şənbə, 20 aprel 2024

MÜSAHİBƏ

“Bakı”nı tərk etməklə səhvə yol verdim”

15.06.2016 14:36 Oxundu 8398

Komandanın belə bir uğura imza atmasında, şübhəsiz ki, baş məşqçi Ramin Quliyevin də kifayət qədər xidmətləri var. Bu günlərdə “Qəbələ”nin əvəzedici heyətinin baş məşqçisi Ramin Quliyevlə görüşüb, ona bəzi suallarla müraciət etdik.

- Ramin bəy, belə bir sualla müraciət etmək istəyirəm: rəhbərlik etdiyiniz “Qəbələ”nin əvəzedici komandası XXXII turda “Neftçi” ilə matçından sonra çempionluğu rəsmiləşdirdi. Yəni 3:0 hesabı ilə qalib gələn yetirmələriniz xal hesabını 72-yə çatdırdı. Bununla da ən yaxın izləyicisindən 13 xal uzaqlaşaraq çempionatın sonuna 4 tur qalmış birinci yeri təmin etdi. Ramin bəy, qızıl yolun hansı çətinlikləri oldu?

- Ümumiyyətlə, qızıla gedən yol heç də asan olmadı. Bildiyiniz kimi, biz ilk beş turda cəmi bir qələbə ilə turnir cədvəlində 10-cu yerdə idik. Buna baxmayaraq, komanda toparlanıb düşdüyü vəziyyətdən çıxmağı bacardı. Təbii ki, belə vəziyyətdə xarakter öz sözünü dedi. Çünki belə vəziyyətdən çıxmaqdan ötrü, komandaya xarakter - inam, istək lazım idi. Bunu da komandamız göstərə bildi. Nəticədə çempionatın ortalarında biz ilk pillədə qərarlaşdıq. Onu da deyim ki, birinci pilləyə qalxmaq nə qədər çətindirsə, həmin yeri saxlamaq ondan da çətindir.

- Səhv etmirəmsə, bu, “Qəbələ”nin əvəzedicilərinin tarixində ilk çempionluqdur?

- Bəli. Biz “Qəbələ”nin futbol tarixində yeni bir uğura imza atdıq. Sevinirəm ki, bu nailiyyətdə mənim də əməyim var.

- Ötən mövsüm hədəfiniz çempion olmaq idi?

- Sözün düzü, qarşıma çempionluq qoyulmamışdı (Unutmayın ki, hər bir məşqçinin də öz hədəfləri olur). Hədəf mövsüm ərzində futbolçularımızın (Roman Hüseynov, Ehtiram Şahverdiyev, Ramil Həsənov, Qismət Əliyev və başqalarının) əsas heyətdə çıxış etməsi idi. Bu, bizim üçün çempionluqdan daha üstün idi. Biz isə həm klubun qarşımıza qoyduğu, həm də bir məşqçi kimi mənim öz qarşıma qoyduğum hədəfə nail olduq.

- Yeri gəlmişkən, “Qəbələ”nin əsas heyətinin baş məşqçisi Roman Qriqorçuk bu uğurunuza qısqanclıqla yanaşmadı ki?

- Xeyr, elə “Neftçi” ilə oyundan sonra məni ilk təbrik edənlərdən biri o oldu. Yeri gəlmişkən onu da deyim ki, “Qəbələ” komandasını Avroliqaya çıxarmış Qriqorçuk heç vaxt öz dəyərli məsləhətlərini məndən əsirgəməyib. Mən də onun məsləhətlərindən faydalanmışam. Fikrimcə, gənc məşqçilərin belə məsləhətlərə həmişə ehtiyacı var.

- Yəqin ki, bir zamanlar “Qəbələ”nin əvəzedici heyətinə rəhbərlik etmiş ispaniyalı mütəxəssis Luis Antonio Araqonu xatırlayırsınız. Bu xatırlatmam əbəs deyil. Yəni demək istəyirəm ki, bu uğurunuzla onun bacarmadığını həyata keçirdiniz. Bu, sizin ondan üstünlüyünüzdən xəbər verir, yoxsa?

