çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Dünyanın məşhur futbol qapıçıları: Canluici Buffon (5)

26.08.2016 08:48 Oxundu 2039

Buffon özü isə Avopa çempionatının final oyunundan sonra demişdi: "Biz Avropa çempionu olmaq şansını finalda əlimizdən qaçırdıq. Amma finala kimi gedib çıxmağımız da böyük uğur idi. Final oyununda yığma komandamız ispaniyalı həmkarlarına uduzdu. Amma bu məğlubiyyətdə heç bir oyunçunu günahlandırmaq olmaz. Sadəcə, İspaniya yığma komandası, həqiqətən də, bizdən güclü idi. Bunu etiraf etmək lazımdır. Biz də əlimizdən gələni etdik, ancaq bundan artığına gücümüz çatmadı. Final oyununda bəxtgətirmə İspaniya yığmasının tərəfində idi. Komandamız əlverişli vəziyyətlərdən istifadə edə bilmədi,ispanlar isə bu dəfə qol şanslarını boşa vermədilər. Mən bu oyunda 4 dəfə topu tordan çıxarmalı odum. Ancaq qapıma vurulan qollar fantastik qollar idi və bunu milyonlarla tamaşaçı da, tanınmış futbol mütəxəssisləri də təsdiq edirlər".

"Buffon qapının Pelesidir"

Yeri gəlmişkən onu da xatırladaq ki, Avropa çempionatının finalına gedən yolda İtaliya yığma komandası dörddəbir final oyununda İngiltərəni, yarımfinalda isə güclü Almaniya yığmasını mübarizəni dayandırmağa məcbur etmişdi. İtaliya yığma komandası İngiltərə üzərində 11 metrlik zərbə ilə qələbə qazanmışdı. Almaniya yığması ilə oyunda isə İtaliya komandası 2:1 hesabı ilə rəqibindən üstün olmuşdu. 2012-ci il Avropa çempionatının simvolik yığma komandası müəyyən edilərkən Buffonun adı birinci yerdə olmuşdu. O bu siyahıda məşhur qapıçılar Kasilyas və Noyeri özündə geridə buraxmışdı.

Əlbəttə, Buffonun qapıçılıq istedadı tükənməz də deyildi və o təbii ki, bütün oyunlarda eyni səviyyədə çıxış edə bilmirdi. Buffonun da durğunluq dövrünü yaşadığı hallar bəzən aydın nəzərə çarpırdı. Bununla belə, Buffonun yüksək ustalığı və qapıçılıq məharəti hər halda beynəlxalq aləmdə tanınmış futbol mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilirdi. O vaxt məşhur futbolçu Pele Buffonun oyunu haqqında belə demişdi: "Buffon bu günə kimi gördüyüm qapıçılar arasında ən yaxşılarından biridir. Onun oyununa heyran olmamaq olmur. Buffon ola bilsin ki, bir oyunda iki və ya daha çox qol buraxsın, amma ola bilsin ki, heç qol da buraxmasın. Bütün hallarda o, qol olduğu şübhə doğurmayan topları belə yüksək ustalıq nümayiş etdirərək tuta bilir. Buffon nadir hallarda səhv edən qapıçılardandır və bunu etiraf etmək lazımdır. İtaliya yığması çox oyunlarda qələbəsi üçün Buffona minnətdar olmalıdır. Əgər mən uzun illər boyu hücumunun Pelesi olmuşamsa, Buffon qapının Pelesidir".

5 oyunda 10 top

Bilmirəm, Buffonun 2013-cü ildə konfedrasiya kuboku uğrunda keçirilən turnirdə italiya yığma komandasının qapısını qoruması barədə nə yazılıb, o tənqid edilib, edilməyib... Hər halda mən internetdən 2013-cü il Konfedrasiya kuboku uğrunda keçirilən turnirdə Buffonun qapısını necə qoruması barədə heç bir məlumat tapa bilmədim, ancaq ortada acı bir fakt var. Buffon öz karyerası ərzində ilk dəfə İtaliya yığma komandasının heyətində keçirdiyi 5 oyunda öz qapısından 10 top buraxıb. Orta hesabla Buffon hər oyunda öz qapısından bu turnirdə iki top buraxıb.

