cümə axşamı, 25 aprel 2024

DİGƏR NÖVLƏR

Rioya 39 lisenziya verəcək yarış

15.06.2016 14:44 Oxundu 1055

Bunu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu deyib. O, iyunun 16-25-də Bakıda keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri ilə bağlı fikirlərini açıqlayıb. Və ölkəmizin bu yarışı yüksək səviyyədə təşkil edəcəyinə inam ifadə edib: “Bakı 2011-ci ildə dünya çempionatını möhtəşəm keçirdi. Bu onu göstərir ki, Azərbaycan növbəti irimiqyaslı yarışlara layiqdi. Bütün boksçulara və komandalara uğurlar arzulayırıq”.

Qeyd edək ki, Rioya 39 lisenziya verəcək yarışa 105 ölkənin idmançısı qatılacaq. İlkin siyahı ilə müqayisədə ölkələrin sayı artmasa da, boksçuların sayında dəyişiklik olub. Belə ki, millimizin 3 boksçusunun - Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədovun (81 kq) qatılacağı turnirə ümumilikdə 469 idmançı qatılacaq.

Bakıda olacaq kişi boksçuların mübarizəsində 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəki dərəcələrində ilk “beşlik”, 49 kq-da finalçılar, 91 kq və +91 kq çəki dərəcələrində isə çempion Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Millimiz 7 çəkidə bu hüquqa yiyələndiyindən turnirə 3 idmançı ilə qoşulacaq.