- Yadımdadır. Onda mən aşağı yaş qruplarında çalışırdım. Əcnəbi çalışdırıcı 2013-cü ildə “Qəbələ” U-19 komandasına ölkə birinciliyinin qızıl, 2014-cü ildə “qırmızı-qaralar”a əvəzedicilərin çempionatında gümüş medalları qazandırıb. Bununla demək istəyirəm ki, əvəzedici komandamız hər il ikinci, üçüncü, dördüncü yeri tuturdu. Mən komandaya baş məşqçi təyin olunanda futbolçularda özlərinə inamın olmadığını hiss etdim. Odur ki, heyətdə çox böyük dəyişikliklər etmədən onlarda çempionluğa inam aşılamağa çalışdım və buna nail oldum.

- Ümumiyyətlə, “Qəbələ”nin əsas komandası haqqında əvəzedicinin baş məşqçisi kimi nə deyə bilərsiniz?

- Bilirsinizmi, futbolda “qara zolaq” adlı bir termin var, komanda o qara zolağa düşəndə onu oradan çıxarmaq hər məşqçinin, hər komandanın işi deyil. Mənə elə gəlir ki, “Qəbələ” o “qara zolağ”a düşdü və çıxa bilmədi. Bir də mən bunu şanssızlıq kimi dəyərlənidirərdim.

- Səhv etmirəmsə, bu, məşqçi kimi sizin 3-cü qızılınızdır. Keçən il U-17 komandası ilə həm ölkə kubokunu, həm də ölkə çempionluğunu qazanmısınız? Kolleksiyanız zənginləşdi. Daha nələrə ümid edirsiniz?

- 3 illik məşqçilik fəaliyyətimdə 3 medal qazanmışam. Təbii ki, bu gənc bir məşqçi üçün uğur sayıla bilər. Amma nə gizlədim, bunları o qədər də böyük nailiyyət hesab etmirəm. Premyer Liqada, eləcə də milli komandada daha uğurlu nəticələrə imza atmaq istəyirəm.

- Yəqin ki, indiyə kimi başqa klublardan təkliflər olub. Başqa sözlə: sizə baş məşqçi kimi müştəri gözü ilə baxan klublar varmı?

- Ümumiyyətlə, bir-iki klubdan təkliflər olub. Amma bu gün “Qəbələ” Futbol Akademiyasında mənə elə şərait yaradılıb ki... Uğurlarımda da bu akademiyanın rolu danılmazdır.

- Sirr deyilsə, həmin klubların adalarını açıqlaya bilərsinizmi?

- U-12-də çalışarkən “Rəvan”dan təklif olmuşdu. Bir də “Neftçala”dan. Amma mən klub dəyişməyə tələsmədim. Məncə, hər şeyin zamana ehtiyacı var.

- “A” kateqoriyalı məşqçisiniz, bəs “Pro”ya ehtiyac duymursunuz?

- İnşallah, bu il “Pro”nu əldə etməyə çalışacağam.

Haşiyə

- Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Bəs baş məşqçi tünd olsa?

- Oyunçularını.

- Savaş gendən baxana asan gələr, bəs futbol?

- Futbol da elə savaş kimi bir şeydir.

- Yaxşı övlad atasını vəzir edər. Bəs yaxşı futbolçu baş məşqçisini nə edər?

- Qürurlandırar.

- Soruşa-soruşa İstanbula getmək olar. Bəs qələbə qazana-qazana hara kimi getmək olar?

- Premyer Liqaya. Ondan sonra da Avropa meydanlarına.

- Ölüm, gözlə qaş arasındadır, bəs məğlubiyyət?

- Məğlubiyyət də gözlə qaş arasındadır. Niyə görə? Adi bir misal: “Neftçi” ilə 3:1 udduğumuz oyunu ani bir anda 3:4 uduzduq.

- Yaxşı iğid dalı gözlər, yaxşı at qabağı, bəs yaxşı oyunçu?

- Qapı istiqamətini.

“Uğurlarımın

memarı atam olub”

- İlk topunuzu xatırlayırsınız?

- Bəli. 8 yaşım olanda atam ad günümdə mənə top almışdı. O gün elə bil mənə dünyaları bağışlamışdılar.

- O illərdə neçə cüt ayaqqabı yırtmısınız?

- Vallah, sayını bilmirəm. Amma çox olub. İlk vaxtlarda məşqlərimizi yaşıl meydançalarda deyil, asfalt üzərində keçirirdik. Demək olar ki, hər həftə ketam sıradan çıxırdı.

- Ramin bəy, peşəkar futbola gəlişiniz necə olub?