Başıaşağı vətənə dönməyə məcbur oldu

2014-cü ildə Brazliliyada keçirilən futbol üzrə dünya çempionatında İtaliya-İngiltərə görüşündə Buffon zədə ucbatından ilk oyununu buraxmağa məcbur oldu. Onun yerinə qapıda Salvatore Siriqu dayandı. Bu oyunda italyanlar 2:1 hesabı ilə qələbə qazandılar. Amma sonrakı oyunlarda Buffonun qapısını qoruduğu İtaliya yığma komandası uğursuzluğa düçar oldu. Belə ki, İtaliya yığma komandası əvvəlcə gözlənilmədən Kosta-Rikaya, sonra isə Uruqvaya 0:1 hesabı ilə məğlub oldu. Beləliklə, İtaliya yığma komandası öz qrupunda yalnız üçüncü yeri tutaraq dünya çempionatında mübarizəni vaxtından əvvəl dayandırdı və başıaşağı vətənə dönməyə məcbur oldu. Yenə də əlbəttə bu məğlubiyyətlə də Buffonu günahkar saymaq mümkün deyil. Belə ki, oyunu qapıçı Buffon deyil, hücumda və müdafiədə zəif oynayan İtaliya yığma komandası uduzdu. Buffon dünya çempionatında çıxdığı hər iki oyunda komandasının məğlub olmaması üçün əlindən gələni etdi, ancaq İtaliya yığma komandasının digər oyunçuları onlara olan ümidləri doğrultmadılar. Nəticədə dünya çempionatından dərhal sonra İtaliya yığma komandasının baş məşqçisi tutduğu vəzifəsindən istefa verməyə məcbur oldu.

Buffonun həyatından maraqlı anlar

Buffonun belə demək mümkünsə özünəməxsus şəxsi həyata malikdir. Onun həyat yoldaşı əslən çexiyalı, 1998-ci ildə Çexiyanın vitse miss gözəli seçilən Alyona Şeredovadır. Şeredovadan Buffonun Luis Tomas və Devid Li adlı iki övladı var. Birinci övladının adını Buffon məşhur kamerunlu qapıçı Tomasa Nkononun şərəfinə qoyub. Bu da onun futbola, məşhur simalara olan rəğbətindən irəli gəlir. Buffonun övladlarının gələcəkdə hansı peşənin sahibi olması ilə bağlı dedikləri də çox maraqlıdır. O, övladlarının hansı peşə seçməsinə mane olmayacağını söyləyib: "Əlbəttə, çox istəyərdim ki, övladlarım yolumu davam etdirsinlər. Ancaq onların hansı ixtisası seçməsinə mane olmayacağam. Çünki öz peşəsinin vurğunu olmadan onunla uğur qazana bilməzsən".

Buffon Pistoya şəhərində restoranı, həmçinin şəhər ətrafında "La romanina" adlı turist mərkəzi var.

"Buffon hər zaman bizim ürəyimizdədir"

"Sənin hərəkətlərin, sənin kim olmağının güzgüsüdür". Bu sözlərlə "Yuventus" komandası rəhbərliyi komanda aşağı dəstəyə göndərilərkən onu tərk etməyən Buffona öz təşəkkürünü bildirmişdi. Klub rəhbərliyi İtaliyanın tanınmış futbol nəşrləri olan "Tuttosport", "La Gazzetta dello Sport" və "Il Corriere dello Sport"un 3 səhifəsini alaraq orada bu sözləri yerləşdirmişdi: "Azarkeşlər və tərəfdaşlar Buffona təşəkkür edirlər. Buffon dünyanın bir saylı qapıçısı olaraq qalmaqda davam edir. Buffon hər zaman bizim ürəyimizdədir, onu hec vaxt unutmayacağıq."

Buffonun həyatındakı maraqlı məqamlardan biri də onun "Le partite non finiscono mai" (Matçlar heç zaman başa çatmır) proqramında şərhçi işləməsidir. 2008-ci ildə jurnalist Roberto Perronenin Buffon haqqında yazdığı "1 nomrə adlı" kitab çapdan çıxıb.

"Mən faşist deyiləm"

2000-2001-ci illərdə Buffon "Parma"da oynayarkən 88 nömrəli forma altında meydana çıxmışdı. Buna görə Buffona 88 nömrənin "Hitlerə eşq olsun" (Hayl Hitler) simvolik mənası daşıdığını bldirərək ona qarş faşist təbliğatı aparmaq adı altında böhtanlar yağdırmağa başladılar. Buffon isə buna cavab olaraq bildirdi ki, onun ümumiyyətlə 88 nömrənin simvolik baxımdan "Hayl Hitler" anlamına gəlməsindən xəbəri yoxdur. O bununla bağlı mətbuata verdiyi açıqlamasında belə demişdi: "Məndən əl çəkin. Mən faşist deyiləm. 88 nömrə altında çıxış etməyim vaxtı ilə bu nömrə altında oynayan, ancaq zədə nəticəsində karyerasını yarımçıq qoymağa məcbur olan Erik Lindrosu dəstəklməyimlə bağlıdır. Buna görə mənə böhtan atanlar vaxt gələcək vicdanları qarşısıında (əgər vicdanları varsa) cavab verəcəklər".

Amma o özünə qarşı böhtanların davam etdiyini görüb bu dəfə 77 nömrəli mayka ilə meydana çıxdı.

