cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

"Azərbaycan bayrağının 18 dəfə dalğalandırılması ölkəmizin təbliğatı baxımından mühüm hadisə idi"

24.08.2016 07:19 Oxundu 1724

Rio-de-Janeyro Olimpiadasında uğurla çıxış edən Azərbaycan yığması Vətənə dönüb. Medal sayında ölkəmizin yeni rekorduna imza atan olimpiyaçılarımız qəhrəman kimi qarşılanıblar. Belə ki, hava limanına gələn yüzlərlə insanın əllərində mükafatçılarımızın şəkilləri, onlarla bağlı şüarlar olub. Bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan, qarşılanma zamanı şən musiqilər səsləndirilməyib, yalnız hərbi musiqilər ifa edilib.

Qarşılanma mərasimində gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib ki, idmançılarımız Rio Olimpiadasında Azərbaycanın idman tarixinə yeni bir səhifə yazıblar. Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı və azarkeşləri sevindirəcəklər.

Nazir bildirib ki, 18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman dövləti olduğunu, idmançılarımızın bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşdığını nəzərə alsaq deyə bilərik ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib”. “Rio-2016”da Azərbaycan bayrağının 18 dəfə dalğalandırılması müstəqil ölkəmizin təbliğatı baxımından mühüm hadisə idi.

Qeyd edək ki, “Rio-2016” Olimpiya Oyunlarında Azərbaycan atletləri 18 medal qazanıblar. Azərbaycanın Olimpiya millisi medal sayı baxımından dünyada 207 ölkə arasında 15-ci, medalın keyfiyyəti baxımından isə 39-cu yerdə qərarlaşıb. Bu nailiyyətlə ölkəmiz Avropa dövlətləri arasında yeddinci, İslam dövlətləri arasında birinci, postsovet məkanında isə ikinci olub.

Olimpiyaçılarımız gül çələnglərinin əhatəsinə düşdükdən sonra onlar üçün ayrılan xüsusi avtobusa minərək, Heydər Əliyevin abidəsini ziyarət ediblər. İdmançılar burada abidə önünə əklil qoyaraq, mərhum prezidentə ehtiram bildiriblər. Ardından nümayəndə heyətimiz və digər medal qazanan idmançılarımız abidə önünə gül dəstələri düzüb və xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, olimpiyaçılarımız Londonda 18 medal qazanıblar. Bunlar 1 qızıl, 7 gümüş və 10 bürünc mükafat olub.