cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Arzuladığı zirvəni fəth edə bilməyən “françeze” - Mişel Platini

22.06.2016 10:47 Oxundu 449

Gənc nəsil Mişel Platinini sabiq UEFA prezidenti və adı qalmaqallarda hallanmış futbol məmuru kimi tanıyır. Lakin adını çəkdiyimiz bu şəxs dünya futbol tarixinin unudulmaz futbolçularından biri olub. Zinəddin Zidandan öncə Fransa futbolunun ən parlaq siması olmuş Platini karyerası ərzində bir çox titullar qazanıb, 3 dəfə “Qızıl top”un qalibi olub. Yaxşısı budur, bu günlərdə 61 yaşı tamam olacaq Platinini daha yaxından tanıyaq.

Mişel Platini 21 iyun 1955-ci ildə Fransada yaşayan italyan immiqrantlarından birinin ailəsində 2-ci uşaq olaraq dünyaya gəlib. Onun atası kafe sahibi olub. Mişel uşaqlığında valideynlərinə kömək edər, boş vaxtlarında isə məhəllə yoldaşları ilə arxa küçədə futbol oynayarmış. Balaca Mişel qısaboylu olduğundan yoldaşları onu “cırtdan” adlandırırdılar. Lakin o heç vaxt boyunun qısa olmasından şikayətlənmirdi. Futbola gəldikdə isə Mişel texniki göstəricilərinə görə dostlarının hamısından üstün olub. Məhz bu xüsusiyyətilə diqqətləri cəlb edən Platininin ilk klubu “Jef” olub. Klub daxilindəki çoxsaylı istedadlı yeniyetmələrin içində özünəməxsusluğu və xarakteri ilə seçilən Mişel oradan “Nansi”yə transfer olunub. Mişel aktiv futbol həyatına bu klubda başladığına inansa da, ilk iki mövsümünü ehtiyat oyunçular skamyasında oturmaqla keçirib. Bu dövr ərzində o, cəmi 6 qol vura bilib. 1974-75-ci il mövsümündə məşqçilərinin rəğbətini və komanda yoldaşlarının güvənini qazanan Platini əsas heyətə düşməkdə çətinlik çəkməyib və nəticədə aktivinə 17 top yazdırıb. Bu mövsüm həm də Platininin zəngin karyerasının məhsuldar başlanğıcı olub. Belə ki, o, 1975-76-cı il mövsümündə vurduğu qolların sayını 25-ə çatdırmağa müvəffəq olub.

Yarımfinaldakı “sürpriz”

1978-ci ildə Platini ilk dəfə Fransa yığması ilə dünya çempionatında iştirak edib. Argentinada yerli yığma və İtaliyaya qarşı matçlarda məğlub olan fransızlar burada təcrübəsizliyin qurbanı oldular.

”Nansi”də daha 2 mövsümü uğurla başa vuran Platini artıq qarşısıalınmaz bir yüksəlişə keçmişdi. Odur ki, “Nansi” Platinin tələblərinə cavab verə bilmirdi. Yeni-yeni nailiyyətlər əldə etmək üçün daha böyük stimulların axtarışına çıxan Platini çarəni Fransanın köklü klublarından biri “Sent-Etyenn”ə keçməkdə görüb. 1979-cu ildə baş tutan keçiddən sonra Mişel özü üzərində işləyərək bəzi texniki göstəricilərini inkişaf etdirib. Belə ki, intensiv məşqlərdən sonra cərimə zərbələrinin mahir ifaçısına çevrilən futbolçu 3 mövsümdə 60 qol vurub. Bunun nəticəsi idi ki, Platini “yaşıllar” adlandırılan “Sent-Etyenn”lə 1981-ci ildə ölkə çempionu adını qazanıb. Artıq öz ölkəsində əldə edə biləcəyi ən böyük ünvanı qazanan Platininin könlünə xaricdə oynamaq düşüb. Çoxdandır ki, “Real”, “Arsenal” və “Yuventus” kimi Avropa nəhənglərinin transfer siyahısına başçılıq edən futbolçu edilən təkliflərə laqeyd qala bilməzdi. Nəhənglərin Mişeli heyətlərinə daxil edə bilmək uğrunda mübarizələri DÇ-1982-in startından az əvvəl “Yuventus”un qələbəsi ilə başa çatıb. 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında Mişel Platininin vətəni Fransanın yığması mundiala uğurla başlayır. Yarımfinala qədər yüksələ bilən Fransa burada “sürpriz”lə üzləşir. Belə ki, yarımfinalda AFR-lə qarşılaşan “üçrənglilər” almanlara uduzurlar. 3:3 hesabı ilə sona çatan qarşılaşmanın taleyini həll edən penalti vuruşlarından birini Platini qola çevirir. Lakin onun komanda yoldaşlarının qeyri-dəqiqliyi Fransanı finala çıxmaq hüququndan məhrum edir. Beləliklə, 3-cülük uğrunda Polşa yığması ilə qarşılaşan fransızlar bu oyundan da məğlub ayrılırlar - 2:3.