Lakin yenə də Buffonun başı qalmaqaldan qurtarmadı. O, meydana üzərində "Qatil odur ki, o güzəştə gedir" sözləri yazılan mayka ilə çıxdı. Bu dəfə də faşizmin yenidən dirçəldilməsinə xidmət edən ultrasağ dəstələri dəstəkləməkdə günahlandırmağa başladılar. Buna bir səbəb də vaxtı ilə Benite Mussolinin idarəçiliyi dövründə "Kim apardığı mübarizəsində geriyə addım atırsa, o qatildir" sözlərinin ölkədə geniş yayılmış şüarlardan biri olması idi. Bununla bağlı iş İtaliya Futbol Federasiyasının nizam-intizam komissiyasına kimi gedib çıxdı və məsələ ilə bağlı Buffondan izahat tələb etdilər. Buffon isə izahatında yazdı ki, o bu sözləri kollecdə təhsil alarkən hansısa masanın siyirtməsində görüb və onun faşizmlə bağlı olmasını bilməyib. Məsələnin ciddiləşdiyini və özünün bir neçə illiyə diskvalifikasiya olması təhlükəsini görən Buffon güzəştə getməyə və imicinə xələl gətirən sözlər kimi yozulan maykanı başqası ilə əvəz etməyə məcbur oldu. Buffon bu dəfə də adının yeni qalmaqalda hallandırılmasına təəccübünü ifadə edərək bundan narazı olduğunu dilə gətirdi. O, məsələ ilə bağlı yenidən yerli qəzetlərə açıqlama verməyə məcbur oldu. Buffon: "Hər dəfə hansısa uğur qazandığım zaman o saat haqqımda məni ləkələyə biləcək faktlar axtarırlar. Bunun arxasında məni hörmətdən salmaq, oynamaq həvəsimi azaltmaq niyyətləri dayanır. Belə hesab edirəm ki, qapıçılıq uğurlarım gözləri götürməyənlərimin yuxularını qaçırıb. Amma onlar böhtanlar atmaqla məni yolumdan döndərə, karyeramda qazandığım uğurlarıma mane ola bilməyəcəklər. Mən hamı kimi adi insanam, təbii müxtəlif maraqlarım, hobbilərim ola bilər, ancaq bu o demək deyil ki, kimlərsə bundan istifadə edərək məni ləkələməyə cəhd etsinlər. Həyatım boyu heç vaxt özümə və ətrafımdakı insanlara xələl gətirə biləcək hərəkətlərə yol vermədim, çirkin niyyətlərdən uzaq oldum. Ona görə də mən kimlərinsə ünvanıma böhtanalr yağdırmasına baxmayaraq qürurla təkrar edirəm: "Mən Buffonam, milyonlar azarkeşin Buffonu. Milyonların sevimlisi isə heç vaxt şərəfinə xələl gətirə biləcək addımlar atmaz,"- demişdi.

Saxta diplom qalmaqalı

2004-cü ildə Buffonun adı daha bir qalmaqalda hallandırıldı. O, saxta diplom almaqda günahlandırıldı. Araşdırmalar zamanı məlum oldu ki, Buffon nəinki ali məktəbdə oxuyub, o hətta orta təhsil belə almayıb. Amma buna görə Buffon yüngül cəza almaqla canını xilas edə bildi.

Əslində Buffonun orta məktəbi başa vura bilməməsinə bir səbəb onun futbolla məşğul olmağa başlayandan sonra dərslərə müntəzəm olaraq getməyə vaxtının olmaması ilə bağlı idi. O dövrdə çox da imkanlı olmayan bir ailədə anadan olan Buffon futbolun ona daha çox pul gətirdiyini görərək həyatını bu sevimli işinə həsr etdi. Sonralar o bununla bağlı demişdi ki, pul əl çirkidir desələr də, o, çox dərdlərin dərmanıdır. Pulun olmasa həyatın boyu zillətdə və kasıblıq məngənəsində boğulmağa məhkumsan. Buffonun bu açıqlaması göstərir ki, o özünün maddi cəhətdən daha yaxşı yaşamasını təmin etmək üçün məktəbi karyerasına qurban vermişdi. Buna bir səbəb də Buffonun futbolu çox sevməsi bu sahədə bacarığını ortaya qoya bilməsi ilə bağlı idi. Bununla belə Buffon ali təhsil ala bilməməyin yanğısını da yaşamaqda idi. Ola bilsin ki, o buna görə qeyri-qanuni yolla ali məktəbi bitirmək barədə diplom almaqla oxumaq yanğısını, yarımçıq qalmış arzularını nisbətən kompensassiya etmək istəmişdi...

Buffon karyerası dövründə xeyriyyəçiliklə də məşğul olub. O, Keniyada iki su quyusu qazdıraraq suya ehtiyacı olan insanlara yardım edib. Bundan əlavə o reabilitasiya mərkəzində imkansızlara maliyyə yardımı göstərib, onların müalicə xərclərini ödəyib.

Əziz Mustafa