- Mən əslən Gürcüstandanam, amma Bakıda doğulmuşam. Bakıda orta məktəbdə oxuyanda günlərin bir günü məşqçi Ələkbər Cəfərov kimin özünü futbolda sınamaq istədiyini soruşdu. Sinif yoldaşlarımdan iki nəfər ayağa qalxdı. Futbola böyük marağım olduğunu bilən həmin uşaqlar mənə dedilər ki, gəl, sən də özünü yoxla, axı sən məhəllə futbolunun ən yaxşısısan. Beləcə, mənim futbol həyatım başladı.

- Bir zamanlar futbol oynadığınız məhələ uşaqlarından indi tanınmışları varmı?

- Bəli, Anar Salmanov.

- Valideynləriniz kimlər olub?

- Atam Məsim kişi şifer zavodunda yeməkxana müdiri olub. Anam Tamella xanım isə həkim. Ailədə 3 uşaq olmuşuq. Məndən böyük iki qardaşım Poltexnik İnstitutunu bitirib. Ailəmizdə idmançı olmayıb.

- Bəlkə, siz evin ən kiçik, ərköyün uşağı olduğunuza görə deyiblər, qoy top dalınca qaçsın?

- Yox, mən belə deməzdim. Futbola olan marağım məni bu sahəyə gətirib. Hə, onu da deyim ki, atam futbol azarkeşi olub. Bu amil də mənim futbola bağlanmağımda mühüm rol oynayıb.

- Atanız hansı komandanın azarkeşi idi?

- Təbii ki, “Neftçi”nin.

- Bəs atanız oyunlarınızı mütəmadi izləyirdi?

- Özü də çox maraqla. Hətta atam bir qayda olaraq, mənim oyunumun keçiriləcəyi stadionlara komandamızdan əvvəl gələrdi. Özü də o, demək olar ki, mənim bütün oyunlarımı izləyərdi. Heyif ki, atamı 56 yaşında itirdim, yəni o, 2008-ci ildə dünyasını dəyişdi.

- Rəhmətlik atanız sizə futbolla bağlı hansı məsləhətlər verərdi?

- O həmişə belə deyərdi: “Bala, məşqlə kifayətlənmə, həmişə üzərində işlə”. Bu yerdə atamla bağlı günlərim düşdü: hər səhər, hər axşam onunla birgə qaçışa çıxardım.

- Bəs ananız buna necə reaksiya verirdi?

- Anam da atama irad tuturdu ki, uşaq yazıqdır, onu bu qədər yormaq olmaz.

- Onda belə çıxır ki, ikinci məşqçiniz atanız olub?

- Bəli, futbolçu kimi yetişməyimdə atamın böyük əməyi olub. Hətta deyərdim ki, “Bakı”da qazandığım uğurların memarı da o olub. Bəlkə də atam sağ olsaydı, mən “Bakı”nı “Neftçi”yə dəyişməzdim.

- “Bakı”nı niyə tərk etdiniz?

- Maliyyə məsələsi ilə bağlı.

- Sizə elə gəlmir ki, “Bakı”ya xəyanət eləmisiniz?

- Mən xəyanət deməzdim. Futbolda xəyanət başqa şeydir. Sadəcə, bu, professionallıqdan qaynaqlanan bir məsələ idi. Yeri gəlmişkən, bu gün də Bakının rəhbərliyi ilə əlaqələrim normaldır. Amma yenə deyirəm: “Bakı”nı tərk etməklə səhvə yol verdim”.

Haşiyə

- Divarı nəm yıxar, bəs baş məşqçini nə yıxar?

- Ardıcıl məğlubiyyətlər.

- El gözündən düşən boy atmaz, bəs məşqçi gözündən düşən futbolçu?

- Ümumiyyətlə, futbolçu çalışmalıdır ki, məşqçinin qara siyahısına düşməsin.

- Ət yeyən quş dimdiyindən bilinər, bəs yaxşı oyunçu?

- Sürətindən, texnikasından və ən əsası oyunu oxumağından.

- Hər kəsin bir dərdi var, dəyirmançının su dərdi. Bəs əvəzedici komandanın baş məşqçisinin nə dərdi var?

- Premyer Liqa dərdi.

- Hər saatın bir hökmü var, bəs hər saniyənin?

- Futbolda hər saniyənin öz hökmü var.

