çərşənbə, 24 aprel 2024

BOKS

Lorenzo Sotomayor dörddəbbir finalda

15.08.2016 14:16 Oxundu 7368

XXXI Yay Olimpiya Oyunlarının doqquzuncu günündə - avqustun 14-də Azərbaycanın beş təmsilçisi idmanın üç növü – yunan-Roma güləşi, velosiped və boks üzrə yarışlarda mübarizə aparıb. Turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı Rövşən Bayramov səkkizdəbir finalda Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozkoya 8:0 hesabı ilə qalib gəlib. Güləşçimiz dörddəbir finalda ABŞ təmsilçisi Xese David Telkedən 9:0 hesabı ilə üstün olaraq yarımfinala vəsiqə qazanıb. R.Bayramov yarımfinalda yaponiyalı Şinobu Ota ilə qarşılaşmadan məğlub ayrılaraq bürünc medal uğrunda görüşə çıxıb. İdmançımız bu qarşılaşmada 2014-cü il dünya çempionatının mükafatçısı norveçli Stiq-Andre Berqe ilə üz-üzə gəlib. Görüş norveçli güləşçinin qələbəsi ilə başa çatıb. Beləliklə, R.Bayramov “Rio-2016”nı beşinci yerdə yekunlaşdırıb.

Yunan-Roma güləşi yarışlarındakı digər təmsilçimiz, birinci Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev (75 kq) 1/16 final mərhələsində misirli Mahmud Fevzi Rəşad Sebyeni məğlub edərək səkkizdəbir finala yüksəlib. Bu mərhələdə Doşan Kartıkov (Qazaxıstan) ilə qarşılaşan güləşçimiz növbəti qələbəsini qazanaraq dörddəbir finala adlayıb. Təmsilçimiz dörddəbir finalda dünya və Avropa çempionu Peter Başçiyə (Macarıstan) məğlub olaraq Olimpiadada mübarizəni dayandırıb.

Mötəbər yarışın doqquzuncu günündə Azərbaycanın iki boksçusu rinqə çıxıb.

Birinci Avropa Oyunlarının qalibi Lorenzo Sotomayor (64) səkkizdəbir finalda fransalı Hassan Amzilı 2:1 hesabı ilə məğlub edərək dörddədəbir finala yüksəlib. O bu mərhələdə yarımfinala çıxmaq uğrunda kubalı boksçu Yasnier Toledo ilə döyüşəcək. Qarşılaşma avqustun 17-də gecə saat 01:15-də keçiriləcək.

Digər boksçumuz, London Olimpiadasının mükafatçısı, Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov “Rio-2016”da keçirdiyi üçüncü görüşün nəticəsində Olimpiadada mübarizəni dayandırıb. Dörddəbir finalda qazaxıstanlı Adilbek Niyazimbetov ilə üz-üzə gələn T.Məmmədov uğur qazana bilməyib.

Qadın velosipedçimiz Olqa İsmayılova sprint növündə ilkin mərhələ yürüşündə çıxış edib. Yarışa təsnifat mərhələsindən başlayan idmançımız 27 atletin mübarizəsində onaltıdabir finala yüksəlmək üçün mübarizə aparıb. Yarışda 11,152 saniyəlik nəticə göstərən O.İsmayılova növbəti mərhələyə vəsiqə qazanıb və ümumi sıralamada 18-ci olub. Atletimizin bu mərhələdəki rəqibi Böyük Britaniya təmsilçisi Rebekka Ceyms 10,721 saniyəlik nəticə ilə təsnifat mərhələsini birinci yerdə tamamlayaraq Olimpia rekordunu yeniləyib. Beləliklə, ikili mübarizəni 11,377 saniyə ilə başa vuran velosipedçimiz rəqibindən geri qalaraq gücünü təsəlliverici yürüşdə sınayıb. Lakin O.İsmayılova bu yürüşdə də ikinci olub və Olimpiadada çıxışını dayandırıb.