çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

"Nəticə qazanmaq istəyirik"

26.08.2016 08:21 Oxundu 1248

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Maribor” (Sloveniya) – “Qəbələ” qarşılaşmasından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Matça psixoloji, emosional hazırlıq baxımından böyük iş görmüşdük. İlk yarıda bu mənada hər şeyin alındığını deyə bilmərəm. Oyunçular bir az gərgin olduğundan bizə xas olmayan xətalar buraxırdıq. Fasilədə də bu emosional gərginliyi aradan qaldırmağa çalışdıq. Bu da bizə daha yaradıcı oynamaq, topa nəzarət imkanı verdi. Qarşılaşmanın sonunda emosiyalarımı saxlamağa, təmkinli olmağa çalışırdım. Oyunu diqqətlə izləyirdim ki, nəyi dəyişmək lazım olduğunu görüm. “Maribor”la qarşılaşmaya tam konsentrasiya olmuşduq. Matçın gedişində lazım olan müdaxiləni etməyə hazır idik. Ötən mövsümdə də, indi də yayda heyəti yeniləyib, oyun quruculuğu üzərində işləyib, nəticə də qazandıq. Bu iki komanda arasında fərq görmürəm, onları sevir, hörmət edirəm. Bu iki illə fəxr edir, oyunçularıma təşəkkür edirəm. Qarşıda bizi qrup mərhələsi gözləyir. Təkmilləşməkdə davam edəcək, inkişafa çalışacağıq. Nəticə qazanmaq istəyirik. Qrup mərhələsi üçün qlobal vəzifəmiz olmayacaq. Avropa Liqasında ilk oyunu gözləyirik. Bu görüşdə qalib gəlmək, yaxşı futbol göstərmək niyyətindəyik. Transfer pəncərəsinin sonuna qədər 5 gün vaxtımız var. Komandamıza bir hücumçu və bir universal oyunçu lazımdır. Filip Ozobiçin fərqlənməsinin qarşısının alınmasına gəlincə, qapı istiqamətində güclü zərbə endirilirsə və top kimdənsə dönürsə, bunu birinin bəxtinin gətirməsi, digərində isə gətirməməsi ilə izah etmək olar”.

“Qırmızı-qaralar”ın gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri də matç haqda fikirlərini açıqlayıb:
“Oyun gözlədiyimiz kimi çətin alındı. Çünki “Maribor” çox savadlı, yaxşı təlim keçmiş komandadır. Onların vacib beynəlxalq qarşılaşmalarda böyük təcrübəsi var. Bilirdik ki, onlar belə güclü oynayacaq və buna hazır idik. Amma qarşılaşmanın sonluğu çox çətin alındı. Buna səbəb azlıqda qalmağımız idi. Matçın sonunadək mübarizə apardıq. Bütün komandaya, Teo Uiksə görə meydan sahiblərinin təzyiqinə davam gətirdik və xeyrimizə olan nəticəni qoruya bildik. Azlıqda qalandan sonra da bir-birimizi ruhlandırırdıq. Meydanda daha çox hərəkət etməyə, mübarizə aparmağa da hazır idik ki, rəqibin say üstünlüyü hiss olunmasın. Həmin anlarda da mərhələ keçəcəyimizə inanırdıq. Çünki baş məşqçimiz bizə hər vəziyyətdə necə mübarizə aparmalı olmaqla bağlı tapşırıqlarını vermişdi. Hər duruma hazır idik. Hətta azlıqda qalacağımız halda da nə edəcəyimizi bilirdik. Çox sevinirəm ki, qrup mərhələsinə vəsiqə qazandıq. “Qəbələ” ardıcıl ikinci dəfə bunu bacardı ki, belə nəticə də böyük nailiyyətdir. Sabahkı püşkü gözləyirik. Rəqiblərimizin kimliyi bilinəcək. Qrupda itiriləsi bir şey yoxdur. Artıq öz işimizi gördük. Çalışacağıq ki, öz futbolumuzu oynayaq və qrupdan çıxmaq üçün də mübarizə aparaq. “Qarabağ”ı da qrupa düşməsi münasibətilə təbrik edirəm. İki komandanın ardıcıl iki il Avropa Liqasının qrupunda oynaması Azərbaycan futbolu üçün böyük uğurdur”.