- İgid ləqəbi ilə tanınar, bəs Ramil nə ilə tanınar?

- Futbolçu səmimiyyəti ilə.

“Buna görə çox üzülürəm”

- Yenə qayıdaq peşəkar futbol tarixinizə. Hansı klublarda çıxış etmisiniz?

- İlk dəfə “Neftçi”nin əvəzedici heyətində meydana çıxmışam. Sonra bu klubun əsas komandasında oynadım. (Ümumiyyətlə, bir mövsüm (2008/2009 ) “Neftçi”də oynamışam). O zaman əsas komandada Tərlan Əhmədov, Yunis Hüseynov, Vidadi Rzayev, Samir Ələkbərov kimi futbolçular vardı. Yeri gəlmişkən, futbolçu kimi formalaşmağımda onların rolu olub. Sonra “Neftçi” rəhbərliyi məni indiki “İnter”də (o vaxt “Xəzər Universiteti” adlanırdı) çıxış etməyimi məsləhət gördü. Ondan sonra “Dinamo”ya (”Bakı”) gəldim. 5 ilə yaxın “Bakı”da oynadım. “Qəbələ”də isə futbolçu karyeramı başa vurdum. O zaman bu komandanın baş məşqçisi Toni Adams idi.

- Peşəkar futbol karyeranızda neçə qol vurmusunuz?

- Mən sol cinah müdafiəçisi olmuşam. Elə bu səbəbdən qol vurmaq şansım çox az olub, cəmi 4-5 qol vurmuşam.

- Neçə məşqçi ilə çalışmısınız, onlardan nələri əxz etmisiniz?

- Şahin Diniyevin məşq prosesi çox xoşuma gəlirdi. Ondan görüb-götürdüklərim çoxdur.

- Hansı komanda sizə doğma olub?

- “Bakı”.

- Yeri gəlmişkən, “Bakı”nın bugünkü vəziyyəti haqqında nə deyə bilərsiniz?

- Bəli, çox acınacaqlıdı. Bu hala görə çox üzülürəm. Bəzən “Bakı”nın bazasında məşqlər edirik. O bazaya indi girəndə adam ürək ağrısı çəkir.

- “Qəbələ”yə necə gəldiniz?

- Peşəkar futboldan 29 yaşımda ayrıldım. Bir il heç yerdə işləmədim. Sonra da “Qəbələ”yə dəvət olundum. Burada əvvəlcə U-12-lərlə məşğul oldum. Nə gizlədim, ilk günlərdə müəyyən çətinliklərlə üzləşdim. Hətta ilk həftəmdə dedim ki, yox, bu mənim işim deyil. Amma get-gedə mühitə uyğunlaşdım. Bu işdə mənə “Qəbələ” Futbol Akademiyası mənəvi dəstək verdi.

- Futbolçu karyeranızı niyə tez başa vurdunuz?

- Bəli, mən futboldan erkən ayrıldım. Bu da Bakıda yaşayan ailəmlə bağlı idi. Belə ki, hər dəfə Qəbələdən Bakıya gəlib-gedə bilmirdim. Bir sözlə, ailədən kənarda qala bilmədim.

Haşiyə

- İnək südünə görə mələr, bəs idmançı?

- Sürətinə, texnikasına görə.

- İş adamın cövhəridir, bəs futbol?

- Həm cövhərdir, həm də sağlamlıq.

- Hər kəs öz evinin nökəridir. Bəs baş məşqçi komandanın nəyidir?

- Komandanın hər şeyi.

- Molla halvanı gördü, yasini unutdu. Bəs, baş məşqçi qolu görəndə nəyi unudur?

- Hər şeyi.

- Yaxşı ovçunun toruna ov öz ayağı ilə gələr. Bəs yaxşı məşqçinin yanına futbolçu necə gələr?

- İnamla.

- Hər gözəlin bir eybi var. Bəs, sizin əvəzedici komandanın nə eybi var?

- Məncə, bizim eybimiz yoxdur.

- Quşun bəzəyi lələk, insanın bəzəyi bilik. Bəs, “Qəbələ”nin əvəzedici komandasının bəzəyi nədir?

- Qazandığı qızıl medalı.

- Torpaq deyər sən mənə tər ver, mən sənə zər verim. Bəs klub prezidenti nə deyər?

- Klub prezidenti deyər ki, sən mənə nəticə ver, mən də sənə nə istəsən.

