şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Ötən mövsümün sensasiyası, sürprizi, rüsvayçısı, uğursuzu...

25.05.2016 11:33 Oxundu 3039

Ümumi mövsümə isə bu gün keçiriləcək Azərbaycan Kubokunun final matçı ilə son qoyulacaq. Öncədən gözlənildiyi kimi, “Qarabağ” ardıcıl 3-cü dəfə ölkə çempionluğu titulunu qazandı. Debütant “Zirə” ilk mövsümündəcə gümüş medala layiq görüldüsə, “bürünc” yenə “Qəbələ”yə qismət oldu. Çempionatı sonuncu pillədə bitirən komanda isə “Xəzər Lənkəran” oldu. “Çempion” qəzeti olaraq mövsümün yekunu ilə bağlı fikirlərimizi bildirməyi lazım bildik.

Gözlənilən çempionluq

Hələ mövsüm başlanmazdan əvvəl “Qarabağ” ardıcıl 3-cü dəfə qızıl medala əsas namizəd idi. Avropa Liqasında qrup mərhələsinə qədər irəliləyən və orada da güclü rəqiblərlə layiqincə mübarizə aparan Ağdam təmsilçisinə yalnız “Qəbələ” rəqib hesab edilirdi. Qurban Qurbanovun əlinin altında alternativli heyətin olması onun işini xeyli asanlaşdırdı və nəticədə komanda hər 3 cəbhədə uğurla çıxış etdi. Mövsümün gedişində artıq “Qəbələ”nin də ağdamlılarla ayaqlaşa bilməyəcəyi gün kimi aydın idi. Yalnız debütant “Zirə” nəsə etməyə çalışsa da, “Qarabağ”ı üstələməyin qeyri-mümkün olduğunu onlar da dərk etdilər. Əslində, Qurbanovun yetirmələri 8-10 tur öncədən də çempionluğu rəsmiləşdirə bilərdilər. Ancaq komanda hər dəfə rəqibləri ilə fərqi artıranda, nədənsə, onların bir qədər yaxınlaşmalarına şərait yaradırdı. “Qarabağ”ın bu çempionatı rəqibsiz bitirdiyini əminliklə söyləmək olar. Onların mövsümü ikinci yerdəki komandadan 22 xal öndə bitirmələri buna əyani sübutdur.

Sensasiya

Cəmi 2 ildir ki, yaranan “Zirə” Premyer Liqadakı ilk mövsümünə iddialı başladı. Gənc mütəxəssis Adil Şükürov komandanın sükanı arxasına gətirildi və yaxşı futbolçular transfer edildi. Eyni zamanda maliyyə problemi ucbatından digərlərinin zəifləməsi bakılıların ürəyincə oldu. İstənilən halda “Zirə”nin mövsümü 2-ci pillədə tamamlaması böyük sensasiya oldu. Komanda öz oyunu ilə çempionata əlavə rəng qatdı, “Qarabağ”dan başqa bütün rəqiblərlə əksər görüşlərdə üstün futbol sərgilədi. Yeni qurulmuş bir heyət üçün 2-ci yeri maksimum nəticə saymaq olar. Çünki hazırkı məqamda “Qarabağ”ı üstələmək, sadəcə, qeyri-mümkün idi. Uğurlu əcnəbi seçimləri paytaxt klubunun sensasiya etməsində böyük rol oynadı. Hücumçu Nelson Bonillanın məhsuldarlığını da qeyd etmək lazımdır. Ancaq əsas qəhrəman, şübhəsiz ki, Premyer Liqada baş məşqçi kimi ilk mövsümünü keçirən Adil Şükürov oldu.