Mişel “qızıl top”la

mükafatlandırılır

Milli komandadakı bu uğursuzluq Mişel Platiniyə mənfi təsir etməməli idi. Çünki onu A seriyasında məsul görüşlər və çətin bir karyera gözləyirdi. “Yuventus”da ilk addımlarını atan Platininin A seriyasına uyğunlaşması vətənindəki kimi asan alınmır. “Tiffozi” “Yuventus”a yeni qatılmış “françeze”dən çox şey gözləyirdi. Bəli, italyan azarkeşlər fransız futbolçunu məhz belə adlandırırdılar. İlk bir neçə ayda Apennin yarımadası Platini üçün çox cansıxıcı və qəribə görünür. Burada hər bir şey onun üçün qeyri-adi idi: “Fransa çempionatındakı oyunlarda çox az yorulurdum. Burada isə oyundan sonra çox yoruluram, demək olar ki, dizlərimdə taqət qalmır”. Lakin bütün dərdlərin dərmanı olan zaman Platini üçün də keçir. Yeni atmosferə və komandaya uyğunlaşmağa yavaş-yavaş başlayan Platini bu arada özünə ən çox lazım olacaq şeyi - “tiffozi”nin məhəbbətini də qazanır. Torino derbisində Platininin “Torino”ya vurduğu qələbə qolu isə onun İtaliyada keçirdiyi stressli həyata birdəfəlik son qoyur. Artıq “tiffozi” “françeze”ni normal bir “italiano” kimi sevir.

1983-cü ildə Platinili “Yuve” İtaliya Kubokunu qazandıqdan sonra Çempionlar Kubokunda da finalçı olur. Finalda Almaniyanın “Hamburq” komandası ilə qarşılaşan “qoca sinyora” meydançadan boynu bükük ayrılır - 0:1. Buna baxmayaraq, Mişel həmin il “Frans futbol” jurnalı tərəfindən Avropanın ən yaxşı oyunçusu seçilərək “qızıl top”la mükafatlandırılır.

“Uçan holland”ın rekordunu da təkrarlayır

1984-cü il Platini üçün çox uğurlu keçir. Bu ildə klubu ilə “Skudetto”nu və Kuboklar Kubokunu qazanan “françeze” mövsüm ərzində 20 qol vurur. Həmin ildə Platini Fransa yığması ilə Avropa çempionatının qalibi olur. Qitələrarası kubok uğrunda yarışlarda isə “Yuventus” Platininin vurduğu 9 qolla turnirin qalibi adına layiq görülür. Beləliklə, 1984-cü il Platininin ən məhsuldar illərindəndir ki, o, 4 əlçatmaz titul qazanır.