“Yol əhvalatı”

- Ramil bəy, ən çox xoşladığınız kino?

- “Bəxt üzüyü”.

- Başqa hansı film?

- Hə, bir də “Yol əhvalatı”.

- Elə isə indiyədək ən böyük itkiniz?

- Atam.

- Bəs başınıza qəribə yol əhvalatı gəlib?

- Günlərin bir günü Bakıdan Qəbələyə gedirdim, özüm də orada keçiriləcək iclasa tələsirdim. Ağsu ərazisində maşın sözümə baxmadı, yəni xarab oldu. Odur ki, maşınımı yolda qoyub başqa bir avtomillə Qəbələyə yollandım. Amma sonradan məlum olub ki, sən demə, maşınım xarab olmayıbmış. Sadəcə, benzini qurtarıbmış.

- Hansı komandaya azarkeşlik edirsiniz?

- “Barselona”ya, “Qarabağ”a. Amma bu gün mənim üçün ən üstün komanda “Qəbələ”dir.

- Hansı futbolçunu bəyənirsiz, ona azarkeşlik edirsiniz?

- Hazırda bütün dünya Messi və Ronaldodan danışır. Mən Messinin oyunundan zövq alıram.

- Təsəvvür edin: Azərbaycanın ən yaxşı futbolçularından ibarət bir stend hazırlanıb. Həmin stenddə birinci kimin şəkilinin olmasını istərdiniz?

- Təbii ki, Anatoli Banişevskinin.

- Bəs hazırda meydanda olanlardan kimin şəkilinin görmək istərdiniz?

- Rəşad Sadıqovun.

- Hansı oyun havası sümüyünüzə düşür?

- Sözün düzü, oynamağı sevmirəm. Bir dəfə oynamışam, o da öz toyumda.

- Yeri gəlmişkən, nə vaxt ailə qurmusunuz? Neçə övladınız var?

- 2007-ci ildə ailə qurmuşam. 3 (2 oğlum, bir qızım) övladım var. Oğlanlarım 8 və 7 yaşlarındadır, “Qəbələ” Futbol Akademiyasında məşq edirlər. Mənə elə gəlir ki, balaca oğlum yaxşı futbolçu ola bilər. Bu sözlərlə o biri oğlumun oyunundan gileylənmək istəmirəm. Belə deyim də, böyük oğlum Fərid futbola olan böyük istəyi, kiçik oğlum Cavid isə bu sahədə potensial imkanı ilə fərqlənir. Qızım hələ balacadır, 2 yaşı var.

- Müğənnilərdən kimi dinləyirsiniz?

- Ən çox Röyaya qulaq asıram.

- Bəs hansı mahnını zümzümə edirsiniz?

- “Sarı gəlin”i..

“Nə meydanda,

nə da adi həyatda ofsayta düşməmişəm”

- Hobbiniz nədir?

- Filmə baxmaq.

- Yorulanda hara üz tutursunuz?

- Evimə. Ailəmlə birgə olanda yorğunluğum çıxır.

- Hansı hakimin kartı sizi yandırıb?

- Heç bir hakimlə problemim olmayıb. Onların həmişə hörmətini saxlamağa çalışmışam. Onu da deyim ki, “Bakı” çempion olduğu il 3 sarı vərəqə almışdım.

- Bəs baş məşqçi olanda hansı hakim sizi yandırıb?

- Mən hakimlərin qərəzsiz səhvlərinə təbii baxıram. Unutmayaq ki, hər bir insan səhv edə bilər. Bir də siz mənə elə hakim göstərin ki, səhv etməsin. Yoxdur beləsi.

- Həyatda ofsyata çox düşmüsü- nüz?

- İndiyədək nə meydanda, nə da adi həyatda ofsayta düşməmişəm.

- Nədən müdafiə olunmusunuz?

- Pisliklərdən.

- Nə zaman hücuma keçirsiniz?

- Haqsızlığa qarşı mübarizədə özümü tam hazır hesab edəndə.

- Müdafiəçi cərimə meydançasında rəqib hücumçunu sevməz. Ümumiyyətlə, qonaqsevənsiniz?

- Əlbəttə.

- İndi məsləhət üçün kimlərin yanına qaçırsınız?

- Mənim bu gün ən böyük çətinliyim elə atamın həyatda olmamasıdır. Amma nə gizlədim, bu gün elə bir adam tanımıram ki, ondan məsləhət alım.

