komandası üçün təmin etmiş oldu.

Ümumiyyətlə, Martin O'nil yığma komandada oyunçular arasında yüksək ovqat formalaşdıra bilib. Baş məşqçidən soruşanda ki, Avropa çempionatını onların həyat yoldaşlarının da izlməsinə icazə verəcəkmi, o deyib: “Əgər futbolçularımızın həyat yoldaşları ilə turnir ərzində əlaqə qurması, onlarla görüşməsi uğur qazanmağımıza yardım edəcəksə, onda buna etiraz etməyəcəyəm”.

Qeyd edək ki, Martin O'nil İrlandiya yığmasına 2013-cü ildə baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında ada təmsilçisi 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına vəsiqə qazana bilməsə də, sonra Avropa çempionatının qrup mərhələsində uğurla çıxış edə bildi.

İrlandiya yığmasının heyətində iki güclü futbolçu çıxış edir. Bunlar “Everton”da oynayan Simus Koulmen və Eyden Makqididir. Bundan əlavə, “Stok Siti” də Mark Uilson da yaxşı oyun nümayiş etdirir.

Bir sözlə, İrlandiya yığmasını heç də zəif rəqib hesab etmək olmaz. Bununla belə, şübhəsiz ki, Martin O'nilin də dediyi kimi, komandasının taleyi ilk oyunda həll ediləcək. Əgər İrlandiya yığması rəqibinə qalib gələ bilsə və ya ən azından onunla heç-heçə oynaya bilsə, onda azacıq da olsa növbəti mərhəlyə çıxmaq şansını saxlamış olacaq.

Əziz Mustafa