”Yuventus” 1985-ci ildə finalda “Liverpul”u 1:0 hesabı ilə məğlub edərək özünün ən böyük arzusunu həyata keçirir. Belə ki, “Yuve” Çempionlar Kubokunun qalibi olur. Platini üçün yeganə qolu qeyd etdiyi bu görüş unudulmazdır. Çünki sözügedən matçda ingilis xuliqanlarının törətdikləri insidentdə 39 nəfər həlak olmuş və nəticədə ada klubları 5 illiyinə avrokuboklardan uzaqlaşdırılmışdılar.

1986-cı ildə 3-cü dəfə “qızıl top”a layiq görülmüş Mişel Platini beləliklə, “uçan holland” Yohan Kroyffun rekordunu da təkrarlayıb. Platini DÇ-1986-ya çempionluq ümidi ilə getmişdi. Fransa onun vurduğu qolla hətta 1/4 finalda Braziliyanı da arxada qoydu. Ancaq yarımfinal mərhələsində Almaniya ilə qarşılaşan “xoruzlar” 0:2 hesabı ilə məğlub oldular.

Hamı “Peleatini” deyə

müraciət edirdi

Karyerası boyunca arzuladığı zirvəni fəth edə bilməyən fransız Platini 1987-ci ildə peşəkar futbolla vidalaşmaq istədiyini açıqladı. “Yuventus”un prezidenti Canni Adani ona şəxsən müqavilə təklif etsə də, futbolçu qərarından dönmədi. FİFA tərəfindən Platiniyə yubiley matçı tərtibləndi. Yubileyə Pele də qatılmışdı. Ən böyük arzusuna çatmadan futbolu tərk edən Mişelə isə o gün hamı “Peleatini” deyə müraciət edirdi.

Platini futboldan tamamilə uzaqlaşmadı. 1991-ci ildə o, Fransa yığmasının texniki rəhbərliyi postunu ələ keçirdi. O dövrdə Fransa AÇ-nin seçmə mərhələsində keçirdiyi 8 görüşün sonunda maksimum nəticəni əldə etdi. Amma həlledici görüşdə Danimarkaya məğlub olan “üçrənglilər”in baş məşqçisi istefa verməli oldu. Bundan sonra işsiz qalan Mişel Platiniyə DÇ-1998-in təşkilat komissiyasında yer ayrıldı. Fransa yığması qazandığı mundial çempionluğunu gözəl təşkilatçılığından dolayı karyerası boyunca bu zirvənin arzusu ilə yaşayan Platiniyə hədiyyə etdi. 2007-ci ildə UEFA prezidenti seçilən və eyni zamanda FİFA-nın vitse-prezidenti vəzifəsini icra edən 61 yaşlı futbol adamı ötən ilin oktyabr ayında şok hadisə ilə üzləşdi. Belə ki, FİFA-nın Etika Komitəsi canlı yayım məsələsində qanunsuzluğa yol verdiyi üçün həm onu, həm də FİFA rəhbəri Zepp Blatteri 8 il müddətinə futboldan uzaqlaşdırdı. Bu isə əfsanəvi fransalının postundan ayrılması və sevimli peşəsindən uzaq düşməsinə səbəb oldu.

Mişel Platini

Doğum: 21.06.1955-ci il

Karyerası: “Jef” (Fransa) - 1996-72-ci illər. “Nansi” (Fransa) - 1972-79-cu illər . “Sent-Etyenn” (Fransa) - 1979-82-ci illər “Yuventus” (İtaliya) - 1982-87-ci illər.

Titulları:

Avropa çempionu - 1984-cü il

DÇ üçüncüsü - 1986-cı il

Çempionlar Kuboku - 1985-ci il

Kuboklar Kuboku - 1984-cü il

Avropa Superkuboku - 1984-cü il

Qitələrarası kubok - 1985-ci il

Fransa çempionu - 1981-ci il

Fransa Kuboku - 1978-ci il

İtaliya çempionu - 1984, 1986-cı illər

İtaliya Kuboku - 1983

“Qızıl top”un sahibi - 1983, 1984 və 1985-ci illərdə