- Çoxlu pulunuz olsa, hara xərcləyərdiniz?

- Əlillərə, kimsəsizlərə kömək edərdim.

Hakimim özüməm

- Həyatda hakiminiz kimdir?

- Elə özüməm.

- Keçirdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Hər bir uğurlu işimə sevinirəm. Amma atamın dünyanı erkən tərk etməsinə üzülürəm.

- Futboldan başqa, özünüzü hansı sahədə daha yaxşı ifadə eləyə bilərdiniz?

- Bəlkə də restoran sahibi ola bilərdim.

- Həyatda sizə təklif olunan nədənsə imtina etmisiniz?

- Xeyr. Bir imtina etdiyim “Bakı”nın müqaviləsi olub.

- Ən çox nədən qorxmusunuz?

- Doğmalarımı itirməkdən.

- Həyatda sizin üçün bağışlanılmaz şey nədir?

- Dostlarımın məni arxadan vurması.

- Futbolçulardan ən çox kimlərlə oturub durursunuz?

- Futbolçuların hər biri ilə yaxşı münasibətimiz var. Mən Bakıya çox gəlib-getmədiyimə görə “Qəbələ”nin futbolçuları ilə daha çox ünsiyyətdə oluram.

- Ən yaxın dostunuz kimdir?

- “Bakı”nın yetirməsi və heyətində çıxış etmiş, məşqçisi olmuş İlyas Qurbanov. Bir də Ruslan Əliyev - sinif yoldaşım.

“Nəsə edə biləcək”

- Ramin bəy, siz milli komandanın da heyətinə cəlb olunmusunuz. Bu hansı məşqçinin dönəmində olub?

- Şahin Diniyevin vaxtında. Onu da deyim ki, millinin heyətində 16 oyuna çıxmışam. Mən Azərbaycanın U-21-də də oynamışam.

- Millidə ən yaddaqalan matç hansı olub?

- 2008-ci ildə Finlandiya yığması ilə keçirdiyimiz oyun. Həmin oyuda Emin İmaməliyevin vurduğu qolla 1:0 qalib gəlmişdik.

- Sizin Azərbaycan futboluna ümumi baxışınız necədir?

- Məncə, Premyer Liqanın oyunlarının səviyyəsində eniş var. Elə bil ki rəqabət yoxdur. Elə “Qarabağ”ın ardıcıl 3-cü dəfə çempion olması da bundan xəbər verir.

- Sizcə, legioner məşqçilər Azərbaycan futboluna nə veriblər, yaxud nə verirlər?

- İndi onların sayı kəskin azalıb. Şübhəsiz ki, bu da klublarda yaşanan maliyyə çətinlikləri ilə bağlıdır.

- Sizə elə gəlmirmi ki, legionerlər şirəyə gəlirlərmiş?

- Təbii ki, onlar da böyük məbləğ qarşılığında klublarımıza gəlirdilər. Onu da deyim ki, hansısa əcnəbi məşqçinin komandalarımızı çalışdırması futbolumuzun inkişafı demək deyil.

- Bu sözləri Qriqorçuka da həvalə etmək olarmı?

- Qriqorçuk “Qəbələ”də öz sözünü dedi də. İnşallah, yenə də deyər. “Qəbələ”nin Avroliqanın qrup oyunlarındakı çıxışı mən deyərdim ki, birbaşa onun adı ilə bağlıdır. Bunu kimsə dana bilməz.

- Bəs, sizcə legioner oyunçular nə verir futbolumuza?

- Mən səviyyəli legionerlərin komandalarımızda olmalarının tərəfdarıyam. Gənclərimiz onlardan çox şey öyrənirlər. Amma bəzən elə səviyyəsiz legionerlər gətirirlər ki... Ondansa elə öz futbolçularımız meydana çıxsalar, daha effektli olar.

- Torres, Hacıyevski, Foqts nə verdi və indi də Prosineçki Azərbaycan futboluna nə verir?

- Vallah, ümumilikdə bu suala cavab vermək bir qədər çətindir. Buna rəğmən, deyim ki, Torres, Hacıyevski, Foqtsun futbolumuza o qədər də faydaları olmadı. Amma mənə elə gəlir ki, Prosineçki nəsə edə biləcək.

Qvami Məhəbbətoğlu