...Və sürpriz

”Zirə” ilə bağlı deyilən fikirləri “Kəpəz”ə də şamil etmək olar. Uzun müddət idi aktiv futbola ac olan Şahin Diniyevi baş məşqçi postuna gətirən gəncəlilər geridə qalan mövsümə xüsusi rəngarənglik qatdılar. Gəncədəki matçlara 20 minə yaxın azarkeşin gəlməsi əsl futbol ab-havası yaradırdı. Bu, komandaya əlavə təkan verən amil idi. Mövsümün əvvəllərində komandanın aparıcı qüvvəsi olan Federiko Dario da Silvanın zədələnməsinə baxmayaraq, “Kəpəz” hücum futbolundan əl çəkmədi, rəqiblərinə də açıq oyun təklif edirdi. Bir çox görüşlərdə komanda rəqibindən üstün oyun nümayiş etdirməsinə baxmayaraq, bəxti gətirmədi və xal itirdi. “Kəpəz”in 3-cülük uğrunda mübarizəni son tura qədər davam etdirməsini sürpriz saymaq olar. Çünki Diniyevin əlindəki heyət, bəlkə də, başqa mütəxəssisin rəhbərliyi altında heç ilk “6-lığ”a düşə bilməzdi. Şahin bəy bununla uzun illər kənarda qalmasının yanlışlıq olduğunu klub rəhbərliyinə göstərmiş oldu.

Mövsümün uğursuzu

Uğursuz komanda kimi “Qəbələ”nin adını çəkmək olar. Mövsümə əla başlanğıc edən Roman Qriqorçukun kollektivi Avropa Liqasında 4 komanda keçərək, qrup məhələsinə düşdü. Əla formada olan bir vaxtda şimallıların çempionatda da işləri qaydasında gedirdi. Üstəlik, ukraynalı mütəxəssisin ixtiyarındakı zəngin heyət və Avroliqadakı uğurlu mübarizə onların “Qarabağ”a rəqib ola biləcəklərindən xəbər verirdi. Ancaq nədənsə, “Qəbələ” bir anda “dayandı”. Uğurlu çıxış Roman Qriqorçukun adının Ukrayna millisi ilə yanaşı çəkilməsinə şərait yaratdı. Elə uğursuz nəticələr də bundan sonra bir-birini əvəz etməyə başladı. “Qırmızı-qaralar” mövsümü 5-ci pillədə də başa vura bilərdilər. Amma son turda “Kəpəz” üzərində qələbə Qriqorçukun yetirmələrini xilas etdi. Düzdür, “Qəbələ” bu dəfə də bürünc mükafata sahib çıxdı. Lakin heyəti və yaradılan şəraiti nəzərə alsaq, bunun “Qəbələ” üçün uğursuz nəticə olduğunu söyləyə bilərik.

...Və rüsvayçısı

Azərbaycanın ən köklü komandası olan “Neftçi” tarixinin ən biabırçı mövsümlərindən birini keçirdi. Struktur dəyişikliyinə əl atan və Müşahidə Şurası tərəfindən idarə olunan “flaqman” mövsümə gənc Samir Əliyevlə başladı. Ötən yay fasiləsində büdcəni kiçildən və bir neçə aparıcı əcnəbisi ilə yollarını ayıran bakılılardan heç kim uğurlu nəticə gözləmirdi. Ancaq digərlərinin də heyətlərinin zəiflədiyini nəzərə alsaq, “Neftçi” ilk “üçlük” uğrunda yarışa bilərdi. Uğursuz start Samir Əliyevin erkən istefasına yol açdı. Müşahidə Şurasının üzvü Əsgər Abdullayev sükan arxasına keçsə də, o da hadisələrin axarını dəyişə bilmədi. Nəticədə mövsümdə 3-cü dəfə baş məşqçi təyinatı oldu və komanda Vəli Qasımova tapşırıldı. Amma görünən o idi ki, “flaqman”ın problemi baş məşqçilərdə deyildi. Yanlış siyasət və intizamsız futbolçular vahid bir sistemin qurulmasına mane oldular. “Neftçi” son anda AZAL-ı üstələyərək, 6-cı yeri tutdu və Avropa Liqasına (”Zirə” və “İnter”ə qoyulan məlum qadağanın hesabına) vəsiqə qazandı. Doğrudur, “flaqman” Azərbaycan Kubokunun finalına qədər irəlilədi. Bu gün həlledici görüşdə “Qarabağ”la üz-üzə gələcək “Neftçi” kuboku qazanıb, çempionatdakı rüsvayçılığı unutdurmağa çalışacaq.

Fədakarlar

Mövsümün əvvəlində heyətdə islahatlar aparan komandalardan biri də “İnter” oldu. Ciddi maliyyə problemi ucbatından futbolçular aylarla maaş üzü görmədilər. Mövsümün gedişində isə UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılma cəzası aldılar. Təbii ki, belə bir ərəfədə futbolçuları oyuna kökləmək, onlarla qələbələr qazanmaq çox çətin məsələdi. Ancaq “bankirlər”in oyunçuları əsl peşəkarlıq nümayiş etdirərək, bu problemləri meydançaya daşımadılar. Kubokun yarımfinalında komandanın qarşısını Azərbaycanın ən güclüsü olan “Qarabağ” kəsdi. Çempionatda isə “İnter” sona qədər bürünc mükafat uğrunda mübarizəni davam etdirdi. Avrokuboka yollanmayacağını bilə-bilə ora vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq heç də asan məsələ deyil. Biz bunu baş məşqçi Zaur Svanadzedən çox, futbolçuların fədakarlığı ilə əlaqələndiririk. Svanadze sadəcə, keçmiş baş məşqçi Kaxaber Sxadadzenin sisteminə sadiq qaldı. Klubun yeni rəhbərliyinin maliyyə problemi dönəmini ən yaxşı şəkildə keçirdiyini də demək olar.

İddiasızlar

“Zirə” və “İnter”in məlum cəzası üzündən 6-cı yerin sahibi də Avrokuboka vəsiqə qazanırdı ki, AZAL məhz bunun sayəsində nəyəsə iddia edirdi. Düzdür, “təyyarəçilər” son turlara qədər bu mübarizənin içində oldular, hətta bir ara 6-cı pillədə qərarlaşırdılar. Ancaq son turlardakı uğursuz çıxış komandanı 7-ci pilləyə saldı. Doğrudur, Tərlan Əhmədov əsasən təcrübəsiz gənclərin və digər komandalarda heyətə düşə bilməyən təcrübəlilərin ümidinə qalmışdı. Ancaq “Kəpəz” nümunəsi də AZAL-ın bundan artığını edə biləcəyini göstərir. Bakılılar cəmi 3 komandanı üstələdiklərindən, mövsümü onlar üçün uğurlu saymaq olmaz.

Mövsümün digər iddiasız komandası isə “Sumqayıt” oldu. Aqil Məmmədovla mübarizəyə başlayan “kimyaçılar” çox keçməmiş Samir Abasova həvalə edildilər. Abasovun rəhbərliyi altında “Sumqayıt” daha baxımlı oyun göstərməyə başladı. Ancaq heyətə cəlb edilən təcrübəli futbolçuların ümidləri doğrulda bilməmələri “gənclik şəhəri” təmsilçisinin uğurlu nəticələrinə mane oldu.

Zəiflər

Hələ ötən yaydan “Rəvan” və “Xəzər Lənkəran”ın son sıralarda qərar tutacaqları bəlli idi. Hər iki komanda mövsümü birtəhər başa vurdu. Həm bakılılar, həm də cənublular aşkar zəif olduqlarından, digər komandaların qapazaltısına çevrilmişdilər. Son turda isə sonuncunu müəyyən etmək üçün üz-üzə gələn tərəflərin mübarizəsi bir anda formal xarakter daşımağa başladı. Çünki gələn mövsümlə bağlı lisensiyanın tələblərinə cavab verməyən komandaların Premyer Liqada iştirakına qadağa qoyuldu. Son turda isə “Rəvan” son dəqiqə qolu sayəsində evdə 1 xal əldə etdi və “Xəzər Lənkəran” mövsümü “zirzəmi”də başa vurdu.

Ömər Məmmədov